“Ərbabın iş yeri” və ona bitişik tarixi bina bərpa olunacaq
Dağlar qoynunda yerləşən səfalı diyar Ordubada ayaq basdıqda tarix-memarlıq abidələri öz naxışları ilə sanki hər gələni salamlayır. Görkəmli şəxsiyyətlərinin şanı ilə bu naxışlı yollarda ayaq tutub tarixin uzaq və yaxın izlərinə şahidlik etmiş olursan.
Bu minvalla ad-san sahiblərindən olan, Ordubadın xeyirxah, işgüzar insanlarından Ərbab adlı şəxsin kimliyi ilə maraqlandıq. Ərbab adının mənasına da baxdıqda görürük ki, “ağa, cənab, sahib” sözləri anlamında işlənirmiş.
Bu gün Ordubad şəhərinin mərkəzində bizi qarşılayan ikimərtəbəli köhnə bina, həmin o zəhmətsevər insanın, Ordubadın varlı təbəqəsindən olan Ərbabın iş yeridir. Hazırda bu bina fəaliyyəti üçün yararsız halda olmasına baxmayaraq, tarixi bina kimi oraya üz tutan qonaqların marağını özünə çəkir. Bir vaxtlar bu köhnə iş yeri Ordubad şəhərində ilk baramaaçan (ipək) fabriki kimi 1865-ci ildə fəaliyyətə başlayıb. Bu gün ordubadlıların hörmətlə Ərbab kimi adını çəkdiyi Rzaqulu Rzayev həmin fabrikin qurucusu olmuşdur. Fabrikin ilk direktoru da olan bu şəxs işgüzarlığı və xeyirxahlığı ilə Ordubadda hər zaman nümunəvi şəxslərindən biri kimi xatırlanır. Fabrik yaradılarkən buraya 96 çeşməli 24 ədəd dəzgah gətizdirilir. Həmin dövr üçün çox əhəmiyyətli işlərdən biri olan baramaçılığın inkişafı bu sahəyə öz töhfəsini vermişdir. Yerli əhalinin dolanışığı üçün fabrikə çoxlu işçi qüvvəsi cəlb edən Ərbabın bu xeyirxah əməli sayəsində qədim baramaçılıq ənənələri yenidən yaşadılmağa başlayıb. Baramaçılığın inkişafı prosesində digər təbii amillərlə yanaşı, zəhmətsevər ordubadlıların tarixən qazanmış olduğu təcrübə də mühüm rol oynamışdır.
Ordubad şəhər sakini Tahir Abbasov deyir ki, bu gün muxtar respublikanın hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Təbii ki, bu qayğıdan Ordubad rayonuna da pay düşüb. İllərdir, baxımsız vəziyyətdə olan tarixi “Ərbabın iş yeri” şəhərimizin mərkəzində yerləşir. Bu gün sevincliyik ona görə ki, bu tarixi bina da dövlətimiz tərəfindən bərpa olunacaqdır. Rayon sakinləri adından dövlətimizə minnətdarlığımızı bildiririk.
Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bahar Əliyeva deyir ki, bir sıra xeyirxah işlərə imza atan Ərbabın muzeyimizdə bir neçə yadigarı var. Belə ki, muzeydə Ərbaba aid “Zınqırovlu sandıq” saxlanılır. O, qiymətli əşyalarını burada saxlamaq üçün onu İsveçrədən gətizdirib. Yanmayan dəmirdən hazırlanan, ümumi çəkisi 347 kilo olan sandığın içərisində kiçik bir seyf də var. Sandığın diqqətçəkən xüsusiyyətlərindən biri də onun 1 açarla və 18 dillə bağlanmasıdır. Bu muzeydə Ərbaba aid digər eksponat isə Fransadan gətirtdiyi iri kəfkirli saatdır. Bu saat da onun şəxsi istifadəsində olub. Bu saatın zəngi fasilə vaxtını bildirirmiş. Deyilənə görə, Cümə məscidinin üzərinə quraşdırılmış həmin saatın zəngi hər dəfə vurulanda, hətta onun səsi İranın bizə yaxın kəndlərinə qədər gedib çıxıb.
...Son illər muxtar respublikamızda tarixi abidələrin, tanınmış şəxsiyyətlərə məxsus mülklərin qorunmasına, təmirinə ciddi diqqət yetirilir. Məqsəd həmin abidələrə yeni həyat verilməsi və onların gələcək nəslə ötürülməsidir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında belə layihələrin öz əksini tapması, habelə investisiya layihələri istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin tədbirlərin davamı olaraq Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın bərpası ilə bağlı müqavilə imzalanıb.
Qeyd edək ki, “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın bərpası üçün cari ilin aprel ayında satınalma elan olunmuşdur və yaxın zamanlarda başlanılacaq bərpa işlərinin iki il müddətinə tamamlanması nəzərdə tutulub.
Aidə İBRAHİMOVA