AZ EN RU

Dini dəyərlərimizə yüksək ehtiram humanizm, vətənpərvərlik nümunəsidir

    Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsinin, tolerantlıq mühitinin formalaşdırılmasının, milli-mənəvi dəyərlərə qayğı siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dini həmrəyliyi yüksək mədəniyyətin göstəricisi kimi dəyərləndirən ümummilli liderimiz Azərbaycana rəhbərliyinin hər iki dövründə mənəvi dəyərləri diqqətdə saxlayıb. Ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin əsasını qoyması və müstəqillik illərində ölkəmizdə yaşayan bütün xalqların birliyinin ifadəsi olan Azərbaycançılığı dövlətçilik ideologiyası səviyyəsinə qaldırması onun bəşəriyyət qarşısındakı xidmətləridir. Ulu öndər dövlət-din münasibətlərinin tarixi-milli ənənəyə və müasir hüquqi prinsiplərə uyğun olaraq tənzimlənməsinə, vicdan azadlığının təminatına, dini-mənəvi, əxlaqi-etik dəyərlərin təbliğinə daim böyük qayğı ilə yanaşıb. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din siyasəti ölkəmizdə uğurla həyata keçirilir, dini-mənəvi dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. 

    Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərin qorunması sahəsində ardıcıl işlər görülür, dini maarifçilik ümumi maarifçiliyin tərkib hissəsi kimi inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 28 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası Nümayəndəliyinin bazasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi yaradılıb. Bu dövlət orqanı böyük bir inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 18 dekabr tarixli Fərmanı ilə idarənin əsasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, 2017-ci il 28 dekabr tarixdə isə agentliyin tabeliyində “Mənəvi dəyərlərin təbliği Fondu” yaradılıb.

    Agentlik Naxçıvan Muxtar Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi uğurla fəaliyyət göstərir. Bu sahəyə dövlət qayğısının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında dini etiqad azadlığı təmin olunub. Qədim diyarımızda mənəvi dəyərlərimiz qorunur, dini bayramlar yüksək səviyyədə qeyd edilir, ziyarətgahlar, məscidlər, məbədlər təmir və ya bərpa olunaraq dindarların istifadəsinə verilir. Muxtar respublikada aparılan məqsədyönlü siyasət nəticəsində İslam dini olduğu kimi təbliğ edilir, dini əsaslara uyğun ibadətlər təşkil olunaraq tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. Görülən işlərin nəticəsi olaraq uzun müddətdir ki, muxtar respublikada müxtəlif məzhəblərə məxsus şəxslərin məscidlərdə birgə ibadət etmələri təmin olunub. 

