AZ EN RU

Dağlarımızın ətri – kəklikotu

    Həmişə qürurla bəhs etdiyimiz Naxçıvan təbiəti min bir dərdin dərmanı olan müalicəvi, həm də süfrələrimizə gözəllik, səhhətimizə sağlamlıq bəxş edən bitkilərlə zəngindir. Bunlardan biri də kəklikotudur. İlin bu çağında torpaqdan boy qaldırıb dağların sinəsinə yayılan bu bitkinin ətri hamını valeh edir. 

    Xalq təbabətində bu gün də, əsasən, soyuqdəymə dərmanı kimi istifadə edilən kəklikotu hər bir naxçıvanlı ailəsinin çay süfrəsinin əvəzedilməz təamıdır. Deyirlər ki, yaz gəldimi, samovar salınıb, dəmlənən çaya kəklikotu qatmadınsa, nə ləzzəti? Hər kəs tərəfindən sevilən ədviyyat kimi kəklikotunun Naxçıvanda bütün növlərinə rast gəlirik. Ancaq qızılgül, limon ətirli olan kəklikotudan daha çox istifadə edilir. Bəzən bu bitkinin adına “kəkotu” deyənlərə də təsadüf edirik. Lakin ümummilli liderimiz Naxçıvana səfərlərinin birində kəklikotulu çay süfrəsi arxasında deyib: “Bu ota vaxtilə Bakıda ruslar kəkotu adını qoyublar. Lakin kəklikotudur. Kəklik yeyən ot olduğuna görə, adı da kəklikotudur”.

