AZ EN RU

Dağlardan gələn ləziz nemət – yaz pencərləri

Artıq el-obamız da yaz ətrinə bürünüb. Yazın ilk müjdəçisi qaranquşlar sayılsa da, ətrini həm də min bir dərdin dərmanı sayılan çöl bitkilərindən alırıq. Elə biz də bu ətri duymaq üçün ötən həftəsonu dağı, düzü can dərmanı sayılan bitkilərlə zəngin olan Şahbuz rayonuna üz tutduq. Yolumuz rayonun Keçili kəndinədir.
Yolboyu seyr etdiyimiz mənzərələr – ağacların çiçək açması, zəmilərin artıq yaşıl örpəyə bürünməsi insanı valeh edir. İlin bu vədəsində işi-gücü, necə deyərlər, başından aşan kənd sakinləri səhərin erkən saatlarından sahəyə çıxır, əkin-biçin üçün ilk hazırlıqlarını görürlər. Lakin bu qədər işin arasında bu günlərin ən ləziz, faydalı nemətləri sayılan – cacıq, qazayağı, çiriş, şomu, yarpız, quşəppəyi yığmağa da mütləq zaman ayırırlar. Elə çoxdan tanıdığım Keçili kənd sakini Tovuz xala kimi. Onunla birlikdə sadaladığımız bitkilərlə oxucularımızı tanış etmək üçün kəndin dağlarına üz tuturuq.

Yolboyu təbiətin səxavətindən söhbət açan Tovuz xala deyir ki, Uca Yaradan bu diyarın insanlarına ruzilərini özlərindən əvvəl verib. Bu yurda elə səxavətlə min bir naz-nemət bəxş edib ki, yığıb istifadə etməklə bitmir, tükənmir. Bizə düşən isə onların qədrini bilməkdir. Yığanda da elə yığmalıyıq ki, bar-bərəkətimiz tükənməsin, bu gözəl nemətlər hər zaman süfrələrimizin bəzəyi, canımızın sağlamlığı olsun.

Hələ qədimdən bərəkətli torpaqlarımızda bitən, vitamin və minerallarla zəngin olan bu bitkilərdən müalicə vasitəsi kimi də istifadə etmişik, cürbəcür yeməklər də hazırlamışıq. Erkən yazda təbiətin qoynundan toplanan müxtəlif növ bitkilər həm də kənd adamının qazanc mənbəyinə çevrilib. Elə ki yaz gəldi, şimşək çaxıb təbiətə halallıq verdi, kəndimizin qız-gəlinləri ilə birlikdə üz tuturuq yurdumuzun dağlarına, düzlərinə, hər biri min bir dərdin dərmanı olan bitkilərdən toplamağa. Sübhün saf, təmiz havasında təbiətin qoynunda olmağın özü sağlamlığa çox xeyirdir.
Bir xeyli məsafə qət etdikdən sonra evdən hazırlıqlı gələn Tovuz xala pendir və lavaş çıxararaq: – Bir az dincələk, – deyir. Pencər yığa-yığa təmiz havada lavaş, pendir, qaymaq yeməyin öz ləzzəti var.
Tovuz xala deyir ki, kəndimizdə bitən bitkilərdən təkcə yaz aylarında yox, ilin hər fəslində yeməklər hazırlayıram. Yazda onları təzə-təzə toplayıb günaşırı bişirirəm. Bu bitkilərin bəziləri var ki, onları qurudub qışa da saxlayıram. Cacıq, çiriş, qazayağını isə yaxşıca yuyub azca qaynatdıqdan sonra süzüb, sıxıram. Soyuduqdan sonra kiçik torbalara yığıb dondurucuda saxlayıram. Bundan başqa, cacığı təmizləyib yaxşıca yuduqdan sonra şüşə balona yığır, üstünə qaynar su, hər litrə bir xörək qaşığı duz əlavə edir, 10 dəqiqə qaynadıqdan sonra ağzını qapaqla bağlayıram. Bunu sərin yerdə saxlamaq lazımdır. Müsahibim qış süfrələrinin ləziz dadı çaşır və baldırğan turşusunun hazırlanma qaydasından da danışır:
– Çaşırdan turşu tutmaq üçün onu çeşidləyir, yəni körpə zoğları ayırırıq. Çünki körpə çaşırla nisbətən qalınları bir yerdə qaynatmaq olmaz, əzilər və ya çiy qalar. Qazanda su qaynadır, çaşırı az-az həmin suya tökür, pörtlədir, sonra isti sudan çıxarıb pendir suyu olduqda ona, olmasa, ayran çalıb içərisinə tökürük. Pendir suyu, ayran çaşırın rəngini ağardır. Bir neçə saat orada qaldıqdan sonra süzür, yaxşıca yuyuruq. Balonlara yığıb hər kiloqramına bir qaşıq duz, su töküb 10 dəqiqə qaynadır, üç litrlik balona bir xörək qaşığı sirkə əlavə edib bağlayırıq. Baldırğanı da çeşidləyib, 5 dəqiqə qaynadıb soyuq suya tökür, bir neçə saat saxlayıb, sonra eyni qaydada balonlara yığıb bağlayırıq. Tutmalara tökülən duz iri dənəli olsa, daha yaxşıdır.

