AZ EN RU

Bahar nə xoş gəlir, ruha dad verir,arzuya, istəyə qol-qanad verir

Bahar, istəklimsən, başdan-binadan,

Ən gözəl qızısan sən təbiətin,

Xoşbəxt yaranmısan xoşbəxt anadan,

Gözünün odusan şeirin, sənətin,

Ən gözəl qızısan sən təbiətin...

 

Bahar!.. Ana təbiətin işvəkar, nazənin, istəkli gözəli! Elimin, ulusumun həyat eşqinin ilki, əzəli! Həyat rişəsi, yaranışın ibtidası, yaşatmaq həvəsi… Qoy fəsillər inciməsin heç biri: qarlı qışım, Qələbə müjdəsilə baharlaşan barlı payızım, qorabişirən yayım. Bu fəsillərin hər birindən min bir çalar, rəng alan baharın xalqımın xilqətində, ruhunda bir özgə yeri var. Bəlkə, ona görə ki, bu xalq yaranışdan təbiət aşiqi, torpağa bağlı olub? Bəlkə, ona görə ki, bahara bənzərlik – torpağa könül verib, can verib torpaqdan güc alıb ucalmaq, halal zəhmətlə min büsat qurmaq, yaratmaqdan, yaşatmaqdan usanmayıb zövq almaq, saflaşmaq, paklaşmaq istəyi bu xalqın xislətindədir? Nuh babamın “torpaq” deyib qədəm basdığı həyatın ilkinindən, Atəşgah odundan, “Əshabi-kəhf” müqəddəsliyindən, Haçadağ vüqarından, Əlincə əyilməzliyindən, Möminə xatın ehtişamından, Araz məhrəmliyindən, Batabatımın mərcan gözlülüyünə, Bakı xəzrisinə, aynagözlü masmavi Xəzərimə, Göygölümə, başıqarlı Kəpəzimə, Şuşanın şüşətək, incitək saf bulaqlarına, əzəmətli dağlarına, yamyaşıl meşələrinə heyranlıqdan gəlir bu sevgi? Yoxsa illərlə yasaq edilsə də, qəlbimizin, ruhumuzun odunda-qorunda yaşada bildiyimiz, türkün mədəniyyət qədimliyinin etalonu olan Novruz bayramından gəlir bu munislik, doğmalıq? Bir də axı neçə-neçə Vətən oğlu təbiətin payız fəsli, xəzan çağında illərdir, həsrət qaldığı Vətən torpağına baş qoyub, son anda bir əli tətikdə, bir əli ilə vüsalına yetdiyi Vətən torpağını ovuclayıb baxışları son dəfə Vətən göylərinə sancılan igidlərimin bu xalqa ömürlük bahar nəsib edən nakam ömürlərisən, bu xalqa əmanətisən, Bahar! Şəhidimin son nəfəsindən, son təbəssümündən açan xarıbülbülümsən, bahar!

 

Vətən bağı al-əlvandır,

Var üstündə xarıbülbül!

Ömür sürməli dövrandır,

Səsin gəlsin barı bülbül.

 Azad bülbüllərin susmayacaq cəh-cəhi, durnaların yurd yerinə əminliklə dönüşüsən, bahar! İgidlərimin al qanından rəng almış, bağrı qara al-qırmızı lalələrin səhər mehindən titrəşə-titrəşə əllərinin xınası, duvağının rəngi hələ solmamış bir gözəlin köksündə bir şəhidin məzarına yürüşüsən, bahar! Azad Vətən səmasında dalğalanan yaşıldonlu, mavigözlü, alyanaqlı gözəlimin – səcdəgahımın köksündəki ay-ulduzun göy üzündəki ay-ulduzla yarışısan, bahar!

