AZ EN RU

“Hərbçi olmaq arzum Kəlbəcərdəki evimizin yanmış divarlarının görüntülərini gördükdən sonra yaranmışdı”

Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev Kəlbəcərdə doğulmuşdu. Ali hərbi təhsil aldıqdan sonra ölkəmizin müxtəlif sərhəd bölgələrində ön xətlərdə xidmətini davam etdirmişdi. 8 ilə yaxın idi ki, Naxçıvanda qulluğa başlamışdı. 27 sentyabrda başlanan azadlıq mücadiləmizdə Naxçıvandan gedən hərbçilərimiz arasında o da var idi. Artıq qəhrəman şəhidimiz Bakı şəhərindəki II Fəxri xiyabanda uyuyur. Xəyali müsahibim torpaqlarımızın suverenliyi, azadlığı uğrunda qəhrəmancasına döyüşən, ən ali məqama ucalmış polkovnik-leytenant Anar Əliyevdir. Bəli, şəhid, Vətən müharibəsi qəhrəmanı Anar Əliyev...

–Belə tanış olacağımızı təsəvvür etməzdim...

– Amma mən bu peşəni seçəndə, elə bil ki, bilirdim bunu…Bir gün sonumuzun əbədi behişt, əbədi başlanğıc olacağını...
– Peşmansanmı?
– Əsla... İnsan anası uğrunda etdiklərinə peşman ola bilərmi? Vətən də bizim anamızdır. Biz Vətən uğrunda seçdik bu yolu. Sonunda bizi nələrin gözlədiyini bilərək. Axı şəhid qanı axmayan torpaqdan Vətən olmaz.
– Eşitdim ki, qorxurdun, şəhidim, qorxurdun ki, birdən səni döyüşə göndərməzlər, səbirsizlənirdin...
– Bəli, 19 il idi ki, bir hərbçi kimi həmin günü gözləyirdik. Bu təkcə mənə aid deyil. Bütün yoldaşlarım səbirsizlənirdi. Döyüşə getmək üçün əmr gözləyirdik. Yağı tapdağında qalan torpaqlarımızı azad etməkdə iştirakımızın olmasını istəyirdik. Uzun müddət idi ki, istər öz hərbi, istərsə də müxtəlif dövlətlərdə iştirak etdiyimiz təlimlərdə bu gün üçün hazırlayırdıq özümüzü. Nəhayət ki, həmin gün, həmin göstəriş gəldi və mən də yoldaşlarımla bərabər Vətənin harayına yollandım. İlk döyüş günlərindən etibarən torpaqlarımızın işğaldan azad olunması uğrunda əlimizdən gələni etdik. Amma ən böyük arzuma çata bilmədim. Çünki doğulduğum Kəlbəcər rayonuna qələbə rəmzi – üçrəngli bayrağımızı sancmaq ən böyük arzum idi. Hərbçi olmaq istəyim Kəlbəcərdəki evimizin yanmış divarlarının görüntülərini gördükdən sonra yaranmışdı. Onu da deyim ki, sonralar xidmətə başladığım Naxçıvan Muxtar Respublikası da mənə elə Kəlbəcər qədər doğmalaşdı. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu məni tam bir hərbçi kimi yetişdirdi. Burada hərbçilərə, hər bir əsgərə, zabitə göstərilən diqqət və qayğı, ümumqoşun ordunun tərkibində qatıldığımız Türkiyə Respublikası ilə birgə keçirilən, eləcə də daxili təlimlər peşəkar hərbçi kimi formalaşmağımızda, bugünkü qələbəmizdə böyük rol oynadı.
– Bu arzundan da xəbərdaram, komandir. Həmin torpaqlara bayraq sanca bilməsən də, yəqin ki, xəbərin var. Döyüş yoldaşların səndən sonra azad etdikləri torpaqlarımıza, o cümlədən Kəlbəcərə bayrağı səni anaraq asdılar. Artıq sən məcburi köçkün deyilsən.
– Xəbərdaram. Behiştdə görüşdüyüm döyüş yoldaşlarım müjdəni artıq veriblər. Bilirəm ki, doğulduğum, amma illərdir ki, həsrət qaldığım ana yurdumu Ali Baş Komandanımız bir damla şəhid qanı axıtmadan azad edib. Müjdəli xəbəri aldığım gün ruhum pərvazlanıb Kəlbəcər dağlarını ziyarət etdi. Mən cismən o torpaqlara qayıda bilməsəm də, övladlarım, doğmalarım, yüzlərlə elindən-obasından didərgin düşmüş, illərdir ki, məcburi köçkün damğası ilə yaşayan insanlar yurdumu ziyarət edəcəklər. Bax əsl xoşbəxtlik də budur! Şanlı bayrağımız ana yurdumda dalğalandıqca onun küləyində bir xoşbəxtlik tapır ruhum.
– Ağır döyüşlərdə düşmənin qəfil gülləsi tək sənə yox, səni sevən bütün xalqına dəydi...
