AZ EN RU

Azərbaycan xalqının milli sərvəti

    Hər bir xalqın ədəbiyyat tarixində elə şəxsiyyətlər olub ki, onların yaratdıqları sənət möcüzələri əbədi olaraq qalır, neçə-neçə nəsillərin bədii zövqünü oxşayır. Bunların içərisində görkəmli Azərbaycan şairi Hüseyn Cavidin xüsusi yeri vardır. Öz dəstxəti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin, eləcə də mənzum dramın əsasını qoyan, sələf və xələfələrinə bənzəməyən Cavid qəlbinin dediklərini yazan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyə tapınan qeyri-adi bir mütəfəkkir idi. Onun söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, Vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii irsi sənət tariximizin əvəzsiz nümunələrindən biridir. 

    Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını yüksək dəyərləndirərək demişdir: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”. Ədibin ev-muzeyinin yaradılması, külliyyatının nəşri, 1982-ci ildə nəşinin uzaq Sibirdən Vətənə qaytarılması və məzarı üzərində məqbərənin ucaldılması şəxsiyyətin irsinə verilən ən yüksək qiymət idi. Məqbərənin açılışında Heydər Əliyev siyasətinin layiqli davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Hüseyn Cavidin bu məqbərəsini “Heydər Əliyev dühasının bəhrəsi” adlandıraraq demişdir: “Möhtərəm Heydər Əliyev dühasının bəhrəsi olan Hüseyn Cavid türbəsi Əcəmi yaradıcılığına mənsub Mömünə xatın məqbərəsinin davamıdır. Bununla belə Hüseyn Cavid məqbərə-türbəsində şairin özü ilə yanaşı, ailə üzvlərinin – ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrol Cavidin dəfn olunduğunu nəzərə alsaq, Cavidlər ailəsi xatirə kompleksinin dünya mədəniyyətinin bənzərsiz, əvəzsiz nümunələrindən biri olduğu sübut edilir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarla Hüseyn Cavidin 125, 130, 135 illik yubileyləri yüksək səviyədə  keçirilib. Bir əsrdən çoxdur ki, dahi şair-dramaturqun əsərləri dünyanın bir çox yerində geniş təbliğ olunaraq səhnəyə qoyulur, tərcümə və nəşr edilir. Böyük ədibin  Qərbə və Şərqə, eyni zamanda Şərq-Qərb müstəvisində Azərbaycana baxışlarının romantik-poetik təsviri olan “Azər” poemasi ideya-tərbiyəvi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilib.
    Ölkə başçısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi ilə əlaqədar 2022-ci il 24 sentyabr tarixli Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazıb. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm edib. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirib. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoyub. Parlaq xarakterlərlə zəngin olub bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olub”.
    Bu sərəncam milli-mənəvi dəyərlərimizin yaşadıcısı və hamisi, xüsusilə də klassik ədəbi irsimizi çox yüksək dəyərləndirərək onun təbliğinə böyük əhəmiyyət verən ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqətin bariz nümunəsidir. Bu təkcə böyük Cavidə deyil, bütövlükdə, ədəbiyyatımıza, milli mənəviyyatımıza tükənməz sevgi, eyni zamanda sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş, 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2022-ci il 27 sentyabr tarixli Sərəncamı ilə Hüseyn Cavidin 140 illiyinin Naxçıvan Muxtar Respublikasında keşirilməsi ilə əlaqədar “Tədbirlər Planı” təsdiq olunub ki, həmin tarixi dövlət sənədinə əsasən böyük şair-dramaturqun yubileyi muxtar respublikamızda da geniş şəkildə qeyd olunacaq. Görkəmli romantik şairin həyat və yaradıcılığı ilə bağlı elmi konfrans, interaktiv  dərs, Hüseyn Cavid “Poeziya Günü” keçiləcək, ədibin “Topal Teymur” əsəri teatrsevərlərə təqdim olunacaq və digər yubiley tədbirləri təşkil ediləcək. 
    Cavid bütün yaradıcılığı boyu bəşəri və milli səadət, sülh və əmin-amanlıq tərəfdarı olub. İnsanları bəşəriyyətin tərəqqisinə, yüksək ideallara səsləyib. Bu dediklərimizi təsdiqləmək üçün təkcə ədibin daxili düşüncələrini əks etdirən “İblis” romantik faciəsinə nəzər salmaq kifayətdir. “İblis” dramaturqun dövrün dramatik tarixini əks etdirmək ehtiyacından yaranmış bir əsərdir. I Dünya müharibəsinin xalqların həyatında doğurduğu faciələr, xüsusilə Osmanlı Türkiyəsinin üzləşdiyi ölüm-qalım şəraiti 1918-ci ildə ədibi “İblis” əsərini yazmağa sövq edib. Əsərin baş obrazları Osmanlı sarayının və türk ordusunun rəhbərləridir. Tarixdən məlumdur ki, hələ I Dünya müharibəsindən çox-çox əvvəl Osmanlı təfəkkürü yabançı qüvvələrin təzyiqlərinə məruz qalmışdı. Yurdunu sevən türklər sarayda ərəblər, ermənilər tərəfindən öldürülür, günah da başqa bir yurdsevər türkün üstünə atılırdı. Belə bir şəraitdə türk düşmənçiliyi yox olmadan türklüyün qurtuluşu mümkün deyildi. Əsərdəki Rənanın atası Osmanlı sarayında vəzifə sahibi olub, hansı səbəbdənsə öldürülür. Qız atasının qatilini axtarır və onu tapıb intiqam alacağına inanır. Sarayda ən çox etibar edilən ərəb general İbn Yəmin Rənanı sevir. Qatilin tapılmasında qıza yardım edəcəyinə söz verir. Əslində isə sarayda bütün fitnələri elə bu ərəb törədir. Ancaq İbn Yəmin hər an etibarını itirən bir obrazdır. Çünki hadisələr içində onun kimliyi yavaş-yavaş üzə çıxır... Pyesdə uşaqlıqda bir-birindən ayrı düşən iki qardaş obrazı da var: Vasif və Arif. Onlar bir-birini tanımırlar. Vasif bir türk zabitidir. Hər iki qardaş Rənaya aşiqdir. Vasif Rənanın atasının qatilini tanıyır. Arif isə daha sonra İbn Yəminin söhbətlərinə təsadüfən qulaq asarkən qatilin kim olduğunu öyrənir. Bu zaman sarayın bir çox tanınmış şəxsləri özünü itirir və sarsıntı keçirirlər. Osmanlı sarayının türklərə necə düşmən olduğunu açıqca görürlər. Çünki sarayda Osmanlı dövlətinin yolunda canını fəda edən türklərin heç bir etibarı yox ikən, dövlət xəzinəsini dağıdan ərəblərin etibarı daha yüksək idi. Bu üzdən də hamı şübhəli və ümidsizdir. Sarayın ən hörmətli şəxsi İbn Yəmin isə türk ordusuna etdiyi xəyanətlərindən çox məmnundur. 
    Vasif isə Osmanlıdakı bütün cinayətlərin kimlər tərəfindən edildiyini başa düşür. Bilir ki, sarayda qorxulu bir plan hazırlanır. Anlayır ki, ərəb və ermənilər tərəfindən Osmanlı hökumətinin əl-qolu bağlanıb. Bu gerçəkləri bilən Vasif çox gərginləşir və əndişələnir. Əsərdə Elxan surəti gec görsənsə də, parlaq şəkildə verilir. O da bir türkdür. Osmanlı sarayında önəmli bir vəzifədə çalışır. Törədilən qətlləri, cinayətləri ifşa edib günahkarları yaxalamaq istəyir. Məhz buna görə onun da səsini kəsmək istəyirlər. O bunu başa düşür. Bu səbəbdən saraydan uzaqlaşır. Gedib meşədə yaşayır. Tərəfdarları ilə türk ulusunun tarixi qurtuluşuna nail olmaq istəyir. Hüseyn Cavid Elxan obrazının xarakterində, əxlaqında vətənpərvərlik, insansevərlik və ədalət duyğuları canlandırıb. Elxan ormanda yaşayır və Anadolunun qurtuluşu üçün planlar hazırlayır. Hadisələrin cərəyan etməsindən məlum olur ki, gələcəkdə ölkənin qurtuluş yolları bu ormanlıqdan keçəcək. Hər kəs burada öz xəyanətini etiraf edəcək, türk ulusunun dəmir iradəsinin göstəricisi olan Elxana hesabat verəcək və cəzasını alacaq. Pyesdə o, türk ulusunun qurtuluş öndəri kimi təqdim olunur. Məlumdur ki, əsərdə İblis bütün qəhrəmanları aldadır. Ancaq Elxana üstün gələ bilmir. Çünki o, hədəfi bəlli olan və istəyindən heç bir şəkildə geri çəkilməyən xilaskardır.
    Əsərin sonunda İblisin monoloqunda isə bəşəriyyəti məhvə, cinayətə sürükləyən dövrün eybəcərlikləri, işğalçılıq, imperializm, antihumanizm ifşa olunur:    