Qırxbuğum bitkisi haqqında da söhbət açan Tovuz xala deyir:
– Bitki çiy və bişirilmiş halda istifadə edilir. Ondan dovğa, buğlama, aş, kətə, salatlar hazırlanır. Qırxbuğumun düyü ilə bişirilmiş aşı sarımsaqlı qatıqla çox dadlı olur. Bu bitki aprel-may aylarında yığılıb qurudulur və qış üçün tədarük edilir. Qış aylarında ondan umac, səbzi (ət ilə qızartma) bişirilir. Qurudulub un halına salınmış kütləsindən sıyıq hazırlanmasında istifadə olunur. Qırxbuğumlu aş bişirmək üçün onu kiçik hissələrə bölür, düyünü süzür, sonra qazanın dibinə qazmaq qoyur, bir qat düyü, bir qat qırxbuğum yığılır, üzərinə yağ, zəfəran əlavə edilib dəmə qoyulur. Qırxbuğum dərman kimi də istifadə olunur. Bunun üçün bitki çiçəkləyən dövrdə toplanıb qurudulur. Xalq təbabətində ondan hazırlanmış dəmləmə və cövhərlər mədə-bağırsaq xəstəliklərinin müalicəsində, ağrıkəsici və iltihabgötürücü vasitə kimi istifadə edilir. Yarpaqlarından çıxıq və sınıqlara, çibantipli yaralara təpitmə qoyulur.
Tovuz xala min bir dərdin dərmanı olan uşqun haqqında deyir ki, bitkinin yığılma dövrü, əsasən, aprel ayının 20-dən may ayının sonunadəkdir. O, cəmi 25-30 gün ərzində yeyilməli olur. Həmin vaxt keçdikdən sonra yeyilən hissəsi – özəyi bərkisə də, yayın ortalarına kimi onun həm çiçəyindən, həm də ətrafındakı yarpaqlarından istifadə etmək olur. Mineral və vitaminlərlə zəngin olan uşqundan şəkər, xərçəng, ürək xəstəliklərində, həzm prosesinin yaxşılaşdırılmasında geniş istifadə edilir. Daha çox susuzluğu yatıran vasitə kimi də yeyilir. Şəkər xəstəliyində yaranan susuzluğun qarşısını alır. Uşqunun yanlarından çıxan hissələrini onun özəyi kimi satanlar da olur, amma onun yeyilməli yeri yarpaqların ortasından çıxan özəyidir. Uşqun banan kimi soyulub yeyildiyindən ona Anadoluda “dağ bananı” deyirlər. Uşqun dağlarda bitən ən böyük yarpaqlara malik bitkidir. Dadı turşməzə və bir qədər də acıdır. Yığılma vaxtı bitdikdən sonra özəklər daha da böyüyür, azacıq sarı və qızılı rəngə çalan balaca çiçəklər açır. Həmin vaxt insana elə gəlir ki, sanki dağlara qar yağıb. Elə ki çiçəklərin xoş ətri dağı, dərəni, yamacları bürüdü, onu yığaraq sərin yerdə qurudurlar.
Müsahibim onu da bildirir ki, bu şəfalı bitkidən qışda istifadə etmək üçün turşu və mürəbbə də hazırlayırlar. Çaşır, baldırğan kimi tutulan bu turşunun fərqi bircə ondadır ki, uşqunun qabığı təmiz soyulur, isti suda pörtlədilmir, çiy şəkildə duza qoyulur. Bir gün iri ləyəndə duza yatırıldıqdan sonra lay-lay bankaya yığılır, üzərinə qaynadılıb soyudulmuş duzlu su tökülür.
Bu bitkinin mürəbbəsini də hazırladığını deyən müsahibim bildirir ki, mürəbbə üçün kövrək özəklər qabığı soyularaq balaca-balaca doğranır. 1 kiloqram uşqun üçün, təxminən, 1,5 kiloqram şəkər tozu götürülür, 3-5 stəkan suda qarışdırılaraq şirə hazırlanır. Qaynayan şirəyə uşqun əlavə edilir və bir gün şirə çəksin deyə, hazırlanan şirədə qalır. Səhəri gün ərik mürəbbəsində olduğu kimi qaynadılaraq bişirilir. Mürəbbədən, əsasən, ağır soyuqdəymələr zamanı istifadə edilir. Adətən, mürəbbə ilə çay içəndə insan tez-tez susuzlayır. Amma uşqun mürəbbəsi, əksinə, susuzluğu azaldır.