    Kəklikotunun dərman kimi istifadəsi IV-V əsrlərə gedib çıxır. Tədqiqatlara əsasən ovaxtlar muxtar respublika ərazisində yaşayan qədim türk tayfaları bu bitkinin soyuqdəymədən yaranan xəstəliklərdə faydalı olduğunu biliblər. XVII əsrdə yaşamış Azərbaycan həkimi və alimi Hacı Süleyman İrəvani onun müalicəvi əhəmiyyəti haqqında belə yazıb: “Kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir, ağciyər üçün xeyirlidir. Çiçəyinin sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul etmək məsləhətdir. Bu bitkinin həlimi qarında küt ağrıları götürür, həzmə kömək edir. Əncirlə qarışdırılmış həlimi öskürəyə faydalıdır. Təzə pendirlə yeyildikdə insanı kökəldir. Göz qarasına ləkə düşərsə, oraya kəklikotu şirəsini damcılatmaq lazımdır. Yarpağı bal ilə ovxalanaraq məlhəmi bərk şişlərin üzərinə sürtüldükdə şişləri sorur”.
    Bu qiymətli bitkinin daha çox yayıldığı bölgələrimizdən biri də Kəngərli rayonunun dağlarıdır. Bu dağlarda kəklikotunun bir çox növləri, o cümlədən qızılgül və limon ətirlisi bitir. Yaxın günlərdə rayonun Qarabağlar kənd sakini Fuad Nəcəfovla elə kəklikotu yığa-yığa həmsöhbət olduq: 
    – Min dərd varsa, min bir də dərmanı var, – deyən atalarımız qədim dövrlərdən xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Bu bitkilər haqqında məlumatlar nəsildən-nəslə şifahi şəkildə keçib. Dünyagörmüşlər deyirlər ki, sirrinə-sehrinə bələd olduğumuz bitkilərdən dəmlənən çayı süfrələrimizdən əskik etməsək, uzunömürlü olarıq. Doğulub böyüdüyüm kəndin hər dağında, dərəsində bitən bitkilər can dərmanıdır. Hələ uşaq çağlarımdan nənəmdən, babamdan öyrənmişəm bunu. Amma bu iş elə kənardan göründüyü kimi də asan deyil. Hər bitkinin özünəməxsus xüsusiyyəti var, bunu bilməsən, kortəbii şəkildə istifadə etsən, xeyrini görə bilməzsən. Ona görə də bitkiləri nə qədər yaxşı tanısan, bir o qədər də faydalana bilərsən. Fuad deyir ki, hər dərman bitkisinin özünün toplanma vaxtı var. Onu düzgün formada toplayıb qurutmaq, saxlamaq lazımdır. Elə bu kəklikotu kimi. Bu bitkinin yığılma vaxtı may ayından başlasa da, muxtar respublikamızın bəzi rayon və kəndlərində dağların qarı bir az gec əridiyi üçün oralarda iyun ayından etibarən kəklikotu yığımı başlayır. 
    Həmsöhbətim bildirir ki, may-iyun aylarında toplanan kəklikotunu qurudaraq da istifadə edirlər. Evə gələn qonaqlara, uzaqda yaşayan qohumlara ətirli kəklikotudan sovqat tuturlar. Elindən, doğma torpağından uzaqda olan hər kəs üçün doğma yurdunun dağlarında bitən kəklikotu ən gözəl hədiyyədir. Çünki onda bu dağların ətri var. Hətta qurudulmuş kəklikotunu paketləyib satışa da çıxarırlar. Bununla da həm dağlara qalxıb yerindəcə bu məhsulu toplaya bilməyənlərin işini asanlaşdırır, həm də ailə büdcələrinə müəyyən əlavə etmiş olurlar.
    Fuadın dediyinə görə,  bu bitkinin çiçəyindən və lap körpə yarpaqlarından mürəbbə və kompot da hazırlayırlar. Bu mürəbbə can dərmanıdır. Bunu qışda çaya qatıb içmək çox xeyir verir. Bununla yanaşı, kəklikotudan hazırlanan mürəbbə və kompotlar bu gün muxtar respublikamıza gələn turistlərin də marağına səbəb olur.
    Son olaraq onu da deyək ki, bu dağlar hər zaman bizi düşməndən, soyuqdan, borandan, seldən, tufandan qoruduğu kimi, öz qoynunda bitən şəfalı bitkiləri ilə dərdlərimizə də dərman olub. Yaşlı insanlar deyirlər ki, əvvəllər bir evdə xəstə olanda həkim tapmaq imkanları çox az idi. Türkəçarə vasitələrlə bir çox xəstəliklərin qarşısını almağa çalışardılar. Ən çox da soyuq fəsillərdə kəklikotu çayı köməklərinə yetirmiş. İlin-günün bu vaxtı kəklikotu çayı içmək insana çox xoş gəlir.  
    “Şəfa” Özəl Tibb Mərkəzinin həkimi – dietoloq Pərvanə Qəhrəmanova ilə də həmsöhbət olduq: İbn Sina yazır ki, kəklikotunu çeynəmək diş ağrısını yox edir, damaqları möhkəmləndirir. Sakitləşdirici təsirə malikdir, immuniteti artırır. Soyuqdəymə, ağciyər, mədə-bağırsaq xəstəliklərinin müalicəsində də istifadə olunur. İştahanı yaxşılaşdırır, həzmə kömək edir. Ən yaxşı ağrıkəsicidir. Revmatizmi olan xəstələrin müalicəsində əvəzsizdir. Bəlğəmgətirici təsirə malikdir, qripə qarşı faydalıdır. Spazmalara, yaraların sağalmasına, şəkər xəstəliyinə, eyni zamanda stresə qarşı faydalıdır. Yuxusuzluğu aradan qaldırır. Qan dövranını nizamlayır.
    Kəklikotu dəmləməsi qan dövranını yaxşılaşdırdığı üçün insanda xoş əhvali-ruhiyyə yaratmaq, sinir sistemini sakitləşdirmək qabiliyyətinə malikdir. Dərinin parlaqlığı, eləcə də yaraların sağalması üçün onun məlhəmi çox xeyirlidir. Məsələn, kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli həşərat sancmaları zamanı dəriyə çəkilərsə, tezliklə kömək edər. Lakin hər bitki kimi, kəklikotunu da düzgün istifadə etməsəniz, xeyrindən çox ziyan görərsiniz. Həddindən çox qəbul edildikdə arterial təzyiqin qalxmasına səbəb olur və allergiyası olanların dərilərində qırmızı səpgilər əmələ gətirir. Ona görə də bitkilərin dilini bilmək lazımdır. 
    Hörmətli oxucu! Öz zəhmətinlə bu bitkini toplamaq üçün dağlara qalxmaq gec deyil...

Telli MƏMMƏDOVA

Nəşr edilib : 02.06.2022 20:51