NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Yeni geosiyasi vəziyyət: ordunun gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması

...

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra, xüsusilə Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, hərbi qüdrətin artırılması, müdafiə qabiliyyətinin gücləndirilməsi prosesi də yeni mərhələyə qədəm qoyub. Bu mənada, 2023-cü ilin sentyabrın 19-20-də müzəffər Ordumuzun həyata keçirdiyi antiterror tədbirləri də respublikamızın ordu quruculuğu istiqamətində qısa zamanda həyata keçirdiyi böyük işlərin nəticəsi idi. Hazırkı mürəkkəb geosiyasi vəziyyət, dünyada baş verən müharibələr, təbii ki, ölkəmizin xarici təhdidlərə qarşı həm hərbi, həm də ideoloji dayanıqlığını daha da artırmaq, sərhədlərin təhlükəsizliyinin təmini məqsədilə ordunun daha da qüdrətləndirilməsini şərtləndirir. Prezident İlham Əliyevin də dediyi kimi: “Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim Qələbəmizi şərtləndirdi”.
Bəli, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü, hərbi sənayemizin müasir inkişafını göstərən mühüm faktorlardır. Bu güc, qüdrət, inkişaf sayəsində otuzillik erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik. Son 5 ildə dövlət büdcəsindən əsas xərclərin məhz hərbi sahəyə, müdafiə qabiliyyətinin artırılmasına yönəldilməsi də dövlətimizin postmüharibə dönəmində qələbə eyforiyasına qapılmadan, üstünlüyü əldən verməmək üçün ordu quruculuğunu prioritet məsələ hesab etdiyinin mühüm göstəricisidir. Bu sayədə yeni silahlar və texnika ilə təchiz edilmiş ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artırılıb, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə çoxaldılıb, minlərlə əsgər və zabitdən ibarət yeni Komando Qüvvələri yaradılıb. Dünyanın hərbi gücünə görə sayılıb-seçilən Pakistan, Türkiyə, İsrail, BƏƏ, Çin kimi ölkələri ilə imzalanan hərbi kontraktlar, keçirilən birgə təlimlər Silahlı Qüvvələrimizin döyüş bacarığının yüksəldilməsinə, eləcə də hərbi arsenalımızın müasir silah və texnika ilə təminatına imkan verir. 
Müharibədən sonra hərbi gücümüzün artırılmasını həm də Bakıda, Xankəndidə keçirilən möhtəşəm paradlar da təsdiqləyir. Ötən il zəfərin 5-ci ildönümü münasibətilə Bakıda keçirilən parad Azərbaycanın hərbi təchizat xəritəsinin daha da genişləndiyini göstərdi. Paradda ilk dəfə nümayiş etdirilən silahlar, eləcə də yeni alınan texnikalar həm də ölkəmizin bir mənbədən asılı olmadığını sübut etdi. Bəli, Azərbaycan bu gün 10-dan artıq ölkədən silah və texnika alır. Həmin silah və texnikalar sırasında İsrail istehsalı olan PULS modul reaktiv artilleriya sistemi və ona inteqrasiya edilən “Predator Hawk” raketlərini,  “IceBreaker” əməliyyat-taktiki raketlərini, Türkiyədən alınan TRLG-230 və TRG-300 kimi yerüstü dəqiq atəş sistemlərini, “Bayraktar TB2” və daha ağır sinif “Akıncı” PUA-ları, Çindən alınan HQ-9BE 
(FD-2000B) uzunmənzilli zenit-raket kompleksini, Pakistanla 2024-cü ildə əldə olunan razılaşmanın nəticəsi kimi silahlanmaya qəbul edilən  JF-17 Block III qırıcılarını və digərlərini göstərmək olar. 
Təqdirəlayiq haldır ki, ölkəmiz bu gün təkcə silah idxalını deyil, həm də milli təhlükəsizliyi gücləndirir, müdafiə sənayesinin inkişafını uğurla həyata keçirir. 2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8 milyard 717,6 milyon manatın ayrılması da dövlətimizin bu sahəyə verdiyi önəmdən irəli gəlir. Müstəqillik tarixində Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, təxminən, 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsalını reallaşdırması son dərəcə qürurverici haldır. Bu sahədə yerli şirkətlər qurulur, xarici tərəfdaşlarla əlaqələr genişləndirilir, ən müasir çağırışlara cavab verən texnologiyaların tətbiqi ilə istehsalın həcmi artırılır. Təsadüfi deyil ki, ötən il ölkəmiz 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib ki, bunların bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin arsenalına, bir hissəsi isə ixraca yönəldilib. Hazırda Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Qazanılan önəmli nailiyyətlərdən biri də dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaradılmasıdır ki, burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, həm də digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur. 
