AZ EN RU

Mənəviyyat səyahətinin ünvanı – Əshabi-kəhf

    Müstəqillik illərində muxtar respublikada bərpa olunan tarix-mədəniyyət abidələri içərisində “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi mühüm yer tutur. Hər il ölkə­mizin digər bölgələri ilə yanaşı, xarici ölkə­lərdən də bu müqəddəs ocağı ziyarət etməyə gəlirlər.
    Onu da qeyd edək ki, xalqımızın müstəqillik qazanması, onilliklərlə qəlbimizdə, ruhumuzda yaşatdığımız, qoruyub saxladığımız dini-mənəvi dəyərlərimizin də, necə deyərlər, müstəmləkə buxovlarından azad olmasına, dini inanclarımıza, dini-tarixi abidələrimizə sahib çıxmağımıza geniş meydan açdı. Əshabi-kəhf ziyarətgahına da uzun illər ziyarətçilər gəlib-getsə də, sovetlər dövründə bura dövlət nəzarətindən kənarda olub. Sovet hakimiyyətinin xalqımıza, milli-mənəvi dəyərlərimizə qarşı sərt qadağalarına baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev o illərdə xalqımızın dininə, inanclarına hörmət bəsləyir və müqəddəs yerlərə qayğı göstərirdi. Bu qayğını dahi öndər müstəqillik dövrümüzdə də davam etdirirdi. Görkəmli dövlət xadiminin 1998-ci ildə Əshabi-kəhfin abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi xalqımızın dininə və tarixinə göstərdiyi qayğının bariz nümunəsidir. Muxtar respublikamızda geniş vüsət alan quruculuq tədbirləri belə müqəddəs ünvanları, dini abidə və ziyarətgahları da əhatə edir. Bunun ifadəsidir ki, 2006-cı ildə Əshabi-kəhf tarixi abidəsi və ziyarətgahı tamamilə yenidən qurulub. Buradakı məscid binası da tarixi görkəmini qoruyub saxlamaqla təmir edilərək ziyarətçilərin istifadəsinə verilib. Bu günlərdə həmin müqəddəs ünvanda olduq, muxtar respublikamıza məhz bu müqəddəs ziyarətgahı görmək üçün gələn qonaqların bir neçəsi ilə söhbətləşdik. Onların söhbətlərini oxucularımıza təqdim edirik.

