Burada gələcəyin Arximedləri, Pifaqorları, Nyutonları yetişir

Bura elmin işığı ilə nura boyanmış bilik məbədidir. Burada hər səhər Günəş yeniliyə can atan, qəlbi öyrənmək eşqiylə döyünən şagirdlərin gözlərində parlayan şəfəqlə doğur. Riyaziyyat, sadəcə, bir fənn deyil bu yerdə, məntiqin dili, düşüncənin açarıdır. Şagirdlər riyazi problemləri həll edərkən, əslində, dünyanı dərk edirlər. Hər bir düstur, hər bir isbat burada bir səyahətə çevrilir. Bir parabolanın qövsü kainatın sonsuzluğunu xatırladır, tənliklər zamanın axınını izah edir. Şagirdlər anladıqca, gördükcə, dərk etdikcə riyaziyyatın həyatın hər yerində olduğunu hiss edirlər – təbiətdə, musiqidə, incəsənətdə, hətta insan ruhunun dərinliklərində. Burada fizika elə bir sehrdir ki, onu anlayan üçün dünya daha anlaşıqlı görünür. Burada hər bir eksperiment yeni bir kəşfə açılan qapıdır. Arximedin qanunu suya düşən bir daşın izahından daha böyük məna ifadə edir, Nyutonun qanunu təkcə cisimlərin hərəkətini deyil, həyatın öz axarını anlamaq üçün bir açar rolunu oynayır. Bu liseydə şagirdlər, sadəcə, nəzəriyyə əzbərləmir, onlar elmi dərindən dərk edirlər. Suyun axınına baxanda hidrodinamikanın qanunlarını görür, göy üzünə baxanda Keplerin planet qanunlarını düşünürlər. Burada elm bir həyat tərzidir. Bəli, haqqında bəhs etdiyimiz təhsil ocağı Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydir. 10 il öncə Naxçıvanda ilk dəfə lisey kimi fəaliyyətə başlayan bu məktəbdə olarkən müəllim və şagird kollektivi ilə yaxından tanış olmaq, onlarla səmimi söhbət etmək imkanı qazandıq.
Müəllimlərlə görüşümüzdən sonra bir daha əmin olduq ki, bu şərəfli peşənin sahibləri şagirdlərə təkcə bilik vermir, həm də onlarda suallar yaratmağı bacarır. Çünki təhsil sual verməklə başlayır, hər böyük kəşf bir “Niyə?” sualından doğur. Buradakı müəllimlər də elmə sevgi aşılayır, şagirdlərin düşüncələrində bir işıq yandırırlar.
Belə müəllimlərdən biri də biologiya müəllimi, eyni zamanda liseyin təşkilatçısı Xanım Fərəcovadır. VI sinfi bitirib imtahandan uğurlu nəticə toplayaraq bu liseyə qəbul olunan şagirdlər ailələrindən uzaqda, yeni həyata alışmağa çalışdıqları dönəmdə doğma analarının şəfqətinin həsrətini çəkmirlər. Çünki Xanım müəllim onlara ana qədər qayğıkeş yanaşır, mehriban qucaq açır. Xanım müəllim deyir ki, onlar liseydə yatılı qaldıqları üçün onların hər addımının şahidiyik. Sevincli anlarının da, kədərli zamanlarının da… Sağlıqlarında da yanındayıq, xəstələnəndə də… Bəzən gecəni səhərədək onların başının üstündə keşik çəkdiyim vaxtlar da olur. O qədər məsuliyyətdir ki, onların öhdəliklərini öz üzərimizdə hiss etmək… Bir o qədər də sevgi dolu… Hələ məzun olduqları günü demirəm sizə. Hər birinin uzun müddət yeri görünür, sözün düzü, yoxluqlarına alışmaq çətin olur. Amma hamısı o qədər vəfalıdır ki… Harada olduqlarına baxmayaraq, tez-tez zəng edir, kefimi soruşurlar. Bizi əsla unutmurlar. Onların uğurları mənim üçün ən böyük qürurdur.
Burada olarkən məktəbin direktoru Murad Heydərov bizi liseylə əyani tanış etdi. Liseyin fəaliyyəti barədə danışdıq. O dedi ki, muxtar respublikada dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanmasına artan tələbat nəzərə alınaraq 2015-ci il 14 aprel tarixdə yaradılan Fizika-Riyaziyyat Təmayüllü Lisey Kompleksi 2016-cı ildən istifadəyə verilib. Liseyin maddi-texniki bazası şagirdlərə daha yaxşı təhsil almaq imkanı verir. Burada dərslər yalnız kitab səhifələrində qalmır, laboratoriyalarda, interaktiv tədris mühitində həyata keçirilir. Müasir tədris metodları ilə aparılan dərslər şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirir, onlara əzbərləməyi deyil, problemlərin həllinə yanaşmağı öyrədir. Fizika, kimya və biologiyanın laboratoriya şəraitində öyrənilməsi, riyazi problemlərin həllində innovativ yanaşmaların tətbiqi şagirdlərin elmə olan marağını daha da artırır. Hazırda liseydə şagirdlərin təlim-tərbiyəsi ilə 32 müəllim və 15 tərbiyəçi məşğul olur. Liseyin fizika-riyaziyyat təmayüllü olması burada dərs deyən riyaziyyat və fizika müəllimlərinin məsuliyyətini daha da artırır.
