AZ EN RU

İstedad və qayğıdan nur alan işıqlı sabahımız

    Bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsi kimi yeniyetmə və gənclərimizin istedad və bacarıqları üzə çıxarılır, onların həyatın müxtəlif sahələrində uğurlu fəaliyyəti yüksək uğurlarla nəticələnir.   
    İstedadı ilə uğurlu nəticələr qazanan şagirdlərimizdən biri də Kamal Qafarovdur. O, 2006-cı ildə Naxçıvan şəhərində anadan olub. 2012-ci ildə Hüseyn Cavid adına  5 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. Hazırda Əkbər Ağayev adına 8 nömrəli məktəbin 11-ci sinfində təhsilini davam etdirir. Təhsil aldığı ötən müddətdə çalışqanlığı və fəallığı ilə seçilib. Kamalın son zamanlarda əldə etdiyi uğurlarla oxucularımızı yaxından tanış etmək üçün biz də onunla həmsöhbət olduq.  Dedi ki, 2019-cu ildə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində STEAM ilə  maraqlanıb. Naxçıvanda STEAM ilə bağlı keçirilən bütün tədbirlərdə fəal iştirak edərək bir neçə dəfə muxtar respublika birincisi və ikincisi olub. 2021-ci ilin dekabr ayında Bakı şəhərində keçirilən STEAM Azərbaycan festivalında muxtar respublikamızı “Lego Sumo” kateqoriyası üzrə təmsil edərək Azərbaycan üçüncülüyünə layiq görülüb. Həmçinin dünyanın ən böyük aerokosmik festivalı olan “Teknofest” də Naxçıvanı aqrar sənayeyə xeyirli olan “Heyvanların avtomatik yemlənməsi” qurğusu ilə təmsil edib. Kamal onu da bildirdi ki, Naxçıvanda ilk dəfə bu ilin iyun ayında keçirilən “STEAM təhsil festivalı”nda iştirak edərək “Lego Sumo” kateqoriyası üzrə muxtar respublika  birinciliyinə layiq görülüb.
    Müsahibim deyir ki, gələcək hədəfləri arasında bu ilin dekabr ayında Bakı şəhərində keçiriləcək “STEAM Azərbaycan festivalı”nda muxtar respublikamızı təmsil edərək ölkə çempionu olmaq, həmçinin Amerika Birləşmiş Ştatlarında keçirilən dünyanın ən böyük robot festivalı olan VEX-2022-də Naxçıvanı və eləcə də Azərbaycanımızı təmsil etmək durur: – Onu  da qeyd edim ki, gələcəkdə sahiblənmək istədiyim peşə pro­qramlaşdırma sahəsidir ki, bunun özü də STEAM ilə əlaqəlidir. Bunun üçün ali təhsil almaq başlıca şərtdir. Ona görə də öncə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmaq,  daha sonra isə təhsilimi Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən Berlin Texniki Universitetində davam etdirmək istəyirəm. İştirak etdiyim, qalib olduğum bütün yarışlar üçün sevinc və qürur hissləri keçirirəm. Muxtar respublikamızı beynəlxalq arenalarda bundan sonra da daha yaxşı təmsil edəcəyimə inanıram. 
    Kamalın müəllimi Sevinc Səfərova deyir ki, o, hər zaman qabiliyyəti və yüksək qavrama bacarığı ilə seçilib. Şagirdinin onun etimadını doğrultduğunu fərəh hissi ilə qeyd edən müəllimin sözlərinə görə, Kamal həm təhsili, həm də tərbiyəsi ilə yoldaşlarına nümunədir: – Kamalın qazandığı uğurlar digər şagirdlərimiz üçün bir stimuldur. Biz məktəb kollektivi olaraq fəxr edirik ki, artıq üç şagirdimizin adı “Qızıl kitab”a yazılıb. İnanıram ki, Kamal gələcəkdə daha böyük uğurlar qazanacaq, muxtar respublikamızın adını ölkəmizdən kənarda da qürurla təmsil edəcək.
    Bu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri istedadlı uşaqların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması, inkişaf etdirilməsidir. Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz belələrindən gözləyir. Dövlətimizin təhsilimizə, istedadlı uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir ki, bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Sərəncamı ilə Kamal Qafarovun adı STEAM təhsil sahəsi üzrə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi   Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Kamal Qafarov ilə söhbətimiz zamanı onun hədsiz sevinc və minnətdarlıq hisslərinin şahidi olduq. O, istedadının belə yüksək qiymətləndirilməsinə görə dövlətimizə minnətdarlığını bildirərək biliyini daha da təkmilləşdirəcəyinə, təhsildə daha böyük uğurlar qazanmaq üçün bundan sonra da səylə çalışacağına söz verdi. Biz də Kamalı təbrik edir, ona gələcək həyatında böyük nailiyyətlər qazanmağı arzulayırıq.

 Aytac CƏFƏRLİ

Nəşr edilib : 25.07.2022 20:34