    Türkiyənin Bursa şəhərindən gələn Mərvə Bozkurt dedi: – Naxçıvana 4-cü dəfədir, səfər edirəm. Hər gəldiyimdə bu müqəddəs məkanı ziyarət etmədən geri dönmürəm. Bura mənə hüzur verir. Ziyarətgahın möhtəşəm görüntüsü, dağlar, naxçıvanlıların qonaqpərvərliyi və mehribanlığı valehedicidir. Ölkəmizə çox böyük təəssüratlarla qayıdacağam. Türkiyə ilə Azərbaycan arasında çoxillik qardaşlıq və dostluq əlaqələri mövcuddur. Bunun əsas səbəbi iki qardaş ölkənin ortaq tarixə və  eyni dini inanca sahib olmasıdır. Naxçıvan məscidlər, dini ibadət yerləri baxımından çox zəngin, dini-mənəvi dəyərlərə yüksək ehtiram göstərilən bir diyardır. Müsəlmanların rahat şəkildə namaz qılması üçün fəaliyyət göstərən məscidlər bu qədim diyarın dini rituallara ali münasibətinin göstəricisidir. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir. Bu, mənəvi saflığa və ədalətə çağırışdır. İslam təhsilinin, elminin və mədəniyyətinin dünya sivilizasiyasının formalaşmasında və inkişafında böyük rolu var. Bu səbəbdən də bəşəriyyətin ikinci həyat rişəsinin pərvəriş tapdığı Naxçıvanda zəngin tarixi-mədəni irs formalaşmışdır. Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, buzxana və hamamlar, köhnə məscidlər bu torpaqlarda yaradılmış çoxsaylı türk-islam mədəniyyətinin nadir nümunələridir. Doğrusu, nə zaman Naxçıvana gəlsəm, çox duyğulanıram. Mən fürsətdən istifadə edərək qəzetiniz vasitəsilə naxçıvanlılara sevgi və ehtiramımı bildirirəm. 
    Digər müsahibim Ankara şəhərindən gələn Feysəl Coşar bildirdi ki, tarixboyu bəzi şəhərlər dini fəaliyyət baxımından əhəmiyyətli ünvanlar olmuşdur. Hər il dünyanın müxtəlif ölkələrindən minlərlə insanı qəbul edən Naxçıvan türk və İslam mədəniyyətinin mənəviyyat ünvanlarından biridir. Əmin idim ki, bu müqəddəs şəhəri ziyarət etmək məndə yaxşı təəssüratlar yaradacaq. Həqiqətən, Naxçıvan gözəl və maraqlı yerdir. Türkiyədəki dostlarıma deyərdim ki, əgər təsadüfən buraya gəlsəniz və eyni zamanda həyata keçirmək istədiyiniz bir arzunuz varsa, mütləq bu ziyarətgaha gəlib, burada dua edin. Burada insan sanki rahatlığa qovuşur. Doğrusunu desək, belə bir təbiət mənzərəsində ibadət etmək üçün barmaqla sayılacaq qədər yer vardır. Ziyarətgahda təmizliyə ciddi riayət olunması diqqətimi cəlb etdi. İnsanlar bu təmizliyin qorunmasına böyük səy göstərirlər. Məkandan çox zövq aldım və belə bir dini bünövrəsi olan əraziyə səfər etdiyim üçün çox xoşbəxtəm. 
    İran İslam Respublikasının vətəndaşı Saffiyə Zərgəri: – Yeddi qeyb olanın mağarası olaraq da bilinən Əshabi-kəhfi ziyarət etməyə gəldik. Deyərdim ki, Əshabi-kəhf Naxçıvanın görməli yerləri sırasında birinci olmalıdır. Hətta belə bir deyim var ki, Əshabi-kəhfi 7 il dalbadal ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir. Yəni həmin ziyarətgahlara gedə bilməyənlər Əshabi-kəhfdə olmaqla savaba çata bilərlər. Burada öyrəndim ki, Naxçıvanda ali dini təhsil almaq da mümkündür. Ziyarətimiz maraqlı keçdi. Namaz qıldıqdan sonra kompleksdəki hədiyyəlik mağazalarına baş çəkib yaxınlarıma kiçik hədiyyələr də aldım. Bir daha şahidi oldum ki, Naxçıvanda hər zaman dinin düzgün çatdırılmasına önəm verilir və bu sahədə maarifçilik işləri aparılır. 
    Təbrizdən olan Həbib Məhəmmədi dedi ki, Naxçıvan müqəddəs şəhərdir. Bütün insanlara buranı görməyi tövsiyə edirəm. İnsanlar min illərdən bəri yaddaşlarında əbədiləşən müqəddəs ziyarətgahlara etdikləri səfərlərlə dünyadakı ən savab işlərdən onlara da pay düşdüyünə inanırlar. Naxçıvanın dünyaca tanınmış müqəddəs Əshabi-kəhf ziyarətgahına gələn zəvvarların əsl qazancı budur. Əgər duaların Allaha çatdığı yerdə, Peyğəmbər ayağının toxunduğu torpaqda inanclarını daha da dərinləşdirib Uca Yaradana daha yaxın bir yerdən xitab etmək istəyənlər varsa, Əshabi-kəhfə gəlsinlər. 
    Həmsöhbət olduğum qonaqların burada gördüklərindən aldıqları təəssüratlar məni də xeyli qürurlandırdı ki, doğma Naxçıvanda belə bir müqəddəs ünvan var. Burada yaradılan şərait, təmizlik və səliqə-sahman, zəvvarlara göstərilən qonaqpərvərlik və yüksək xidmət isə dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına dövlət qayğısının bariz ifadəsi kimi ziyarətçilərdə ikiqat mənəvi hüzur, nikbin ovqat, qədim və ulu diyarımız haqqında unudulmaz xoş təəssürat formalaşdırır.

Aytac CƏFƏRLİ

Nəşr edilib : 06.06.2022 17:43