Elə ki havanın şaqqı sındı, dağların güney qarı sellərə dönüb şaqqıldaya-şaqqıldaya özünü yamacların qoynuna atdı, – bahardır demək. Novruzgülü qar altından çırpınıb çıxanda, bənövşə yaz müjdəçisi kimi ellərin gözünün ona dikildiyini görüb ifallanıb boynunu bükəndə, ləçəkləri mehin nəvazişindən nazlana-nazlana torpağa baş əyəndə, – bahardır demək. Buludlar şuxluq, şıltaqlıq edib göyü qeyzləndirər, ildırım çaxar, gözlərindən leysan tökdümü, açılar göy üzünün qaşı-qabağı, – bahardır demək.

Elə ki sular oyanıb, bumbuz bulaqlar durulub səmanın çöhrəsinə güzgü tutdu, xırmanları sovurub dənini dən, samanını saman edən Yel baba çağırışımıza hay verib dəyirmanları işə saldı, qarı nənənin yun əlçimini qaçırdı, – bahardır demək! Elə ki torpaq qar yorğanını başından atıb cana gəldi, isti nəfəsini göylərə leysan ərməğanı üçün göndərdi, Odlar Yurdunun od oğlu Günəşdən atəş alıb bayram tonqalını çatdı, – bahardır demək! Elimin-yurdumun əziz Novruz bayramı gəlir, deməli. Həyat, yaşıllıq nişanəsi olan səmənimizlə bərabər, gündə bir boy cücərər ümidlərimiz, arzularımız, diləklərimiz. Evlər, həyətlər təmizlənər, abadlaşar, baharın pişvazına çıxmağa tələsər. Analar-nənələr sandıqlarında, düyünçələrində yığıb saxladığı bayramçalıqları ortaya tökər, sevinər qız-gəlinlər, nəvələr. Dünyadan köç edənlərin ruhları anılar, ağsaqqallar, ağbirçəklər yada salınar. Bayramlaşmaq, umu-küsüləri unudub barışmaq, xətir-könül almaq, xəstə, ahıl ziyarəti, böyükdən kiçiyə qayğı, nəvaziş xalqımın incə ruhlu, bahar təbiətli olmasından, saflaşmaq, paklaşmaq, halallaşmaq istəyindən deyilmi?! Başlayar yurdumun min bir büsatlı Novruz növrağı. Nişanlı qızların evlərinə yol alan bir-birindən bəzəkli xonçaların tamaşası göz oxşayar. Qapıpusduya, qulaq falına çıxanlar, üzük falına inananlar nəsiblərini bu bahardan alacaqları sevincilə şadlanar, bacadan şal sallayanlar deyiklilərindən bayramlıqlarını alıb toxtayar. Dəcəllər bir küncə çəkilib çaqqışdırıb udduqları rəngbərəng yumurtaları qalib qəhrəman ədasıyla soyub ləzzətlə yeməyə başlayar, sonra da baba-nənə sovqatı kişmişi, noğulu, çərəzi bölüşdürərlər. İlaxır çərşənbə axşamı qalanan tonqalların alovu şaxə qalxar, “Atıl-matıl, çərşənbə, ayna təkin bəxtim açıl, çərşənbə”, – deyib niyyət edən kim, “Ağırlığım, uğurluğum odlara”, – deyib tonqaldan atlanan kim. İlaxır çərşənbənin səhəri sübh tezdən Qızlar bulağına su üstünə gedən gözəllər yarışa çıxıbmış kimi durna qatarıtək səf-səf düzülər.

Elə ki qışla yazın mübarizəsində yazın, torpağın rəmzi Kosa ölməyib dirildi, qəlblərdə bu yazın xeyir-bərəkətinə ümid cücərər, bayram şənliyi daha da coşar. El aşığı telli sazı sinəsinə sıxıb salamlayar könül yazını: 

Budur, gəldi bahar fəsli,

Dağların lala vaxtıdı.

Açılıbdır qızıl güllər,

Bülbülün bala vaxtıdı.

