“Murovdan gələn səda”nın izi ilə

Bir kitabın ilk oxucusu olmaq insanda fərqli duyğular oyadır. Həm də ilk oxucusu olduğun kitab haqqında qələmə alacağın cümlələrin məsuliyyəti bir az da artır. Çünki kitabı oxumayanlarda kitab haqqında ilk təəssüratı sənin fikirlərin yaradacaq. Naxçıvan mətbuatından yaxşı tanıdığımız jurnalist, “Şərq qapısı” qəzetinin əməkdaşı Ramiyə Əkbərovanın itkin şəhid İbrahim Vəlizadə haqqında qələmə aldığı kitabla tanışlıq da məni belə bir məsuliyyətin öhdəçiliyini daşımağa sövq edir.
Əsrimizin 20-ci ilində Müzəffər Sərkərdənin əmri ilə başlanan torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsi Ramiyə xanımın qələmini odlu-alovlu nizəyə, kəskin bir süngüyə çevirir. Vətənin hər qarış torpağı üçün başlanan zəfər yürüşü onun qələmə aldığı yazılarda – cümlələrində, fikirlərində vətənpərvərlik duyğusuna çevrilərək oxucuların qəlbinə yol tapır.
Əslində, qələmə aldığı, “Şərq qapısı”nın səhifələrində dərc edilmiş hər yazısı, hər bir sətri onun vətənpərvərlik düşüncələrinin türk ruhunun dərinliyindəki cəng həvəsindən, savaş ruhundan qopub gəldiyini bir daha göstərir. Onun bu mövzudakı yazılarını oxuduqca özünü o qəhrəmanların arasında, onlardan biri kimi hiss edir, sanki sən də əlində silah o qəhrəmanlarla birgə döyüşürsən.
Şəhid ailələri, qazilərlə iş, onlar haqqında bir-birindən dəyərli materialların hazırlanması Ramiyə xanımın jurnalistlik fəaliyyətindən, yaradıcılığından qırmızı xətt kimi keçir desək, yanılmarıq. Bir zabit yoldaşı olaraq həyatının bir hissəsini döyüş bölgələrinə yaxın yaşayış məntəqələrində keçirməsi, əsgər və zabitlərin, onların ailələrinin həyatlarına yaxından bələd olması onun bu mövzuya həssaslığını daha aydın şəkildə ortaya qoyur.
Bu baxımdan onun sayca 4-cü olan, Şərur elinin qəhrəman oğlu İbrahim Vəlizadə haqqında onun ailəsinin, dostlarının və döyüş yoldaşlarının xatirələrini toplayıb qələmə aldığı “Murovdan gələn səda” kitabı Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ilinə dəyərli töhfə kimi dəyərləndirilməlidir.
İtkin şəhidimiz İbrahim Vəlizadə adını tarixə yazanda adı kiçik kəndin sərhədlərini çoxdan aşıb bütün Azərbaycanı dolaşırdı. O artıq kiçik bir kəndin övladı, bir ata-ananın oğlu yox, böyük Vətənin, milyonların övladı oldu. Bunu qazandı öz mərdliyi, vətənsevərliyi, qəhrəmanlığı ilə.
Ramiyə xanımın şəhidin atası Səməd atanın düşüncələrindən, arzularından yola çıxaraq qələmə aldığı kitab oxucuda şəhid haqqında dolğun məlumat yarada bilir. Xurşud ananın “Gözümün nuru, sən Vətənin sönməz işığı ol”, – dediyi övladı öz arzularına qovuşaraq Vətən torpaqlarının düşmən tapdağından azad edilməsində bütün varlığı ilə iştirak etdi.
Kitabın hər sətri oxucuda İbrahimin ömür yolu haqqında müəyyən təsəvvür yaratmaqla bərabər, Vətən sevgisinin də təzahürünü ən incə detallarına qədər göstərir. Eyni zamanda biz şəhidimizin valideynləri – Xurşud ananın, Səməd atanın öz oğulları barədə hələ illər əvvəlki gələcək arzularını, həm oğulları haqqında qürurlu xatirələrini, həm də onların nigaranlıqlarını zərrə-zərrə hiss edirik. Hər nə qədər kədərli və ağır olsa da, bu eyni zamanda valideyn qürurunun, əzəmətinin təcəssümünü bizə əks etdirir.
Oğlunun xidmət etdiyi, yaşadığı yerləri, hətta alış-veriş etdiyi mağazaları bir-bir gəzən, Qarabağın hər qarışında İbrahimdən bir iz, bir soraq tapmaq ümidi ilə addımlayan Səməd atanın, “Yaşayıram ki, birdən İbrahim gəlsə, məni görsün. Gələr məni görməz, onda İbrahim necə dözər?” – deyən Xurşud ananın hər sözündə, hər kəlməsində, aldığı hər nəfəsində, Vətən üzərindəki hər addımında yaşayır İbrahim. Bir də qardaşı İlkinin yeni doğulan, əmisinin adaşı olan körpəsində – İbrahim Vəlizadədə yaşayır İbrahim.
Düz 5 il keçib 44 günlük savaşın bitməsindən. Gözləri yenə də kəndə gələn yollara dikilən ailənin hisslərini, duyğularını ən incə çalarlarına qədər əks etdirən kitab fotolarla tamamlanır, bütövləşir. İstər ailə fotoları, istərsə də İbrahimin həyatının müxtəlif dövrlərini əks etdirən fotolar onu sevənlərin xatirələri ilə bütövləşərək oxucunun qəlbinə yol tapacaq.
Bir də əminəm ki, kitabı oxuyanların təsəvvüründə canlanacaq, qəlbinin ən incə hissəsinə toxunacaq, qardaş sevgisinin, bağlılığının gücünü göstərən şəhidimizin ən balaca qardaşı Vurğunun bu fikirləri olacaq: “Hərdən gedirəm gizlincə otağına girirəm İbrahimin. Baxıram şəkillərinə gözlərinin içinə ki, qoy məni unutmasın. Axı o gedəndə Ümidlə İlkin böyük idi, onlar dəyişməyib. Mən isə beş ildə gör necə dəyişmişəm. Deyirəm, birdən gəlsə, məni görsə, tanımaz ona görə hər gün özümü ona xatırladıram ki, böyümüş halımı görəndə tanısın məni”.
“Canın o torpaqdan dəyərlidirsə, üstündə gəzdiyin torpaq sənin Vətənin ola bilməz”, – deyən İbrahim Vəlizadə özü də Vətənin bir parçasına çevrilib Vətəni canından üstün tutduğunu bir daha sübut etdi. Şair Musa Yaqubun dili ilə desək:
Bəlkə də, borcundan çıxmadım,Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpağın artsın!
Jurnalist Ramiyə Əkbərovanın qələmə aldığı bu kitab, kitabda toplanan fotolar İbrahim Vəlizadənin xatirəsinə ehtiram və onun qəhrəmanlığının gələcək nəsillərə ən yaxşı daşıyıcısı olacaq.
Məmməd BABAYEV
“Şərq qapısı” qəzetinin baş redaktor müavini