NAXÇIVAN :

14 Fevral 2026, Şənbə

Hesabı belə bağladıq – ÖMÜRLÜK HƏBS

img

Azərbaycan mediasında son illərin ən ağır, ən gecikmiş, lakin ən ədalətli sərlövhələri artıq tarixə çevrildi.

Bu, sadəcə, məhkəmə xəbəri deyil. Bu, illər boyu susdurulan ədalətin, Azərbaycan xalqının boğazında düyünlənmiş haqq səsinin, nəhayət, eşidilməsidir.

Bir zamanlar özlərini Qarabağ torpaqlarında “komandan”, “rəhbər”, “prezident” kimi təqdim edən şəxsləri efirlərdə gördükcə qəlbimiz sızlayırdı. İndi isə həmin adlar tarixə müharibə cinayətkarları kimi yazıldı. Bu günləri görmək həm qürurdur, həm də illərlə yığılan ağrının gecikmiş təsəllisidir.

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesinin hökm mərhələsi bir həqiqəti bir daha sübut etdi – Azərbaycan yalnız döyüş meydanında deyil, hüquqi müstəvidə də qalib dövlətdir.

Məhkəmənin hökmünə əsasən:

– Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib;

– Levon Mnatsakanyan ömürlük həbs cəzası alıb;

– David Manukyan ömürlük azadlıqdan məhrum edilib;

– Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib;

– David Babayan ömürlük həbs edilib;

– Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum olunub;

– Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bu adların hər biri Azərbaycan xalqının yaddaşında işğal, qan, gözyaşı, kədər, dağıdılmış şəhərlər, yandırılmış kəndlər və məzarlıqlara çevrilmiş evlər demək idi. Bu gün həmin adları cinayət işləri üzrə hökm oxunan siyahıda görmək ədalətin təntənəsidir.

Məhkəmə sübut etdi ki, təqsirləndirilən şəxslər Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, təcavüzkar müharibənin hazırlanması və aparılması, hakimiyyəti zorla ələ keçirmə və saxlama kimi ağır cinayətlər törədiblər.

Bu hökm yalnız təqsirləndirilənlərə deyil, onları illərlə müdafiə edənlərə, himayə göstərənlərə, susan və ya susdurulan bütün dairələrə ünvanlanmış ciddi siyasi və hüquqi mesajdır.

Xüsusi vurğulanmalıdır ki, Azərbaycan bu mərhələyə təsadüfən gəlməyib. Bu nəticə Prezident cənab İlham Əliyevin illər boyu apardığı ardıcıl, prinsipial və qətiyyətli siyasətin məntiqi davamıdır. Əgər bu gün Bakı Hərbi Məhkəməsində hökm oxunursa, bu, ilk növbədə, Ali Baş Komandanın siyasi iradəsi, ordunun gücü və dövlətin hüquqi mexanizmlərinin düzgün işləməsinin göstəricisidir.

Bəli.

Biz torpaqlarımızı azad etdik.

Biz ərazi bütövlüyümüzü bərpa etdik.

İndi isə şəhidlərimizin qanının yerdə qalmadığını hüquqi sənədlərlə təsdiqlədik.

Bu hökm Xocalının, Ağdamın, Füzulinin, Şuşanın, Laçının, Kəlbəcərin səssiz harayına verilən cavabdır.

Bu hökm qəbiristanlıqlarda böyüyən uşaqların, övlad yolunu gözləyən anaların, yarımçıq qalan ömürlərin haqqıdır.

İllərlə gözlədiyimiz sərlövhələr, nəhayət, yazıldı.

Bu gün üzümüz gülür, çünki ədalət geciksə də, ünvanına çatdı.

Azərbaycan qalibdir.

Qarabağ Azərbaycandır!

Və bu qalibiyyət artıq ömürlük hökmlərlə tarixə yazılıb.   

Sara ƏZİMOVA

“Şərq qapısı” qəzetinin baş redaktoru

  

DAHA ƏTRAFLI