    Naxçıvanda ali dini təhsilli kadrların hazırlanması istiqamətində də ciddi addımlar atılır. 2015-ci ildən etibarən “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açılaraq fəaliyyətə başlayıb. Bununla yanaşı, dini fəaliyyətlə məşğul olanların biliklərinin artırılması da diqqətdə saxlanılır. Dini təhsilə meyilli olanlar üçün Naxçıvan şəhər “Sarvanlar” məscidində qadın və kişilərdən ibarət müvafiq təkmilləşdirmə kursları təşkil olunub. 2014-cü ildən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Bu komissiyalar da insanlar və dinlərarası dialoqa öz töhfəsini verir.
    Naxçıvan Muxtar Respublikasında milli-dini ənənələri yaşatmaq, dini maarifləndirmə işini gücləndirmək, dini abidə və ziyarətgahları qorumaq və onlardan düzgün istifadə etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura yaradılıb. Şura tərəfindən Naxçıvan Muxtar Respublikasında dini bayramlar, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə tədbirlər görülür.
    2017-ci ildə “İslam Həmrəyliyi  İli” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilməsi muxtar respublikanın İslam mədəniyyətinin, milli və dini dəyərlərimizin yaşadıcısı və yorulmaz təbliğatçısı olduğunu bir daha sübut etdi. 
    Bu gün muxtar respublikada tarixi-mədəni irsimizə hörmətlə yanaşılır. Min illərin yadigarı olan abidələrimiz bərpa olunaraq qorunub yaşadılır, gələcək nəsillərə çatdırılır. Muxtar respublikada dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Müstəqillik illərində muxtar respublikada 70-dən çox məscid tikilib, yüzlərlə məscid yenidən qurulub və ya bərpa olunub. 
    Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması, bu statusu layiqincə daşıması, bu münasibətlə çoxsaylı tədbirlərin keçirilməsi İslam dininə verilən yüksək dəyərin, ümumilikdə, dini həmrəyliyə göstərilən diqqətin nəticəsidir. Muxtar respublikada İslam tarixinin bir hissəsi olan, əsrlərdən bəri ziyarətgah və inanc yeri kimi fəaliyyət göstərən imamzadələrin bərpası da diqqət mərkəzində saxlanılır. 
    Dini dəyərlərimizin qorunub yaşadıldığı bir yaşayış məntəqəsi kimi tanınan Nehrəm qəsəbəsində 570 nəfərin eyni vaxtda ibadət edə biləcəyi məscid istifadəyə verilərkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Məscidlər ibadət yeri olmaqla yanaşı, həm də mənəvi dəyərlərimizin yaşadıldığı məkanlardır. Bu gün istifadəyə verilən məscid binası İslami dəyərlər əsasında qurulmuşdur. Məsciddə İslam dini və mənəvi dəyərlərimiz gələcək nəsillərə olduğu kimi öyrədilməli, saf əməllər naminə ibadətlər olunmalıdır”. 
    Ali Məclis Sədrinin iştirakı ilə Babək şəhərində də məscid və Mərasim evi istifadəyə verilmiş, Naxçıvan şəhərinin,  Şərur, Babək və Ordubad rayonlarının dini icmalarına xidməti avtomobillər təqdim edilərkən Ali Məclisin Sədri demişdir: “Bu gün dövlətimiz İslam dəyərlərinin olduğu kimi təbliğini diqqətdə saxlayır, dinə əsassız müdaxilələrin qarşısı alınır.  Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumu tərəfindən həyata keçirilir. Muxtar respublikamızda da bu sahə üzrə dövlət təşkilatı fəaliyyət göstərir. Bu gün Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi ilə dini icmalar arasındakı əlaqələr dövlət-din münasibətlərinin tənzimlənməsinə və möhkəmlənməsinə xidmət edir. Birgə fəaliyyət isə həm ölkəmizə, həm də insanlarımıza fayda verir”. 
    Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqlarının  istifadəyə verilməsi dini dəyərlərimizin yaşadılması, dini ayinlərin icrası, ibadətlərin yerinə yetirilməsi, İslami dəyərlərin öyrənilməsi və təbliği məqsədilə həyata keçirilən dövlət siyasətinin növbəti təzahürüdür. 
    2021-ci il dekabrın 21-də Babək rayonunun Cəhri qəsəbəsində imam otağı, qadınlar üçün 44, kişilər üçün 85 yerlik ibadət zalı olan,  yeni məscid istifadəyə verilmişdir. Ali Məclisin Sədri açılış mərasimindəki çıxışı zamanı demişdir: “Mənəvi dəyərlərə hörmət olan yerdə bərəkət, inkişaf və Vətənə sədaqət olur. Ona görə də bu gün tikilən məscidlərimiz, ibadət yerlərimiz bir məqsədə xidmət edir: mənəvi dəyərlərimizi qorumaq, gəncləri Vətənə sədaqət və vətənpərvər ruhda tərbiyə etmək. Bütün bunlar isə, son nəticədə, ölkəmizin inkişafına xidmət edir”.
    2019-cu il dekabr ayının 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yubiley tədbiri çərçivəsində  Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür məscidi”nin istifadəyə verilməsi isə muxtar respublikada həm də tanınmış din xadimlərinə yüksək ehtiramın ifadəsidir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış tədbirində iştirak etmişlər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin açılış mərasimindəki çıxışı muxtar respublikada dini dəyərlərə dövlət səviyyəsində yüksək ehtiramı qiymətləndirmək baxımından əhəmiyyətlidir: “Yeni məscidin istifadəyə verilməsi Naxçıvanda dini dəyərlərə göstərilən qayğının nümunəsidir. Bu yol ulu öndər Heydər Əliyev yoludur. Bu yol Azərbaycanı daha işıqlı sabahlara aparır. İlk dəfə adım bir məsciddə əbədiləşir. Bu mənim üçün böyük qürur və iftixardır. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm. Allah doğma Azərbaycanımızı, Naxçıvanımızı qorusun”. 
    Muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutulduğunu sübut edən daha bir fakt hazırda Naxçıvan şəhərində yeni məscid kompleksinin inşasıdır. 
    6400 kvadratmetr sahədə inşa olunan kompleksdə məscidlə yanaşı, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün inzibati bina və Mərasim evi yerləşəcəkdir. Məscid binasının fasadında və daxilində işlər milli nəqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək aparılır. İslam dəyərlərinə və Naxçıvan memarlıq üslubuna uyğun tərtibat verilir, pəncərələr şəbəkə formasında yığılır. Məsciddə qadın və kişilər üçün ayrıca ibadət zalları, mədrəsə, həyətdə isə dəstəmaz yerləri istifadəyə veriləcəkdir. 

    Bütün bunlar bir daha təsdiq edir ki, Naxçıvan dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də öz fərqli  inkişaf modelini ortaya qoya bilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Din mənəviyyat deməkdir. İnsanın həyatda düzgün yol seçməsində, mənəvi aləminin zənginləşməsində  dini dəyərlərin mühüm rolu vardır. Bu dəyərlərin qorunub yaşadıldığı mənəviyyat ocaqlarından biri də məscidlərdir. Bu müqəddəs yerlərdə insanlar mənəvi saflıq ətrafında birləşirlər”.

Aytac CƏFƏRLİ

Nəşr edilib : 28.03.2022 21:03