Bu liseyin fəaliyyəti təkcə dərslərlə məhdudlaşmır. Burada müxtəlif elmi olimpiadalara, beynəlxalq yarışlara hazırlıq görülür. Şagirdlər öz biliklərini sübut etmək üçün dünyanın dörd bir yanından gələn yaşıdları ilə yarışır, ölkəmizin elm sahəsindəki potensialını dünyaya nümayiş etdirirlər. Bu günədək respublika fənn olimpiadalarında fənlər üzrə 2 qızıl, 4 gümüş, 2 bürünc medal əldə edilib. Şagirdlərimiz SASMO olimpiadasında 2015-ci ildən bu günədək 38 qızıl, 18 gümüş, 27 bürünc medal qazanıb. Sinqapurda keçirilən təlimlərə dəvət alaraq həmin təlimlərdə iştirak ediblər.
Onlardan biri ilə elə sinif otağında tanış oluruq. Hər zaman öz uğurları ilə seçilən X sinif şagirdi Vüsal Məmmədov Azərbaycanda keçirilən Texnofest yarışında qeyri-adi kəşfi ilə III yerin qalibi olub. O deyir: “Liseydə təhsil almaq məsuliyyətlidir, amma bir o qədər də maraqlıdır. Müəllimlərimiz çox bilikli və tələbkardırlar. Fənlər ağır olsa da, öyrənməyi sevirəm. Gələcəkdə yaxşı bir universitetə qəbul olub, sevdiyim sahədə təhsil almaq istəyirəm. Bunun üçün çox çalışmalıyam. Xüsusilə riyaziyyat və informatika fənlərinə marağım var. Bəzən dərs yükü çox olur və vaxtımı düzgün idarə etməkdə çətinlik çəkirəm. Amma müəllimlərimlə yanaşı, tərbiyəçi müəllimlərin də üzərimizdə danılmaz haqqı var. Onlar sabahın dərslərini yerinə yetirməyə, planlı şəkildə hazırlaşmağa kömək edirlər. Məktəbimizdə müxtəlif yarışlar və tədbirlər keçirilir. Mən də informatika yarışlarına qatılıram və proqramlaşdırmanı öyrənirəm. Gələcəkdə texnologiya sahəsində uğurlu bir mütəxəssis olmaq istəyirəm. Yeni proqramlar yaratmaq və faydalı işlər görmək mənim üçün çox önəmlidir”.
Murad müəllimlə birlikdə yataqxananın şəraiti ilə də tanış oluruq. O deyir ki, liseyin 273 yerlik yataqxana binası da müasir avadanlıqlarla təmin edilib. Burada şagirdlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Belə ki, yataqxananın hər mərtəbəsinin foyesində yerli televiziya kanalları ilə təchiz olunmuş televizorlar və maraqlı bədii kitablarla təchiz olunmuş kitab rəfləri şagirdlərin istirahət vaxtının səmərəli keçməsi üçün nəzərdə tutulub. Yataqxana binasında 2, 3 və 5 yerlik olmaqla, 87 otaq, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, camaşırxana və hər mərtəbədə istirahət otaqları var. Otaqların hər biri zəruri avadanlıqlarla təchiz olunub. Gündə 3 dəfə müxtəlif çeşidlərlə hazırlanan bir-birindən dadlı və keyfiyyətli yeməklərlə qidalanma, çay və meyvə saatı, tibbi yardım, dərsdən sonra məşğələlər və daha nələr-nələr…
Liseylə tanışlığımızdan sonra bir daha əmin oluruq ki, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, öz uğurları ilə fərqlənməyi bacarıb.
Qazanılan uğurların nəticəsi olaraq aprelin 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə muxtar respublika və ölkə üzrə keçirilən olimpiadaların finalçıları və buraxılış imtahanlarında yüksək nəticə göstərən istedadlı şagirdlərlə görüşüb. Fuad Nəcəfli görüşdə iştirak edən 25 şagirdlə fərdi söhbət edib. Liseyin imkanları ilə tanış olub, sinif otaqlarında və istirahət guşəsində liseyin uğur qazanan şagirdləri ilə görüşüb, yataqxana şəraiti ilə maraqlanıb.
Buradan məzun olaraq müxtəlif nüfuzlu universitetlərdə təhsillərini davam etdirən gənclər mühəndis, proqramçı, alim kimi cəmiyyətə töhfə verir, texnologiyanın, elmin və innovasiyanın inkişafında mühüm rol oynayırlar. Nə bilmək olar, bəlkə də, bu liseyin məzunları gələcəkdə adını tarixə yazmış riyaziyyatçılar, fiziklər, proqramçılar olacaq, dünyaca tanınmış şəxsiyyətlərə çevriləcəklər. Niyə də olmasın?!
Yazımızın sonunda Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin müəllimlərinə səbir, motivasiya və fədakar əməklərinin bəhrəsini görməyi, şagirdlərə isə öyrənmək həvəsi, yüksək nəticələr və parlaq gələcək arzu edirəm. Daim elmin və təhsilin işığında irəliləmək diləyi ilə…
Gülcamal TAHİROVA