AZ EN RU

Gənclərin vətənpərvər ruhda böyüməsində hərbi təhsilin xüsusi rolu var

Naxçıvanda ordu quruculuğunun əsasını hərbi təhsil təşkil edir

    Hərbi təhsil Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin edən xüsusi strateji fəaliyyət sahəsi olmaqla sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mərhələlər üzrə fasiləsiz mənimsənilməsini təmin edən təlim və tərbiyə prosesidir. Bu istiqamətdə son illərdə aparılan məqsədyönlü islahatlar müasir düşüncə tərzinə malik, bilikli, dövlətçiliyimizə sadiq vətənpərvər gəncliyin yetişməsinə əsaslı zəmin yaradıb. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yetişməkdə olan nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi əsas vəzifələrdən hesab edilir. Bu məqsədlə təhsil müəssisələrinin bütün pillələrində yetişməkdə olan gənclərə vətənpərvərlik ruhu aşılanır, onlarda Vətənə, dövlətə məhəbbət hissi tərbiyə olunur. Əgər bir ölkənin gəncliyi vətənpərvərlik ruhunda tərbiyə edilirsə, təbii ki, orada hərbi təhsilin inkişafı da mükəmməl olacaq. Sevindirici hal ondan ibarətdir ki, bu məqsədlə Azərbaycanda bir neçə hərbi təhsil müəssisəsi fəaliyyət göstərir və həmin təhsil müəssisələrində gələcək üçün savadlı, bacarıqlı hərbi kadrlar hazırlanır. 

    Müstəqil dövlətin əsas dayaq sütunlarından biri olan güclü və müasir tələblərə cavab verə biləcək ordusunun yaradılmasında hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Respublikamızda milli peşəkar kadrların hazırlanması sahəsində xüsusi xidmətlər göstərən, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini orduya həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynayan təhsil ocaqlarından biri də muxtar respublikada fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseydir. Ümummilli liderimiz Heydər Əliyev bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətini belə dəyərləndirmişdir:  “Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ... Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”.

    Dahi şəxsiyyətin adını qürur və şərəflə daşıyan liseyin fəaliyyəti, kursantların gündəlik məşğuliyyəti haqqında yazı hazırlamaq üçün hərbi təhsil ocağına üz tutduq. Liseyin İdeoloji iş və mənəvi psixoloji təminat üzrə şöbə rəisinin ideoloji iş müavini, mayor Sərxan Səvxanova gəlişimizin məqsədini bildirərək elə ilk məlumatı da ondan aldıq. O, liseyin yaranma tarixindən, fəaliyyətindən və ordu quruculuğuna verdiyi töhfələrdən geniş söhbət açdı. Hələ sovet dövründə gələcəkdə müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hərbi liseyin əsasının qoyulduğunu vurğuladı: “Hərbi lisey ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb və 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılıb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Azərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan tələbatını mükəmməl ödəmək, Naxçıvan Muxtar Respublikasında gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı açılıb. Prezident cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edilərək onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. 2003-cü il aprelin 19-da dahi rəhbər Heydər Əliyev yaratdığı liseyi ziyarət edərək şəxsi heyətlə görüşüb, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb”. 

    Sərxan Səvxanov onu da bildirdi ki, fəaliyyət göstərdiyi müddət ərzində liseyi bitirən üç mindən artıq məzun ölkəmizin, həmçinin Rusiyanın, Türkiyənin və başqa xarici dövlətlərin ali hərbi məktəblərində təhsillərini davam etdirirlər. Bu gün qürur hissi keçiririk ki, məzunlarımız həm birinci, həm ikinci Qarabağ döyüşlərində vətənpərvərlik nümunəsi göstəriblər. Onlarla məzunumuz ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalıb, bir çoxu qazi kimi evlərinə qayıdıb. Onların keçdiyi şərəfli yolu əks etdirən guşə bugünkü kursantlarda Vətənə, dövlətçiliyə məhəbbət hissini daha da artırır. İlboyu keçirdiyimiz tədbirlər içərisində məzunlarımızla görüşlərin təşkili xüsusi yer tutur. Şəhidlik zirvəsinə ucalan, öz evlərinə qazi kimi qayıdan məzunlarımızın yüksək dövlət təltiflərinə layiq görülmələri hamımızı sevindirir.
    Həmsöhbətimin verdiyi məlumatları qeydə aldıqdan sonra liseyin tədris prosesinin təşkili ilə ətraflı tanış olmaq üçün tədris şöbə rəisi Tahir Cəlilovla görüşdük. Ondan təhsil ocağının tədris proqramı, qəbul qaydaları haqqında ətraflı məlumat aldıq. İlk olaraq bildirdi ki, tədris prosesi “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun təsdiq etdiyi “Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”ın tələblərinə uyğun olaraq təşkil edilib. Tələb olunan sənədləri toplayaraq liseyin rəhbərliyinə müraciət edən namizədlərin qəbulu iki mərhələdə aparılır. Birinci mərhələdə namizədlər hərbi həkim komissiyasından keçirlər. Komissiyadan müvəffəqiyyətlə keçənlər imtahana buraxılış vəsiqəsi alırlar. İkinci mərhələdə namizədlər Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənlərindən test imtahanları verirlər. Hərbi liseydə təhsil əyani formada, iki il müddətində və Azərbaycan dilində olur. Burada kursantlara ümumtəhsil fənləri ilə yanaşı, hərbi hazırlıq və idman dərsləri də tədris edilir. Qəbul olan kursantlar təhsil müddətində hər cür şəraitlə təmin edilir və aylıq müavinət alırlar. Bununla yanaşı, liseyin kursantları cari il ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarında 1 qızıl, 1 gümüş, 1 bürünc medala layiq görülüblər. Ümumilikdə, liseyimizdə 325 kursant təhsil alır, bu il onlardan 184 nəfəri məzun oldu.

