Azərbaycan, Serbiya və Türkiyə arasında media sahə...
15:46 28.06.2025
0
0
0
NAXÇIVAN :
28 Iyun 2025, Şənbə
Bu yol haqqın, ədalətin təntənəsi simvolu olacaq..
Erməni işğalçılarına qarşı Böyük Zəfərimiz itməkdə olan inamımızı diriltdi, qürurumuzu qaytardı. Başımız uca, üzümüz ağ, alnımız açıq oldu. Cəmi 44 gün ərzində qəhrəmanlıq salnaməmizin ən parlaq səhifəsi yazıldı. Tarixin ən böyük ədalətsizliklərindən birinə son qoyuldu. Erməni qəsbkarlarının viran qoyduğu və 30 il tapdağında saxladığı Vətən torpaqlarımız azad edildi. Haqqın, ədalətin təntənəsi kimi üçrəngli bayrağımız Qarabağımızda, erməni vandalizminin xarabazarlığa çevrildiyi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Ağdam, Kəlbəcər rayonlarında dalğalandı. Xarıbülbül Zəfər rəmzi kimi yenidən pöhrələdi, çiçək açdı. Azad səmamızda milli muğamımız mədəniyyət beşiyimiz Şuşa dağlarında əks-səda verdi.
Böyük Zəfərin qısa zaman kəsimində, həm də mürəkkəb relyef şəraitində qazanılması, ilk növbədə, dövlətimizin iqtisadi qüdrətinin, siyasi gücünün, milli-mənəvi qüdrətinin, xalqımızın sarsılmaz, monolit birliyinin, Azərbaycançılıq məfkurəsindən qaynaqlanan vətənpərvərlik ruhunun göstəricisi idi. Təbii ki, bu, Ali Baş Komandanımızın mahir sərkərdə qətiyyəti, şəhidlərimizin, qazilərimizin şücaəti, onların Vətənə, yurda sevgisi, torpağa övlad məhəbbətinin böyüklüyünün təcəssümü olmaqla dünyanı heyrətdə qoydu. Hər bir azərbaycanlı üçün fəxarət, qürur, iftixar yaşadan, həm də odur ki, erməni faşizminin viran qoyduğu, çöl-biyabana çevirdiyi yurdlarımız eyni əzmlə, vətəndaş qayəsi ilə daha sivil, müasir arxitektura və memarlıq üslubunda yenidən qurulur, abadlaşır, cənnətməkan mahallara çevrilir.
Bəli, öz külündən doğulan Simurq quşu Oğuz yurdlarında həyat yenidən cana gəlir. İnkişafa, tərəqqiyə yol açan infrastruktur qurulur, mühüm sənaye mərkəzləri yaradılır, müasir şəhərsalma prinsipləri əsasında şəhərlər, qəsəbələr salınır, kəndlər inşa edilir, ictimai, mədəni, sosial obyektlər istifadəyə verilir, məşğulluq kimi vacib məsələlər həllini tapır. Qədim türk yurdlarında həyat qaynayır, yaşam ritmi öz axarına düşür. İllərdir, məcburi köçkün ağrı-acısı yaşayan yurddaşlarımız Böyük Qayıdış marafonu axarında sevinclə, qürurla doğma yerlərinə qayıdır, evlərinin işığını yandırırlar.
Böyük Zəfərin gətirdiyi bu möhtəşəmliyin səs-sədasından Qərbi Azərbaycan torpaqlarında uyuyan əcdadlarımızın, babalarımızın ruhları şadlanır. Yüz ildən artıqdır, Azərbaycanımızın əsas ərazisindən ayrı düşən qədim Naxçıvan torpağında da inam toxumları göyərib, blokadanın ağrılarından qurtarmaq ümidinin şöləsi alovlanır...
Təəssüf ki, 2020-ci il 10 noyabr tarixdə qəsbkar ermənilər məğlub olub imza atdığı kapitulyasiya aktının 9-cu bəndini yerinə yetirməkdən hələ ki, yayınmaqda davam edir. Öz ağalarının və bu bölgədə maraqları kəsişən dövlətlərin təhriki ilə Zəngəzur dəhlizinin açılması məsələsini müxtəlif bəhanələrlə uzadır. Halbuki Zəngəzur da qədim türk-Oğuz torpağıdır. Tarixin bütün dönəmlərində bu mahalda Oğuz türkləri yaşayıb.
Taleyimizin qara yazısı Türkmənçay müqaviləsi ilə parçalanan Azərbaycan torpaqlarına, o cümlədən Zəngəzura erməni ailələri köçürülüb və qarayaraya çevrilib, xalqımıza düşmən kəsiliblər.
Ötən əsrin əvvəllərində erməni düşmənçiliyi daha aqressiv müstəvidə davam etdirilib. Talançılıq, soyğunçuluq və qanlı qırğınlarla müşayiət olunub. Erməni silahlıları tərəfindən evlər dağıdılıb, yurdlar viran qoyulub, insanlar qətlə yetirilib. Tarixi faktlar da təsdiqləyir ki, o illərdə Zəngəzur bölgəsində 115 kənd yerləyeksan edilib, demək olar ki, bütün yaşayış məskənləri xaraba qoyulub, soydaşlarımız soyqırımına düçar edilib. Bu vəhşiliyin sonu isə böyük haqsızlıqla, tarixi ədalətsizliklə nəticələnib. Tarixən türk-Oğuz torpağı olan Qərbi Zəngəzur bolşevik havadarlarının təhriki ilə Ermənistana birləşdirilir. Sonrakı illərdə – sovet dönəmində də bu mahalda yaşayan soydaşlarımız sıxışdırılıb, repressiya, deportasiyalara məruz qoyulub, Zəngəzur açıq, gizli formada erməniləşdirilib.
