Ulu Öndərə xalqın sevgisi əbədidir
Xalqın məhəbbətini qazanmaq hər kəsə nəsib olmur. Azərbaycanda hakimiyyətə çoxları gəlib-gedib. Onlardan heç birinə xalq tərəfindən Ulu Öndər Heydər Əliyev qədər sevilmək səadəti nəsib olmayıb. Bu ümumxalq məhəbbətinin arxasında böyük siyasət və böyük işlər dayanır. “Azərbaycanın bəxti onda gətirib ki, tarixinin ən mürəkkəb və həlledici məqamında ona Heydər Əliyev rəhbərlik edib” – dünyanın məşhur siyasətçilərindən birinin dediyi bu sözlərdə danılmaz həqiqət var. Dahi şəxsiyyət Heydər Əliyev, sözün əsl mənasında, xalqımızın bəxtinə düşən Tanrı payı idi. Həyatının son dəqiqəsinədək xalqının gələcək taleyi haqqında düşünən Ümummilli Liderimiz bizə müstəqil, dünyada öz sözü və yeri olan Azərbaycan qoyub getdi.
Biz heç vaxt Onu Azərbaycansız, Azərbaycanı Onsuz təsəvvür etməmişik. “Heydər-xalq, xalq-Heydər birliyi əbədidir” deyimi xalqımızın, Vətənimizin və onun əvəzedilməz liderinin birliyinin, ayrılmazlığının ifadəsidir. Bütün həyatını canından çox istədiyi xalqının yolunda şam kimi əridən Ulu Öndər “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”, – deyərək xalqımızın mənəvi-əxlaqi keyfiyyətlərini özündə birləşdirən dahi siyasətçi xalqımızı firavan günlərə çıxartdı. Dünyada elə bir dövlət xadimi, tanınmış siyasətçi yoxdur ki, onun siyasi nəhəngliyini, liderlik qüdrətini etiraf etməsin. Dünyanın böyük siyasi liderləri Heydər Əliyevi əsrin lideri sayırdılar. Eduard Şevardnadze deyirdi: “XX əsr liderlər əsridir. Əsrin lideri Heydər Əliyevdir”. Keçmiş ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bzejinski isə fikrini belə ifadə edib: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bu fikirlərin sayını istənilən qədər artırmaq olar. Çünki dünyada tanınan elə bir siyasi xadim yoxdur ki, Ümummilli Liderimiz haqqında belə heyrətamiz fikirlər söyləməsin. Nikolay Baybakov yazır ki, “Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram!”
Bu Onun ictimai-siyasi fəaliyyətinə verilən qiymətdir. Amma “Heydər Əliyev sadəliyi”, “Heydər Əliyev səmimiyyəti” deyilən məqamlar da var ki, bunlarsız böyük liderin tam portretini tamamlamaq qeyri-mümkündür. Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqla görüşlərini, sadə insanlarla təmaslarını yada salanda bu böyük insanla bircə anlıq ünsiyyətdə olub Onu sevməmək, Onun cazibəsinə düşməmək mümkünsüz işdir. Dahi şəxsiyyət Heydər Əliyev dünənin və bu günün adamı deyil. O daha çox gələcəyin adamıdır. Çünki gördüyü işlər firavan gələcək üçün hesablanmış binanın təməlidir. Bu səbəbdən “Heydər Əliyev Azərbaycan dövlətinin memarıdır” ifadəsi çox dəqiqdir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev qayğısını, Heydər Əliyev nəfəsini hiss etməyəsən. Bənzərsiz və müqayisəedilməz şəxsiyyət olan Heydər Əliyev bir çox liderlər kimi təkcə dövrünün, zəmanəsinin oğlu yox, gələcəyin adamı idi.
Tanrı Heydər Əliyevə tükənməz potensial, qeyri-adi istedad vermişdi. Dahi şəxsiyyət Heydər Əliyev sözə, vəzifəyə, torpağına, Vətəninə ucalıq gətirmişdi. Azərbaycanın sadə ailəsindən çıxaraq böyük bir dövlətin – Sovetlər İttifaqının rəhbərliyinədək ucalan Ulu Öndər Heydər Əliyev istedadı, qabiliyyəti, biliyi olanların arxası, onları irəliyə çəkən, onlara Vətəni sevmək hissi, idarəetmə səriştəsi aşılayan əvəzsiz şəxsiyyət idi.
Ölkənin bütün bölgələrini inkişaf etdirən, binalar tikdirən, körpülər saldıran, heykəllər ucaltdıran Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə azərbaycanlıların qəlbində silinməz izlər buraxan xidmətlər göstərmişdir. Bu da bəllidir ki, Heydər Əliyevədək Azərbaycan durğunluq içərisində yaşayırdı. Unudulmaz rəhbər bütün imkanlarını səfərbər edərək Azərbaycanın müstəqil yaşaya bilməsi üçün lazım olan işləri imperiyanın vəsaiti hesabına gördü. Müstəqil energetika sisteminin yaradılması, neft sektorunun inkişafı, neftçıxarma və emal müəssisələrinin tikintisi, sənaye komplekslərinin yaradılması, ittifaq əhəmiyyətli sənaye müəssisələrinin Azərbaycana salınması, paytaxtda bir-birindən gözəl binaların tikintisi, mədəniyyətimizin dünyada tanınması, səhiyyənin inkişafı, yeni mikrorayonların, qəsəbələrin, salınması... Bütün bunları saymaqla qurtaran deyil. 1969-1982-ci illərdə Heydər Əliyev fəaliyyətinin ideyası Azərbaycanın müstəqilliyi üçün möhkəm bünövrə yaratmaq idi.