– Düşmən gülləsi qəfildən gözümü itirməyimə səbəb olsa da, yoldaşlarımın qəhrəmanlığını behişt gözü ilə görürdüm. Hiss edirdim ki, artıq mən şəhadətə qovuşuram. Mənə yardım edən həkim də elə orada vuruldu. Mənimlə birlikdə həmin döyüşdə bir neçə igidimiz də şəhadətə yüksəldi. Lakin bildiyiniz kimi, qanımız yerdə qalmadı. Ordumuz, nəinki bizim, bir zamanlar həmin torpaqlardan didərgin salınmış hər bir soydaşımızın qisasını aldı. Bu, haqqın, ədalətin qələbəsi idi. Ona görə də bu gün artıq biz rahat uyuyuruq, cənnətimizdə xoşbəxtik.
– Bəs geridə qoyduqların – ailən, övladların xoşbəxtdirmi, səncə?..
– Mən yaşadığım müddətdə ailəmi gücüm çatdığı qədər xoşbəxt etməyə çalışmışam. Düşünürəm ki, gedişimlə də onlara bir xoşbəxtlik bəxş etdim. Son dəfə döyüşə yollanarkən ailəm, övladlarımla görüşmək üçün yaşadığım evə üz tutdum. Oğlumu görə bilməsəm də, digərləri ilə sağollaşdım. Amma hara getdiyimi deməyə cəsarət etmədim. Çünki bilirdim, bu gedişin dönüşü olmaya da bilər. Bunu onlara izah etmək çətin idi. Bəli, dönüşü olmadı bu gedişimin, amma gözüm arxada deyil. Bilirəm ki, dövlətimiz övladlarıma mənim yoxluğumu hiss etdirmir... Birdə ki, axı mən varam, mən ölməmişəm, şəhid olmuşam. Şəhidlər ölmür. Əminəm ki, oğlum gələcəkdə mənim yolumu davam etdirəcək. Atası ilə fəxr edəcək.
– Şəhidim, səninlə görüşə gəlməzdən əvvəl, illər öncə – 2006-cı ildə elə cəbhə bölgəsində tanış olduğun, sonradan qardaş qədər doğmalaşdığın və “vətən oğrunda öldü var, döndü yoxdur” yolculuğuna da birlikdə çıxdığınız dostunla da həmsöhbət oldum…Yəqin ki, artıq anlamısan kimdən söhbət edirəm: Tehran Mənsimovdan. O Mənsimov ki yarımçıq qalan arzularınızın gerçəkləşməsi yolunda ölümün gözünə dik baxdı. Bu gün səni qürurla ansa da, gözlərindəki kədəri gizlədə bilmir. Təəssüfləndiyi məqamsa, Qələbə müjdəsini səninlə bölüşə bilməməkdir. Amma şəhidim, yəqin ki, məzarın üstündə sənə pıçıldadığı sözləri, bölüşdüyü qələbə sevincini də duymusan.
Onun sözləri: “Anar tanıdığım ən cəsur, ürəyi Vətən eşqi ilə döyünən igid oğullardan biri idi. Əks- hücum əmri veriləndə özünə yer tapa bilmirdi. Döyüşə getmək üçün də dəfələrlə müraciət etmişdi. Qismət həmən günə imiş. Bizə döyüşə getmək üçün göstəriş gəldiyi gün Anar, sanki qanad açıb uçmaq istəyirdi. Orda iki qrupa bölünmüşdük. Bir qrupa Anar rəhbərlik edirdi. Ayrı-ayrı istiqamətlərdə döyüşsək də, sıx əlaqədə idik. Anar heç nədən qorxmadan düşmənin üzərinə şığıyırdı. Özü öndə döyüşə atılan komandirindən cəsarət alan komandası bir çox bölgələrimizi yağı tapdağından azad etdi. Sonda özü arzusunda olduğu şəhadətə qovuşdu. Bu gün Anarın yoxluğu, nəinki mənə, onu tanıyan hər kəsə ağırdı. Hər dəfə Anarı düşünəndə Hüseyn Cavidin bu sözləri təsəllim olur:
Həyat var ki, ölüm kimi zəhərli,
Ölüm var ki, həyat qədər dəyərli.
Çünki bu sözlər qeyrət, ləyaqət daşıyıcısı, şəhid himnidir. Bu himni bütün şəhidlərimiz kimi, mənim şəhid qardaşım Anar da ləyaqətlə daşıdı. Yerin behişt, ruhun şad olsun”.

Bəli, dəyərli oxucularımız. Vətən müharibəsində ürəyini qoyan yüzlərdən biri haqqında elə şəhidimizin öz dilindən sizə məlumat verməyə çalışdım. Xalqımızın müstəqillik, zəfər tarixi məhz o igidlərin adı ilə bağlıdır. Zaman ötəcək, fəsillər, illər, əsrlər, nəsillər dəyişəcək... Dəyişməz qalan isə tariximizi qanları ilə yazan o ürəklərin qəhrəmanlığı olacaq. “Şəhidlər unudulanda ölürlər”, – deyirik. Ölməyəcəklər, bunu unutmayaq...

Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

 Telli MƏMMƏDOVA

Nəşr edilib : 23.04.2021 19:24