NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı: Naxçıvanı regionun geoiqtisadi qovşağına çevirən yeni mərhələ

img

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya regionun gələcək geosiyasi və geoiqtisadi arxitekturasına birbaşa təsir göstərən mühüm siyasi sənəd kimi dəyərləndirilə bilər. Xartiya təkcə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini deyil, eyni zamanda Cənubi Qafqaz və Orta Dəhliz üzərində formalaşan yeni əməkdaşlıq modelini ortaya qoyur. Bu sənədin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, regional bağlantılar konsepsiyası çərçivəsində Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat və kommunikasiya əlaqələrinin təmin olunması prioritet istiqamət kimi təsbit edilir. Bu, Naxçıvanın uzun illərdir, üzləşdiyi nəqliyyat və logistika məhdudiyyətlərinin aradan qaldırılması baxımından tarixi fürsət kimi qiymətləndirilə bilər.

Naxçıvan Orta Dəhlizin açar həlqəsinə çevrilir

Xartiyada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi və multimodal bağlantı layihələrinin təşviqi əsas istiqamətlərdən biri kimi göstərilir. Sənəddə qeyd olunan TRIPP marşrutu Azərbaycan ərazisindən keçən regional və beynəlxalq ticarət yollarının təhlükəsiz və dayanıqlı şəkildə fəaliyyətini nəzərdə tutur. Bu kontekstdə Naxçıvan Muxtar Respublikasının regional tranzit xəritəsində yer alması muxtar respublikanın geoiqtisadi rolunu keyfiyyətcə yeni mərhələyə yüksəldir.

Naxçıvanın əsas hissə ilə maneəsiz bağlantısının təmin olunması:

-  muxtar respublikanın ixrac imkanlarını genişləndirəcək;

-  logistika və nəqliyyat sektoruna yeni investisiyaların cəlbini sürətləndirəcək;

-   regionda ticarət dövriyyəsinin artmasına təkan verəcək.

Enerji və rəqəmsal bağlantılar: Naxçıvan üçün yeni inkişaf platforması

Azərbaycan-ABŞ tərəfdaşlığı çərçivəsində enerji, rəqəmsal infrastruktur və data bağlantıları xüsusi yer tutur. Naxçıvanın bərpa olunan enerji potensialı – günəş və külək enerjisi imkanları nəzərə alındıqda muxtar respublikanın gələcəkdə regional enerji layihələrində iştirak etməsi real perspektiv kimi önə çıxır. Bu yanaşma Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, onu “yaşıl enerji” xəritəsində mühüm mövqeyə çıxara bilər.

Xartiyada nəzərdə tutulan süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur layihələri isə Naxçıvan üçün yeni iqtisadi modelin əsaslarını formalaşdırır. Rəqəmsal bağlantıların gücləndirilməsi muxtar respublikanın informasiya və texnologiya məkanına inteqrasiyasını sürətləndirə, regionda yeni ixtisaslı iş yerlərinin yaradılmasına səbəb ola bilər.

Təhlükəsizlik və humanitar əməkdaşlıq: regional sabitliyin dayağı

Sənəddə təhlükəsizlik əməkdaşlığına dair müddəalar Naxçıvanın yerləşdiyi həssas geosiyasi mühit fonunda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan-ABŞ əməkdaşlığı çərçivəsində kibertəhlükəsizlik, kritik infrastrukturun mühafizəsi və humanitar minatəmizləmə sahəsində nəzərdə tutulan addımlar regionun dayanıqlı inkişafı üçün vacib təminat rolunu oynayır. Bu əməkdaşlıq modeli Naxçıvanın təkcə nəqliyyat və enerji baxımından deyil, həm də təhlükəsizlik baxımından regional inteqrasiyasını gücləndirən amil kimi çıxış edir.

Naxçıvan üçün yeni geoiqtisadi status

Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində formalaşan Azərbaycan-ABŞ strateji tərəfdaşlığı Naxçıvan Muxtar Respublikasını regionun periferiyası deyil, geoiqtisadi mərkəzlərindən biri kimi mövqeləndirən yeni reallıqlar yaradır. Bu Xartiya Naxçıvanın nəqliyyat, enerji, rəqəmsal inkişaf və təhlükəsizlik xəritəsində rolunu gücləndirməklə yanaşı, muxtar respublikanın sosial-iqtisadi dirçəlişinə də güclü təkan verəcək. Bu sənəd göstərir ki, Naxçıvan artıq təkcə coğrafi məkan deyil, regional əməkdaşlığın strateji qovşağına çevrilməkdə olan geoiqtisadi aktordur.

Əhməd Əhmədov

DAHA ƏTRAFLI