Sabah bəzi yerlərdə yağış yağacaq
12:52 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Bəşər tarixində elə yollar vardır ki, onlar yalnız məkanları deyil, könülləri, mədəniyyətləri və taleləri bir-birinə bağlayır. Belə yollar əsrlərin sınağından keçərək xalqların yaddaşında yaşayır, onların mənəvi varlığına çevrilir. Zəngəzur yolu da məhz bu qəbildən olan müqəddəs və tarixi yollar sırasındadır.
Bu yol əsrlərboyu ticarət karvanlarının, elm və mədəniyyət daşıyıcılarının, dostluq və qardaşlıq münasibətlərinin keçdiyi mühüm bir məkan olmuşdur. Buradan keçən hər yolçu öz arzularını, dualarını və ümidlərini bu torpağın yaddaşına həkk etmişdir. Tarixin müxtəlif dövrlərində baş vermiş mürəkkəb hadisələr, siyasi dəyişikliklər və sərhəd ayrılıqları bu yolun əhəmiyyətini azaltmamış, əksinə, onun mənəvi dəyərini daha da artırmışdır.
Mayın 4-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən “Zəngəzur yolu: tarixin izi ilə” beynəlxalq konfransı həmin həqiqətlərin yenidən dərk olunması baxımından mühüm əhəmiyyət daşıyır. Qardaş Türkiyə Respublikasının Qars və İğdır vilayətlərindən, dost və strateji tərəfdaş olan Gürcüstanda azərbaycanlıların yaşadığı müxtəlif bölgələrdən, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətlərinin iştirakı ilə keçirilən bu mötəbər tədbir ortaq tariximizin, mədəni bağlarımızın və mənəvi dəyərlərimizin müzakirəsi üçün əlamətdar platformaya çevrilmişdir.
Konfrans bir daha göstərdi ki, Zəngəzur yolu yalnız nəqliyyat marşrutu deyil. O həm də xalqları yaxınlaşdıran, mədəniyyətləri birləşdirən, qarşılıqlı anlaşma və sülhə xidmət edən mənəvi körpüdür. Tarixi yollar bəzən bağlana bilər, lakin xalqlar arasında qardaşlıq və etimad yollarını bağlamaq mümkün deyil. Bu mənada, Zəngəzur yolu yalnız bir layihə deyil, yaddaşımızın davamı, kimliyimizin ifadəsi və region tarixində yeni mərhələnin başlanğıcıdır.
Naxçıvan torpağının belə bir tədbirə ev sahibliyi etməsi isə xüsusi rəmzi məna daşıyır. Qədim tarixə, zəngin dövlətçilik ənənələrinə və yüksək mənəvi dəyərlərə malik olan bu diyar əsrlərboyu milli kimliyimizin qorunduğu mühüm mərkəzlərdən biri olmuşdur. Bu gün də Naxçıvan öz tarixi missiyasını davam etdirərək birliyin, həmrəyliyin və milli yaddaşın yaşadıldığı məkan kimi ön sıradadır.
Din hər zaman insanları sülhə, ədalətə, qarşılıqlı hörmətə və mərhəmətə çağırmışdır. Bu baxımdan, konfrans çərçivəsində səslənən fikirlər də bir daha təsdiq etdi ki, regionda sabitliyin və rifahın təmin olunması yalnız siyasi deyil, həm də mənəvi həmrəylikdən keçir. Xalqların bir-birinin tarixinə, inancına və dəyərlərinə ehtiramla yanaşması davamlı inkişafın əsas şərtlərindəndir.
Xüsusilə gənc nəslin tarixi həqiqətləri öyrənməsi, milli-mənəvi dəyərlərimizə sahib çıxması, ortaq keçmişimizdən düzgün nəticələr çıxarması bu günün ən mühüm vəzifələrindəndir. Çünki yaddaşını qoruyan xalq gələcəyini də inamla qurur.
Zəngəzur yolu bu gün yenidən tarixdən gələcəyə uzanan bir ümid xətti kimi dəyərləndirilir. Bu yol yalnız torpaq üzərində çəkilən xətt deyil, o, yaddaşlarda yaşayan həqiqət, könüllərdə yaşanan birlik və gələcəyə aparan mənəvi çağırışdır.
Uca Yaradan xalqımıza birliyimizi möhkəmləndirməyi, bölgəmizə sülh və əmin-amanlıq bəxş etməyi nəsib etsin. Tarixi yollarımız açıq, qardaşlıq bağlarımız daim möhkəm olsun.
Əli ORUCOV
Naxçıvan Muxtar Respublikası
Qazısı yanında Şuranın sədri
Digər xəbərlər