NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Naxçıvan rezidenti olan sahibkarlara tətbiq olunan güzəştlər onlara nə vəd edir

img

Xəbər verdiymiz kimi bu ilin yanvarın 1-dən Naxçıvanda 10 illik müddətə sahibkarlar üçün vergi, sosial sığorta və gömrük güzəştləri tətbiq olunur. Bu mühüm dövlət tənzimləmə tədbirinin mahiyyəti barədə Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisadçı-ekspert Əli Cabbarovun fikirlərini öyrəndik: 
­– Əli müəllim, Naxçıvanda sahibkarlar üçün tətbiq olunan bu güzəştlərin iqtisadi mahiyyəti barədə nə deyə bilərsiniz?
– Bu güzəştlərin əsas məqsədi 10 il müddətində sahibkarlıq mühitini daha da aktivləşdirmək, yeni sahibkarlıq subyektlərinin yaradılmasına stimul yaratmaqdır. Belə ki, uzun illər Naxçıvan Muxtar Respublikası blokada şəraitində qaldığı üçün sahibkarlar da müəyyən məhdudiyyətlərlə qarşılaşırdı. Lakin yeni reallıq, xüsusilə Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılması perspektivi regionda sahibkarlıq mühitinin genişlənməsi üçün mühüm imkanlar yaradır. Bu məqsədlə sahibkarlara tətbiq olunan güzəştlər və onların üzləşə biləcəyi risklərin paylaşılması, vergi, sosial sığorta və gömrük əməliyyatları zamanı ödənilən rüsumların dövlət tərəfindən qarşılanması sahibkarlara əlavə dəstək olmaqla yanaşı, fəaliyyətlərini stimullaşdırır. Eləcə də sahibkarların, xüsusən yeni biznesə başlayan sahibkarların risklərini minimumlaşdırmağa, istehsal xərclərini azaltmağa sahibkarların vergi öhdəliklərini, sosial sığorta yükünü və idxal xərclərini əhəmiyyətli dərəcədə azaltmağa yeni investisiyaların planlaşdırılmasına kömək edən  dəstək mexanizmidir.
– Bəs bu güzəştlərdən kimlər faydalanacaq və hansı sahələrdə daha çox inkişaf gözlənilir?
– Sahibkarlıq risk sahəsidir və yeni işə başlayan sahibkarların fəaliyyətə həvəsləndirilməsi üçün dövlətin verdiyi bu dəstək çox vacibdir. Dövlət qərarında xüsusi qeyd olunur ki, qeyri-neft sektorunda tətbiq edilən güzəştlərin əhəmiyyəti böyükdür. Ölkəmiz neft ölkəsi olmaqla əsas gəlirlərini bu sahədən əldə edir, lakin işğaldan azad olunmuş bölgələrdə və Naxçıvanda alternativ sahələrin inkişafı, qeyri-neft sektorunun genişləndirilməsi üçün ciddi tədbirlər həyata keçirilir. Bu sahələr arasında “yaşıl iqtisadiyyat” və “yaşıl enerji” də var. Onların yaxın gələcəkdə reallaşması üçün 10 illik müddəti əhatə edən vergi güzəştləri, sosial sığorta ödənişlərində azadolmalar və gömrük rüsumlarından müəyyən müddətlik azad olunma mexanizmləri böyük əhəmiyyət kəsb edir. Dövlət qarşısında məqsəd qoyur ki, xüsusən ucqar regionlarda sahibkarlığın daha çox şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması və ixrac potensialının artırılması təmin olunsun. Muxtar respublikamızın da xarici ölkələrlə sərhədi var və həmin ölkələrlə əməkdaşlıq imkanları baxımından əlverişli regiondur. Yaxın gələcəkdə iqtisadi əlaqələrin genişlənməsi ilə ölkəmizin ixrac məhsullarının xarici bazarlara çıxarılması üçün perspektiv imkanlar yaranır. Bunun üçün regiona xarici investisiyalar vacibdir. Təhlillər göstərir ki, xüsusilə qardaş Türkiyədən gələcək iş adamlarının yatırımları böyük əhəmiyyət daşıyır. Lakin burada əsas hədəf bu iqtisadi bölgədə rezident statusuna malik, faktiki olaraq burada     fəaliyyət göstərən sahibkarlara imkanların yaradılmasıdır. Sözügedən bu dəstək də iqtisadi fəallığın artmasına səbəb olacaq.
– Ümumilikdə, tətbiq olunan güzəştlər perspektivdə nə vəd edir?
– Muxtar respublikanın kənd təsərrüfatı və turizm potensialı ilə yanaşı, xaricdən gətiriləcək yeni texnologiya ilə innovativ  sənayenin də inkişafı gələcəkdə maraq doğurur. Süni intellektin tətbiqi ilə müxtəlif sahələrdə (tikinti, nəqliyyat, ticarət, servis, turizm və s.) sensorlu idarəetmə (Əşyaların İnterneti (İoT)) modellərinin sahibkarlıqda tətbiqi Naxçıvanda fəaliyyət göstərən rezident sahibkarlar üçün də kənd təsərrüfatı, turizm, ticarət sahələrində, həmçinin sənaye parkları və Naxçıvan Dövlət Universiteti nəzdində yaradılan texnoparkın istifadəyə verilməsi ilə yeni bazar imkanları yaradır. Şərur Sənaye Məhəlləsində artıq bu istiqamətdə işlər görülür. Bu imkanlar sahibkarlar üçün böyük əlverişli fürsət olacaq, çünki güzəştlər onların fəaliyyətinin genişlənməsi və rəqabət qabiliyyətinin artırılması üçün güclü baza yaradacaq. Azad İqtisadi zonalarda əvvəllər çətinliklərə görə nəzərdə tutulan təşəbbüslər reallaşmırdı. Lakin bu onillik güzəşt sahibkarlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Gəlir və mənfəət vergisindən, eləcə də dividendlərin vergisindən azad olunma imkanları sahibkarların fəaliyyətinə müsbət təsir göstərəcək. Bu güzəştlər xidmət sektoru və turizm sahələrinin inkişafına da dəstək olacaq. Bu tədbirlər uzunmüddətli iqtisadi inkişaf, texnoloji tərəqqi və əmək resurslarının, xüsusən qadınların və gənclərin iş qüvvəsindən səmərəli istifadə baxımından dövlət tərəfindən atılmış mühüm addımdır. 
– Ətraflı məlumat üçün təşəkkür edirik.
 

DAHA ƏTRAFLI