    Müsahibim onu da qeyd etdi ki, hərbi liseyin əsaslı təmir edilən tədris korpusunun ən müasir avadanlıqlarla təchiz olunan fənn kabinələrində, kimya və fizika laboratoriyalarında kursantların bilik və hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılıb. Tədris prosesindən danışarkən ixtisaslı, peşəkar və təcrübəli pedaqoji kollektivin də əməyini xüsusi vurğulamalıyıq. Kursantların təhsilində, bilik və bacarığa yiyələnməsi işində müəllimlərin əməyi əvəzsizdir. 
    Hərbi liseyə ən yüksək balla qəbul olunan, ikinci kursda təhsil alan kursant İsmayıl Qasımlı və bu il məzun olan ən yaxşı qiymətlərlə liseyi bitirən, həmçinin Qızıl nişan mükafatçısı kursant Xəzri Səfərovla söhbət etdik. Hər iki gənc burada hərbi təhsilə yiyələnməkdən sevincli və qürurlu olduqlarını bildirdilər. “Biz bütün kursantlar adından liseydə yaradılan yüksək şəraitə görə dövlətimizə minnətdarlığımızı bildiririk. Burada həm hərbçi kimi formalaşır, həm də təhsilimizi uğurla davam etdiririk. Geyimlə, yeməklə, yataq yeri ilə yüksək səviyyədə təmin olunuruq. İstirahətimiz və asudə vaxtlarımız da səmərəli təşkil edilir.
    Bu gün qürur hissi ilə demək olar ki, Heydər Əliyev adına Hərbi Lisey ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi milli ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda səmərəli fəaliyyət göstərir. Hərbi liseyin zabit-müəllim heyəti, kursant və məzunları bu şərəfli adı doğrultmağa çalışır, Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirlər. Liseydə gözəl ənənələr yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Bu ənənələrdən biri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hər il liseyi bitirən məzunlarla görüşüdür. Görüşlərdə liseyin keçdiyi yola nəzər salınır, tövsiyələr verilir, fərqlənən kursant və müəllimlər mükafatlandırılır. 2021-2022-ci ilin tədris ilinin buraxılış mərasimində Ali Məclisin Sədri deyib: “Ölkəmizdə ordu quruculuğu yeni mərhələdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək ordumuzun döyüş qabiliyyətinin artırılması və peşəkar komandan-zabit heyətinin formalaşdırılması sahəsində ardıcıl tədbirlər görür, hərbi təhsil sistemi təkmilləşdirilir. Eyni zamanda hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, xidməti yaşayış kompleksləri istifadəyə verilir. Bu gün müasir hərbi məktəblərdə təhsil aldığınız kimi, gələcəkdə də hər cür imkanlara malik hərbi hissələrdə xidmət edəcəksiniz. Siz qalib ölkənin qalib ordusunun zabiti adını daşıyacaqsınız. Bu, böyük şərəf və məsuliyyət deməkdir. Ona görə də ali hərbi təhsil illərində hərbi bilikləri və texnologiyaları dərindən mənimsəməli, qarşıya qoyulan döyüş tapşırıqlarının icrasına hər an hazır olmalısınız. Sizdən əvvəlki məzunların xidməti fəaliyyəti hər biriniz üçün nümunə olmalı, bu illər ərzində formalaşmış ənənə davam etdirilməlidir”.

    Ali Məclis Sədrinin bu tapşırıq və tövsiyələri təkcə liseyin kursantlarının deyil, müəllim və zabit heyətinin də qarşısında mühüm vəzifələr qoyur. Başlıca vəzifə isə kursantlara hərbi-vətənpərvərlik tərbiyəsinin bundan sonra da yüksək səviyyədə aşılanması, onların bu ruhda formalaşdırılmasının diqqətdə saxlanılmasıdır. Ərazi bütövlüyümüzün, müstəqilliyimizin, dövlətçiliyimizin qorunmasında bu amillər əsas şərtlərdir. Onların qorunması isə bizim vətəndaşlıq borcumuzdur. İnanırıq ki, hərbi lisey növbəti tədris ili üçün də qalib Vətənini şərəfli müdafiə etmək, şəhidlərimizin müqəddəs arzularını gerçəkləşdirmək məqsədilə hərbi təhsil almaq arzusunda olan gənclərimizin gələcəkdə peşəkar kadr kimi formalaşmasına öz töhfəsini verəcək. Biz isə liseyin kursantı adını daşımaq arzusunda olan belə gənclərimizə “yolunuz açıq olsun”, – deyirik.

 Aytac CƏFƏRLİ

Nəşr edilib : 28.07.2022 19:19