    Bənsiz də, əmin ol, sizə rəhbərlik edənvar:
            Qan püskürən, atəş savuran kinli krallar, 
        Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
    Altın və qadın düşkünü divanə bəbəklər.
    Bin hiylə quran tilki siyasilər, o hər an
    Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
    Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
    Onlar duruyorkən bəni təhqirə nə hacət?!
    Onlar, əvət onlar sizi çignətməyə kafi,
    Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...

    Beləliklə, Cavidin “İblis”i tamaşaçılara, oxuculara olduqca geniş və yeni bir sahə açır. Dünya müharibəsinin bədii əks-sədası olan bu əsər Şərq və Qərb həyatını, onların ictimai, ruhi və siyasi əhvalını yaşamaq üçün çırpınana türk xalqının bəxtiyar olmasına əngəl yaradan bütün səbəbləri, maneələri həqiqi və canlı surətdə göstərməyə müvəffəq olmuşdur. Belə ki, əsərdəki baş qəhrəmanlar həyat həqiqətini poetik ifadə edən tiplərdir. Ümumilikdə, əsərin məzmunu və müəllifin qayəsi İblisi bəşəri fikirləri meydana gətirən ciddi amillərin ümumiləşdirilmiş obraz kimi canlandırmaqdır. Bu əsərlə müəllif bütöv insanların mənəvi mühitini, intellektual düşüncəsini dövrün məsələlərinə yönəldir ki, bu da bəşəriliyi ilə bağlıdır.
    Tarix sübut edir ki, böyük sənətkarlar zaman və məkana sığmırlar. Cavidin bədii zamanı sonsuzdur. Hüseyn Cavid o mövzulara, zamanlara müraciət edir ki, həmin zamanlar bəşəriyyət tarixinin ən önəmli xarakterik zamanlarıdır. Və bu həmişəyaşar mövzuları sənətkar ədəbiyyata gətirərək möhtəşəmliyi ilə nəinki Azərbaycan, eləcə də dünya ədəbiyyatında özünə böyük heykəl qoydu.

Aytac CƏFƏRLİ

Nəşr edilib : 28.09.2022 19:34