Daşlaşmış yaddaşın gül açan baharı
Dünyanın elə müqəddəs nöqtələri var ki, orada zamanın saat əqrəblərinin səsi yox, minilliklərin sədası duyulur. Naxçıvanın göz bəbəyi, tarixin hər sətirində öz silinməz imzasını qoyan Ordubad məhz belə bir məkandır. Bu torpaq bəşəriyyətin uzaq çağlarından bu gününə qədər uzanan bir dastan, qaya üzərinə qanla, tərlə və eşqlə yazılmış bir alın yazısıdır. Daş dövrünün o dərin sükutundan başlayıb orta əsrlərin möhtəşəm minarələrinin azan səslərinə qədər uzanan bu yol, bu gün bəşəriyyət qarşısında ən parlaq zirvəsini fəth edir. 2026-cı il Ordubadın minillik təqviminə qızıl hərflərlə həkk olunur, çünki bu qədim şəhər öz saflığı, toxunulmaz tarixi irsi və sarsılmaz ruhu ilə ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.
Buludlarla pıçıldaşan, əzəmətli Qapıcıq dağının zirvələrində, Gəmiqayanın ətəklərində əcdadlarımızın ilk addım səsləri hələ də əks-səda verir. Qaranquş yaylağında, o sərt qaya parçaları üzərində canlanan heyvan rəsmləri, ov səhnələri və sirli damğalar elə bil, zaman maşınıdır. Eneolit və Tunc dövrlərindən bizə boylanan o cizgilər bədii təsvirlərdən daha çoxudur. Onlar babalarımızın həyata, təbiətə, kainatın sirlərinə və Tanrıya olan ilk səmimi duasının rəsmidir. Gilançay vadisinin sahillərində ucalan Sabirkəndin, Plovdağın və sirlərlə dolu Xaraba Gilanın qalıqları arasında gəzərkən insanın ruhu titrəyir. Adamın qulağına qədim əkinçi-maldar tayfaların zəhmət dolu nəğmələri, Arazın pıçıldadığı həsrət dolu hekayələr gəlir. Naxçıvançayın və Gilançayın sahillərində qurulan bu yurdlar Ordubadı sadə bir məskəndən bəşəriyyətin sivilizasiya ocağına, mədəniyyət beşiyinə çevirib. Hər qarış torpağı bir nekropolun sükutunu, hər daşı bir ibadətgahın müqəddəsliyini daşıyan bu diyar, Biləv kəndinin o əzəmətli kanyonunda ucalan Babək qalası ilə azadlıq eşqimizi, Gəmiqayadakı qəbiristanlıqları ilə torpağın altına basdırdığımız, lakin heç vaxt ölməyən ruhumuzu simvolizə edir.
Ordubadın dar, dolanbac, daş döşənmiş küçələrində gəzərkən insan özünü sanki canlı memarlıq tablosunun içində hiss edir. Şəhərin mərkəzində göylərə dirək olan Cümə məscidi öz heybəti ilə əsrlərin bütün tufanlarına sinə gərən sarsılmaz iman kimidir. Qeysəriyyə isə sənətkarlığın, zərifliyin və Şərq ticarət ruhunun qovuşduğu bir şah əsərdir. Eyvas türbəsinin o hüznlü duruşu isə bizə keçmişin əmanətini xatırladır. Əylisdəki Şah Abbas məscidi XVI əsrin nəfəsini və möhtəşəmliyini bu günə daşıyarkən, Dəstə, Vənənd, Gənzə və Dırnıs məscidləri İslam mədəniyyətinin bu torpaqlarda nə qədər dərindən kök saldığını, ruhumuza necə hopduğunu göstərir. Aza körpüsü üzərindən keçərkən ayağınızın altındakı daşlar Böyük İpək Yolunun tozlu karvanlarının gəlişini xəbər verir. Düylün, Xanağa və Nüsnüs pirlərində kimsəsiz qalmayan o dualar, mənəvi dincliyin ən təmiz zirvəsidir.
Ordubad bu il övladlarıyla yanaşı, bütün İslam coğrafiyasını öz səmimi ağuşuna alır. Bu il o özünün heyrətamiz mənzərələri, min illərin o yanından gələn qədimliyi və insanının bənzərsiz qonaqpərvərliyi ilə dünyaya sülh, qardaşlıq və mədəniyyət ismarıcı göndərir. Hər çeşməsinin başında bir əfsanə gizlənən, hər qapı toxmağında minillik bir nəzakət yaşadan bu şəhər Gəmiqayanın sarsılmaz daşlarını İslamın nuru ilə birləşdirərək əbədiyyətə doğru böyük bir vüqarla addımlayır. Ordubad ulu tarixin bugünkü zəfər sədasıdır. Ordubad daşlaşmış yaddaşın gül açan baharı, Naxçıvanın dünyaya açılan pəncərəsi və İslam dünyasının sönməyən məşəlidir.
Elnurə CƏFƏROVA