Əlincə ətəklərində, Şərur çöllərində, Cıdır düzündə halay vurub, yallı gedər qız-gəlinlər, qurşaq tutar, cəngə çıxar, cövlan edər igidlər. Qolça qopuzlu Dədəm Qorqud meydana gəlib alqış edib xeyir-dua verər: “Axmaz ikən, Qazılıq dağı, sənin suların axar oldu! Bitməz ikən sənin otların, bitər oldu, Qazılıq dağı, daşa dönmüş keyiklərin qaçar oldu, Qazılıq dağı! Torpaq adlı vüsalımıza yetdik artıq! Naxçıvanla, Kəlbəcərlə, Şuşamızla bir olduq, bölünməz olduq! “Vətən” deyib qara başın bu torpağa qurban deyən ərənlərin ruhlarına, torpağına sahib çıxan məğrur xalqa, qalib xalqa salam olsun! Ulu Tanrının yazdığı torpaq haqqın halal olsun! Əzəli yurd yerlərimizdə Vətən sevgisinin hərarəti ilə alovlanan odumuz-ocağımız daim yanar olsun!” Atəşgahda, Əlincəqalada, Haçadağda, Bəlkə dağında, Ağrıdağda, Kəpəzdə, Qoşqarda, Şuşa dağlarında el olub, bir olub, Tanrı haqqı torpaqlarımızda qurmaq-yaratmaq diləyi ilə yandırdığımız üç tonqalın alovunun şöləsi Zəngəzur dağlarına düşər.

Beləcə, od-ocaq qoxusu ana-nənələrimizin əlinin dadı hopmuş şəkərbura, paxlava, şorqoğal, badambura, fəsəli, içli bayram çöçəsi ilə bayram plovunun məstedici ətrinə qarışar. Süfrələrə yeddiləvin düzülər. Ulularımız dünyanı, həyatı, kainatı dərk etməyə can atmaq müdrikliyi ilə bu bayramda süfrələrimizdə Yerlə Göyü qovuşdurub, Ana torpağın, cücərtinin rəmzi olan yaşıl səməni ilə kainatın – Günəşin, ayın, ulduzun nişanəsi olan şorqoğalı, şəkərburanı, paxlavanı bir süfrədə görüşdürüb.

Elə ki tumurcuqlar düymələdi, qönçələrin gül dodağı qaçdı, “Bu yaz bir başqa yazdır, ellərin keyfi sazdır”, – deyə pıçıldayan sevdalı könüllərin də qəlbindəki arzu-dilək tumurcuqlayar, qönçələyər, pöhrələyər. Elə ki arılar çiçəkdən-çiçəyə qonub zəhmət zümzüməsi ilə gülləri, çiçəkləri oxşayar, bu sevdanın şəhdindən bal süzülər, ağaclar bara dolar.  Təbiət şehlə yuyunub, mehlə quruyan, Günəşin zərrin şəfəqləri ilə arınıb-daranan gül-çiçəklə bəzədilmiş min bir rəngli xalı salar çölə-düzə. O xalının göyqurşağı rəngi düşər göy üzünə.

Təbiət özü də bir kitabxana,

Hər dərə məktəbdir, hər dağ müəllim.

O ilk ana dilim, o kitab-anam,

Bir də əlinizə yetərmi əlim? –

deyən böyük şairimiz Məmməd Arazın təbirincə söyləsək, “macqal dilində çöl əlifbam”ın təbiət dərsi başlayar beləcə. Bu dərsi keçməyən oxuya bilməz Gəmiqaya adlı daş kitabəmi. Bu günümdən dünənimə qulaq dinşədikcə qədim tarix dərəsindən eşidərsən rəncbər, çölçü, maldar babamın halal zəhmət səsini: “Orağı yağla”, “dəryazı döy”, “cütü qulaqla”, “qoşqunu sazla”, “dəstələ yemişan kolunu”.

Qara öküz aranda,

Çıxar gün qızaranda,

Hodaq murada çatar

Torpaqdan bar alanda.