Tovuz xala söhbətinə davam edərək xatırlayır ki, anam hər zaman deyərdi ki, bu bərəkətli torpaq Allahın bizlərə bəxş etdiyi ehsandır. Bu nemətləri Tanrı torpağımıza bəxş edib. Əcdadlarımız bu otlardan yüz illərboyu həm dərman vasitəsi, həm də qida kimi istifadə ediblər. Biz də bu torpaqda boy göstərən həmin bitkilərdən faydalanmışıq, onların çoxalmasına, artmasına çalışmışıq. Əmanət bilmişik onları. Siz də elə bilin, yararlanın, amma bunu elə edin ki, onların kökü kəsilməsin. Mən də onun bu sözlərinə əməl etməyi həmişə bitki toplayanlara məsləhət görürəm. Deyirəm ki, bitkilərin yığılma qaydasını düzgün yerinə yetirin, qoy onların kökü kəsilməsin. Axı bu dağlarda bitən bitkilər elə zamanlar olub ki, elimizin insanlarını aclıqdan qoruyub, insanlara şəfa verib. Şükür Allaha, bu gün yurdumuzda sülh və əminamanlıqdır. Hər tərəf – dükan, bazar cürbəcür nemətlərlə dolub-daşır. Amma mən deyərdim ki, ilin bu vaxtında bir boşqab qovurmalı cacıq bir şiş kababdan daha dadlı gəlir insana.
Tovuz xala ilə söhbətimiz bizə zamanın necə keçdiyini unutdurur. Artıq geri qayıtmağın vaxtıdır. Gəldiyimiz qənaət isə budur ki, hər qarışı xəzinə olan torpaqlarımızın, o torpaqların yetirdiyi, bitirdiyi nemətlərin qədrini bilməli, onlardan lazımınca istifadə edib gələcək nəsillərə də əmanət etməliyik.

 Telli MƏMMƏDOVA

Nəşr edilib : 14.04.2021 19:06