Ümumilikdə, bu tədbirləri həyata keçirməkdə əsas məqsəd daxili istehlakı daxili istehsalla maksimum təmin etmək, böyük sənaye sahəsi yaratmaq, müasir kadr potensialını formalaşdırmaqdır. Digər tərəfdən, yaxın gələcəkdə ixrac imkanlarını genişləndirərək müdafiə sənayesinə, eyni zamanda gəlir gətirən sahə kimi yanaşmaq əsas hədəflərdəndir. Nəzərə alsaq ki, dünyada müharibələrin, münaqişələrin sayı durmadan artır və bu da, təbii ki, silah, texnika satışında qiymətlərin kəskin şəkildə artımına səbəb olur, o zaman respublikamızın bu addımı olduqca mütərəqqidir. Beləliklə, yaxın gələcəkdə Azərbaycan silah-sursat istehsalını gücləndirməklə ixrac imkanlarını genişləndirərək həm də yaxşı qazanc əldə edə bilər. Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də bu istiqamətdə hazırkı əsas məqsədin ixracı maksimum səviyyəyə yüksəldərək alternativ valyuta mənbəyi yaratmaq olduğunu vurğuladı: “Yenə də deyirəm, ilkin mərhələdə məqsəd ancaq idxaldan asılılığı azaltmaq idi. Bu gün isə biz buna, o cümlədən biznes istiqaməti kimi baxırıq. Çünki dünyada, əfsuslar olsun ki, müharibələrin sayı artır, hərbi təyinatlı məhsullara tələbat artır. Onların qiyməti kəskin artıb. İlk növbədə, sursatların qiyməti kəskin artıb. Ona görə bu bizim üçün alternativ valyuta mənbəyi ola bilər və qoyduğum qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır”.
Azərbaycanın Vətən müharibəsi də daxil olmaqla son 5 ildən artıq dövrdə əldə etdiyi bütün nailiy­yətlərin, uğurların təməlində, sözsüz ki, siyasi iradə, güclü iqtisadiyyat və qüdrətli ordu faktoru dayanır. Prezident İlham Əliyevin bu faktorlar üzərində həyata keçirdiyi siyasi xəttin mükəmməlliyi həm də onun strateji düşüncəyə və praqmatik məharətə əsaslanması ilə əlaqədardır. Başqa sözlə, ölkəmiz atdığı hər addımını təkcə bu gün üçün deyil, gələcək üçün də dəyərə çevirməyi hədəfləyir. Sabahı bu gün deyil, dünən düşünür və buna uyğun addımları da məhz dünən atır. Nəzərə alsaq ki, hazırda Cənubi Qafqazda sülh və əməkdaşlıq mühiti formalaşmaqdadır, eləcə də Zəngəzur dəhlizi reallaşacaq, o zaman bəzi Qərb dairələrinin qısqanc münasibətilə davamlı üzləşəcəyimiz qaçılmazdır. Belə olan halda ölkəmizin hərbi və müdafiə gücünün artırılmasının davamlı olaraq ön planda dayanmasını olduqca praqmatik yanaşma kimi dəyərləndirmək olar. Haqlı bir fikir formalaşıb ki, sülh istəyirsənsə, mütləq müharibəyə hazır olmalısan. Bəli, Cənubi Qafqazdakı son 5-6 illik geosiyasi mənzərə, bölgəyə dayanıqlı sülhü müharibə yolu ilə gətirməyi bacaran Azərbaycanın hərbi-siyasi məharəti timsalında bu fikrin nə dərəcədə doğru olduğunu görmək çətin deyil. Başqa sözlə, 8 noyabr olmasaydı, 8 avqust da, yəqin ki, olmayacaqdı. Prezident İlham Əliyevin dediyi kimi: “Həm Ermənistanla şərti sərhəddə, həm də Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə başqa tədbirlər görməyə məcbur olduq. Həm də bunu heç kimə və heç nəyə məhəl qoymayaraq etdik, çünki etməli olduğumuzu bilirdik. Əgər bunu etməsəydik, heç bir 8 avqust olmazdı. İndiyədək heç bir sülh də olmazdı və separatçılar bu günədək özlərini qorunmuş hiss edərək və Azərbaycan dövlətinə meydan oxuyaraq sərbəst hərəkət edərdilər”.

Nail ƏSGƏROV
 

Nəşr edilib : 19.05.2026 14:58