Sübh erkəndən çoban tütəyinin yanıqlı səsi quşların cəh-cəhinə qarışanda qoyun-quzu yarpız, əvəlik, baldırğan ətirli dağ döşünə, bulaq başına, yamaclara yayılar. Yenicə torpağın altından baş qaldıran quşəppəyidən, cincilimdən, yarpızdan qırpıdan mal-davar axşam qaş qaralanda yelinləri dolu qayıdarlar örüşdən. Mənim sağıcı, sayaçı nənəm onları oxşaya-oxşaya sağar:

Dağlardan endi qoyun,

Dolaşdı bəndi qoyun.

Süd-qaymağı bol eylə,

Sevindir kəndi, qoyun.

Beləcə, dolub daşar badyalarda, sərniclərdə süd, bulama, ağüz. Bol olar kəndlinin pendiri, qatığı, qaymağı.

Vaxt olub yarpız, kəklikotu, əvəlik, quşəppəyi, cincilim, çiriş, cacıq – dağların ruzi payı, bağların ərik, tut qurusu, tənəklərin kişmiş varı son ümid yeri olub bu elin, bu ulusun. Amma sınmayıb, əyilməyib, qanıyla, canıyla satın alıb torpağını yağılardan. Babalarımızın zəhmət əlifbası ilə öyrəndiyimiz halallıq dərsi doldurub təknələrimizi. Həm bu yurdu qoruyub, həm yurda dayaq olmuşuq, bu torpağın ver dilini, al dilini öyrənməklə artırmışıq ruzimizi, gözəlləşib abad olub yurd yerimiz. Tanımarsan indi boz çöllərdən zəmi-zəmi dalğalanan, ting-ting yaşıllaşan, qabarlı əllərlə, alın təri ilə gülüstana döndərilən yurd yerini. Bir vaxt insan mehri üçün qəribsəyən bu torpaq guruldayan, nərildəyən texnikalarla altı-üstünə çevrildikcə cana gəlir, bara dolur, varın qoyur ortaya. Bir zamanlar aşıb-daşan, nəğmələri nisgil dolu Arpaçayım bu gün zəhmət, hünər dastanından söhbət açır.

Buna görə aşiqinəm, Bahar! Məramımda, xislətimdə, ruhumdasan! Təbiətin coşan-çağlayan bəxtəvər çağı! Yaranışın, oyanışın, dirçəlişin ilki-əzəli! Şeiriyyətim, ülviyyətim! Arzuların, ümidlərin tumurcuq-tumurcuq boy atdığı, Günəş hərarətli, torpaq ətirli Bahar! Çiçək ətirli zərif yellərinin əsintisi ruhumu oxşadıqca həyat işartılarımı tonqal-tonqal alovlandıran Bahar! Ana təbiətin ən xoş növrağı, səxavət dəmi! Çiçəyin böcəyə, gülün bülbülə işvə-naz çağı! Qaraxallı alyanaqtək allanan çətir-çətir lalələrin bayramı Bahar! Ruhumu qönçə-qönçə pərvazlandıran Bahar! Elimə-obama sevinc, xoşbəxtlik, ruzi-bərəkət, səadət gətir! Göz yaşlarını güllərin şəbnəmi, qan-qadanı lalələrin qan rəngi, qəzəbləri, nifrətləri, kinləri ildırımın ahəngi əvəzləsin! Leysan-leysan yu dərdləri, ələmləri! Çaylarında, göllərində arınaq, durulaq! Arzularımız çölün-düzün kimi çiçək açsın! Günəşinin atəşindən od aldıqca ürəklər, çin olsun qoy ən xoş arzu-diləklər! Gəl baharım, çiçək-çiçək, ləçək-ləçək, ətir-ətir, çətir-çətir ruhuma hop! Aşiqinəm, gözəl bahar!

- Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 18.03.2022 12:27