Bu il yanvar ayının 7-də ölkə Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə də toxunaraq bildirdi: “...Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli, əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi. Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi”.
Beləcə, reallaşdı böyük güclərin məkrli siyasəti. Türk dövlətləri arasında yol bağı qırıldı. Böyük Turan gerçəkləşməsi Zəngəzurun itirilməsi ilə tilsimə salındı. Ən ağır zərbə parçalanmış Azərbaycana dəydi. Qədim Naxçıvan torpağı ayrı düşdü anamız Azərbaycandan. Obrazlı desək, türk-Oğuz ellərinin binəsi olan Zəngəzur xəncər kimi öz torpağımızın sinəsinə saplandı.
Türk dünyasının coğrafi baxımdan ayrı qalmasına yönələn bu ədalətsiz siyasətin qurbanı oldu Zəngəzur mahalı. Lakin gec və ya tez haqqın, ədalətin şər üzərində qələbəsi mütləqdir, həqiqət prizmasından baxsaq, deyə bilərik ki, zaman bu ədalətsizlik üzərində də haqqın təntənəsinə rəvac verəcək. Zəngəzur dəhlizi bütün maneələrə baxmayaraq, açılacaq. Artıq bu istiqamətdə mühüm taleyüklü tədbirlər görülür, əməli işlər gerçəkləşir. Bu yol təkcə Azərbaycanın Naxçıvanla körpü əlaqəsini gerçəkləşdirməyəcək, eyni zamanda Böyük Turan yolunun bir parçası kimi türk dövlətləri ilə əlaqələri də daha üst qata çıxaracaq. Zəngəzur dəhlizinin daha önəmli tərəfi isə onun Asiya ilə Avropanı birləşdirən mühüm tranzit yola çevrilməsi olacaq. Hələliksə, böyük güclərin, dövlətlərin maraq dairələrinin kəsişdiyi məsələyə dönüb Zəngəzur dəhlizi. Lakin bu və ya müəyyən səbəblərdən yubansa da, açılması həqiqəti gerçəkləşəcək. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də inamla vurğuladı: “... Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbr göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni onlar bütün bunları nəzərə almalıdırlar”.
Bəli, ölkə başçımız İlham Əliyevin təbirincə desək, Ermənistan dövləti istəsə də, istəməsə də Zəngəzur dəhlizi reallaşacaq. Çünki bu bizim tarixi təməl haqqımızdır. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının nəqliyyat kommunikasiya blokadasına salınması ədalətsizliyinə son qoyulmalıdır.
Ölkə Prezidenti bu il 5 mart tarixində Türkiyəyə işgüzar səfərində İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin Naxçıvanda enerji təhlükəsizliyinin təminindəki mühüm rolundan, həmçinin kəmərin beynəlxalq əhəmiyyətindən danışdı və Zəngəzur dəhlizi barədə də bəhs edərək dedi: “Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb.
Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir.
Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular”.
O dövrdə erməni quldurları Naxçıvan torpağına ayaq basmasa da, Zəngəzurdan keçən nəqliyyat kommunikasiyalarının kəsilmə səbəbindən Naxçıvan tam blokada məngənəsinə salındı. Bu haqsızlıq ucbatından ən ağır məşəqqətlər yaşadı naxçıvanlılar. “Dəmir yumruq” rəmzli Böyük Zəfərimizin bəhrəsi olan Zəngəzur dəhlizi, nəhayət ki, bu ədalətsizliyə də son qoyacaq. Çox mühüm əhəmiyyətli bu geosiyasi, iqtisadi keçid təkcə regionun deyil, eləcə də dünya iqtisadiyyatının dinamik inkişafına təsir göstərəcək. Təbii ki, tranzit nəqliyyat yolu keçdiyi hər bir ölkədə, bölgədə, o cümlədən Ermənistanın özündə yerli inkişafa stimul verəcək. Mənfur niyyətləri səbəbindən regionda bütün qlobal layihələrdən kənarda qalan ölkənin iqtisadi geriliyinə, tənəzzülünə müsbət təsirini göstərəcək.
Milli, tarixi və gələcək maraqlara cavab verən son dərəcə perspektiv əhəmiyyətli bu layihə doğma Naxçıvanımızın inkişafında, tərəqqisində yeni üfüqlər açacaq. Muxtar respublika yüksəlişin uğurlu mərhələsinə qədəm qoyacaq, onun daxili iqtisadi potensialının ölkə iqtisadiyyatına daha sıx inteqrasiyasını təmin edəcək. Bu torpağın zəngin təbii resurslarından, tam mənada, səmərəli istifadəni artıracaq, sənayeləşməni sürətləndirəcək, yeni istehsal sahələrinin, sənaye zonalarının açılmasına, işsizliyin minimuma endirilməsinə rəvac verəcək. Naxçıvan sosial, mədəni, mənəvi yüksəliş tempini artıracaq. Bu, uzun illərdir, blokada məngənəsində sıxılan, çırpınan insanların maddi rifahının, yaşayış səviyyəsinin daha da yüksəlməsini təmin edəcək.
Beləcə, sarsılmaz inancımız, böyük inamımız, yaşıl ümidlərimiz işığında yol gedir Zəngəzura. Bu yol haqqın, ədalətin təntənəsinə çevriləcək. Azərbaycanı ayrılmaz parçası Naxçıvanla birləşdirəcək.
Yolumuzun işıqlı, aydın, abad və rəvan olması diləyi ilə.
Adilə SƏFƏROVA
Azərbaycanın Əməkdar mədəniyyət işçisi
Digər xəbərlər