1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaos içərisində qəbul etdi. Xalqına arxalanan, onun səsinə səs verən dahi şəxsiyyət özünəməxsus müdrikliklə parçalanmaq təhlükəsi ilə üzləşmiş bir ölkədə xaosa və anarxiyaya son qoydu, müasir, müstəqil Azərbaycan dövlətini yaratdı. Ulu Öndərin hakimiyyətdə olduğu hər bir il Azərbaycanı uğurdan-uğura apardı. Çıxışlarının birində Ulu Öndər deyirdi: “Xalqım üçün firavanlıq və əmin-amanlıqdan başqa ayrı bir arzum yoxdur. Bütün varlığımı, bütün qüvvə və bacarığımı mən bu amala həsr etmişəm”. Öz amalını Ümummilli Lider böyük inamla reallaşdırdı, həqiqi demokratiyanın memarı kimi yaddaşlarda qaldı.
Ulu Öndər Heydər Əliyev bütün ömrünü mənsub olduğu xalqa təmənnasız xidmətdə keçirdi. Hələ gənclik illərindən ideallarında yaşatdığı müstəqil Azərbaycan dövlətçiliyinin dönməzliyini və əbədiliyini təmin etdi. Dahi şəxsiyyət qurub-yaratdığı şah əsəri olan müstəqil Azərbaycanın taleyini Prezident İlham Əliyevə əmanət etdi. Xalqımız Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevriləcəyinə ürəkdən inanır. Dövlət başçısının dediyi kimi: “Nə qədər Azərbaycan var, Heydər Əliyev olacaqdır. Biz – Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.
Bu gün Azərbaycan xalqı 200 illik tarixini Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, dönməz iradəsi, liderliyi və sərkərdəliyi sayəsində bərqərar edib. Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı və “Dəmir yumruq” hesabına Azərbaycan Ordusu bütün dünyaya nümayiş etdirdiyi Qarabağ Zəfəri ilə yeni hərb tarixini yazdı. Cəmi 44 gün ərzində qazanılan qalibiyyət xalq-dövlət-Ali Baş Komandan gerçəkliyinin məntiqi nəticəsi idi. Bu vəhdət, bu birlik dünyanın bütün ölkələrindən heyrətlə izlənildi.
Vətən müharibəsi dövründə dünya birliyi Azərbaycanın öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu bir daha gördü. Hamıya aydın oldu ki, Vətən müharibəsindəki şanlı qələbə Prezident İlham Əliyevin milli maraqlara söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq aləmdə yüksək nüfuzunun və xalq-dövlət-ordu birliyinin parlaq nəticəsidir. Azərbaycan xalqı Vətən müharibəsində öz Prezidentinin ətrafında sıx səfərbər oldu. Bu baxımdan, 44 günlük savaş həm də xalqımızın milli və siyasi həmrəyliyinin təcəssümünə çevrildi. Hər kəs öz sahəsində bu milli mücadiləyə özünün layiqli töhfəsini verdi. Təbii ki, qələbənin əldə edilməsində müasir ordumuzla yanaşı, güclü iqtisadiyyatımız, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan xalqı bir millət olaraq öz varlığını müdafiə etdi. Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xüsusi vurğulayaraq deyib: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.
Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan yeni dövrə qədəm qoyub. Bu dövr suverenliyimizin təmin olunduğu 20 sentyabr tarixindən başlayır və yeni hədəflərlə zəngindir. Möhtəşəm Qarabağ zəfəri Ali Baş Komandan, Prezident İlham Əliyevin Ulu Öndərin vəsiyyətinə əməl edərək və xalqımızın 30 illik torpaq nisgilinə son qoymaqla Azərbaycan dövləti və xalqı üçün yazdığı milli dövlətçilik tariximizin ən şərəfli qürur səhifəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan indi haqlı olaraq dünyanın sayılıb-seçilən, etimad və ehtiram göstərilən dövlətlərindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq”.
Prezidentin həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, ayrı-ayrı soydaşlarımız Azərbaycan dövləti ətrafında bir yumruq kimi birləşərək möhtəşəm qələbənin əldə olunmasına öz töhfələrini verdilər. Azərbaycan Respublikasının Prezidenti Qarabağ müharibəsində həm Ali Baş Komandan missiyasını yüksək səviyyədə həyata keçirməklə, həm də informasiya cəbhəsində apardığı qətiyyətli mübarizə ilə dünya liderliyi miqyasında qüdrətli bir dövlət xadimi olduğunu isbat etmişdir. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi müstəqillik tariximizin ən əlamətdar hadisəsi oldu. Ali Baş Komandan İlham Əliyevin müəllifliyi, ordumuzun rəşadəti, hərbçilərimizin qəhrəmanlığı hesabına qazanılan bu zəfər müstəqillik tariximizi daha da şərəfləndirdi, xalqımıza fəxarət bəxş etdi. Bu qələbə bir daha təsdiqlədi ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır.
Ulu Öndər Heydər Əliyev xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoydu. İnsanların ürəyində çoxdan heykəlləşən Ümummilli Liderimizin xatirəsi Azərbaycan durduqca yaşayacaqdır. Böyük yaradıcı gücə malik olan Heydər Əliyev siyasəti bu gün olduğu kimi, gələcəkdə də Azərbaycanı rifaha və tərəqqiyə qovuşduracaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
Məhəbbət MİRZƏYEVA