AZ EN RU

Əkin sahələri ailə təsərrüfatlarının daimi iş yerlərinə çevrilir

    Muxtar respublika özünəməxsus dadlı-tamlı meyvə və göyərti məhsulları ilə zəngindir. Göyərtilər süfrəmizin ayrılmaz hissəsidir. Həm də çeşid müxtəlifliyinə görə mətbəximizdə özünəməxsus yer tutur. Zəngin vitamin və mineral mənbəyi olan bu göyərtilər  xörəklərə dad və ləzzət verməklə yanaşı, xoş ətri ilə iştahanı artırır, orqanizmə qəbul olunan qidanın yaxşı həzm edilməsini və tez mənimsənilməsini təmin edir.  
    Muxtar respublikamızda müxtəlif göyərtilərin əkilib-becərilməsi köklü ənənələrə malikdir. Günümüzdə isə belə məhsulların çeşidi daha da artıb. Diyarımızın ən böyük bölgələrindən biri kimi Şərur rayonunda bu sahədə xeyli təcrübə qazanılıb. Rayonun bu sahə ilə məşğul olan nümunəvi ailə  təsərrüfatçılarından biri də  Kürkənd sakini Yaşar  Ələkbərovdur. O, uzun illərdir, öz torpağında  şüyüd, keşniş, ispanaq, tərxun və sair göyərtilər  əkib-becərir. Ailə təsərrüfatçısı hər il bu zamanlar istixanada təbii yolla, heç bir kimyəvi gübrələr vermədən  ərsəyə  gətirdiyi məhsulları Naxçıvan bazarlarına çıxarır, yaxşı qazanc əldə edir.

    Yaşar dayı deyir ki, alıcılar tərxuna, nanəyə, reyhana, şüyüdə, keşnişə daha çox maraq göstərirlər. Xüsusilə də tərxuna. Hamımızın bildiyi kimi, Naxçıvanın tərxunu Azərbaycanın bir sıra bölgələrində, həmçinin digər ölkə bazarlarında  özünə ad qazanıb. Bu göyərti öz ətri və tamı ilə seçilən və sevilən məhsullardan biridir. Onu da deyim ki, Naxçıvanda qış fəslində də təzə göyərti bol olur. Çünki diyarımızda təsərrüfatçılar üçün hər cür şərait yaradılıb, kim istəyir həyətində, pay torpağında istixana yaradır, burada istədiyi qədər göyərti əkir, bir qismindən özü istifadə edir, qalanını isə bazara çıxarır. 
    Təsərrüfat başçısının sözlərinə görə, elə yeməklər var ki, onlara quru göyərti əlavə edəndə daha dadlı olur. Ona görə də hər xanım öz mətbəxində cürbəcür göyərti qurusu saxlamağa üstünlük verir. Alıcıların çoxu isə  Naxçıvanın səfalı havasında, bərəkətli torpağında bitən bu göyərtiləri  alıb, uzaqda yaşayan qohumlarına sovqat göndərir. 
    Müsahibim sadaladığımız bitkilərin məhsuldarlığını artırmaq barəsində də söhbət açır: – Göyərtilərin yetişməsini sürətləndirmək üçün bəzən tərkibində nitratlar olan gübrələrdən istifadə edilir. Adi gözlə göy-göyərtinin tərkibindəki nitratın miqdarını təyin etmək mümkün olmasa da, müəyyən xüsusiyyətlərə görə faydalı və təhlükəsiz bitkini seçə bilərik. Həddindən artıq gübrələnmiş məhsul tünd-yaşıla çalır, ölçüləri iri olur, yarpaqları şirəli və cəlbedici görünür. Buna görə də göyərti alarkən diqqətli olmaq lazımdır. Qeyd edim ki, üzərində heç bir çürümə (soluxma) olmamalı, göyərtinin çeşidinə məxsus spesifik ətri duyulmalıdır. Körpə göyərtidən ibarət dəstələr seçilməlidir, həmçinin göyərtinin kəsildiyi hissəyə diqqət yetirmək lazımdır. Əgər kəsilmiş hissənin üzəri quru pərdə ilə örtülübsə və ya tamamilə quruyubsa, eləcə də solmuş yarpaqları və xoşagəlməz qoxu varsa, məhsul istifadəyə yararsızdır. Göyərtinin yarpaqlarının üzərində zərərverici izləri olmamalıdır. Əgər yarpaqları yapışqan və parıltılı olarsa, deməli, kimyəvi maddədən istifadə edilib. Göyərtini yuyan zaman həmin maddələr tam təmizlənməyə bilər və həzm sistemi üçün təhlükə yaradar. 
    Yaşar dayı göyərtinin faydalarından da danışır: – Dadını, faydasını bilən dünyagörmüş insanlar yaz aylarında, demək olar ki, göy-göyərtiyə daha çox üstünlük verirlər. Ana təbiətin mineral gübrəsiz, dava-dərmansız yetişdirdiyi, insan sağlamlığı üçün möcüzəvi faydaları olan bitkilərdən hazırlanan müxtəlif çeşiddə yemək nümunələri mətbəx mədəniyyətimizi zənginləşdirib. Bu bitkilər uzunömürlülüyün sirrini də özündə qoruyub saxlayır.
    Artıq neçə vaxtdır ki, rayonun yaşayış məntəqələrində yetişdirilən göy-göyərti dükan-bazarlarımızın ən çox alınan məhsullarına çevrilib. Bu məhsullar elə-belə əmələ gəlməyib. Əziyyət çəkilib, qayğı göstərilib. Hətta soyuq qış günlərində belə, torpaq mülkiyyətçiləri onlara halal qazanc gətirəcək bu işdən ikiəlli yapışır, ailələrini bu təsərrüfatla dolandırırlar. İnana bilmirsən ki, qışın soyuğunda, sərt şaxtalar altında bu qədər qayğı tələb edən məhsul yetişdirmək olar. Amma qazanılmış təcrübə, səriştə təbiətin çətinliklərinin öhdəsindən gəlməyə kömək edir. Şərur rayonunun Kürkəndinin torpaq mülkiyyətçiləri də öz səriştə və bacarığı ilə yanaşı, həm də dövlətin onlara göstərdiyi diqqət və qayğıdan bəhrələnərək muxtar respublikada məhsul bolluğuna öz töhfələrini verirlər. 

Aytac CƏFƏRLİ

Nəşr edilib : 15.04.2022 20:17