AZ EN RU

Məqsədyönlü siyasət və düzgün iqtisadi strategiya ilə hədəflərə çatan, davamlı və sürətli inkişaf yolu ilə irəliləyən, müasirləşən qədim diyar

Aprel ayının ümumi siyasi-iqtisadi mənzərəsi bunu aydın şəkildə əks etdirir

İcmal

    Ümummilli lider Heydər Əliyev ideyalarının dönmədən və ardıcıl şəkildə reallaşdırılması, siyasi strategiyanın düzgün həyata keçirilməsi iqtisadi inkişaf tempinin qorunub saxlanılması və yüksəldilməsi ilə nəticələnməkdədir. Bu gün nəinki yerli sakinlər, Naxçıvana qədəm qoyan hər bir qonaq, siyasi xadim, iqtisadçı mütəxəssis, Avropanın inkişaf etmiş bölgələrindən gələn çoxsaylı turistlər də bu gerçəkliyi təsdiqləyir ki, muxtar respublika sürətli və davamlı inkişaf yolundadır. Bu, əhalinin sosial rifah halının yüksəldilməsi ilə bağlı real statistik göstəricilərdə də öz təzahürünü tapır. Muxtar respublikada 2022-ci ilin yanvar-aprel aylarında 776 milyon 670 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,7 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1676,8 manat olmuşdur. Prezident cənab İlham Əliyev inkişafın real səbəblərini belə açıqlamışdır: “Bu gün Naxçıvan, sözün əsl mənasında, inamla, uğurla inkişaf edir... Bu uğurların təməlində ulu öndərin siyasəti dayanır. Biz, onun davamçıları bu siyasətə sadiqik”.

Erməni vandalizminin qurbanlarının qisası alındı,
 əziz xatirələri isə tarixin təkrarlanmaması naminə heç bir zaman unudulmayacaq

    1918-ci ilin martında təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırımı və deportasiya həyata keçirilmiş, Bakıda, Naxçıvanda, Qubada, Şamaxıda və digər bölgələrdə minlərlə insan qətlə yetirilmişdir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmişdir. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi xarici siyasət, siyasi-hərbi strategiya Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və erməni saxtakarlığının ifşasında, Azərbaycanın real beynəlxalq imicinin formalaşmasında müstəsna rol oynamışdır. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanılması ilə beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyümüz təmin olundu. Azərbaycan dövləti və xalqı tarixi Qələbə ilə həm də ermənilərin iki yüzillik əsassız iddialarının boşa çıxmasına, həqiqətin təntənəsinə nail oldu, xalqımıza qarşı törədilmiş soyqırımlara ən layiqli cavab verdi, beynəlxalq humanizm prinsiplərinin, bəşəri dəyərlərin ən ali müdafiəçisi olduğunu sübut etdi. 
    Vətəni qorumağın yolu döyüş meydanında hərbi rəşadət göstərməklə yanaşı, həm də Vətəni abadlaşdırmaqdan, onun yeraltı və yerüstü təbii sərvətlərini, ekoloji mühitini qoruyub, artırıb gələcək nəsillərə çatdırmaqdan, coğrafi-təbii, iqtisadi resurslarından düzgün şəkildə istifadə etməkdən keçir. Yurda bağlılığın ən gözəl nümunəsi zəhmətsevərliklə məhsuldarlıq əldə etməkdən, ana yurdu yaşıllıqlar, gözəlliklər diyarına çevirməkdən keçir. Bu proses ənənəvi və kütləvi şəkildə davam etdirildikdə, rəmzi ideya və mahiyyət daşımaqla daha böyük məna və dəyər kəsb etdikdə əsl milli həmrəylik təcəssümünə çevrilir.
    Aprelin 2-də Naxçıvan Muxtar Respublikasında 31 mart soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş ağacəkmə keçirilmiş, meyvə bağları və yaşıllıqlar salınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin kollektivləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarındakı 3 hektar ərazidə keçirilən ağacəkmədə iştirak etmişlər. Burada 2 hektar sahədə meyvə bağı salınmış, ərazidəki 1 hektar meyvə bağında isə bərpa əkini aparılmışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ağacəkmədə iştirak etmiş, meyvə tingləri əkmişdir. Həmin gün muxtar respublikada soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş ağacəkmədə 20 minə yaxın sakin iştirak etmiş, 13 mindən artıq meyvə və meşə tingləri əkilmişdir.

Muxtar respublikada kənd təsərrüfatının müasir
 inkişaf mərhələsinə yüksəlməsi aparılan uğurlu aqrar siyasətin bəhrəsidir

    Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı və həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyini təmin etmişdir. Muxtar respublikada aparılan çoxsaylı aqrar islahatlar, görülən kompleks tədbirlər sırasında yeni texnologiyaların tətbiqi başlıca amil kimi götürülür. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, texnika parkı tamamilə yenilənib. Ən müasir müxtəlif texnika və avadanlıqlar muxtar respublikanın torpaq mülkiyyətçiləri və fermerlərinin  istifadəsinə verilib. Təsadüfi deyil ki, fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri digər  mühüm məsələlərlə yanaşı, aqrar sektorda müasir texnologiyadan istifadənin məhsuldarlıqda başlıca amil olduğunu nəzərə alaraq  “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə muxtar respublikaya yeni texnikalar və ehtiyat hissələri gətirmək, bu zaman fermer və torpaq mülkiyyətçilərinin təkliflərini nəzərə almaq, texniki xidmət işini düzgün təşkil etməklə bağlı  da mühüm tövsiyə və tapşırıqlar vermişdir.
    Qeyd edək ki, 2006-cı ildən etibarən aqrolizinq sahəsində görülən işlərin nəticəsi olaraq muxtar respublikada 3000-ə yaxın texnika lizinqə verilmiş, həmin texnikaların 70 faizə yaxını dəyəri tam ödənilməklə sahibkarların şəxsi mülkiyyətinə keçirilmişdir. Bu da imkan verir ki, həm rəqabət olsun, həm də torpağın əkilib-becərilməsində əvvəlki dövrlərdə olan problemlər ortadan qaldırılsın. Hər il muxtar respublikada yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. 2021-ci ildə muxtar respublikada 970 hektara yaxın yeni torpaqlar əkin dövriyyəsinə daxil edilmişdir. Buraya həm meyvə bağları, həm də əkin sahələri aiddir. Bunların əkilib-becərilməsi üçün texnikaların gətirilməsi əhaliyə aqrolizinq sahəsində xidmətlər göstərilməsi üçün yaradılan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti həm lizinq xidməti, həm də texniki xidmət işlərini intensiv şəkildə həyata keçirir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada torpaq mülkiyyətçiləri və fermerlərin sayı artır, bol məhsul istehsal edilir, bir çox məhsullar üzrə tələbat yerli istehsal hesabına ödənilir, əhali məşğulluğu təmin olunur. 
    Hazırda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazasında 473 texnika və avadanlıq mövcuddur. Cəmiyyətin fəaliyyəti dövründə 1180 sahibkara lizinqə verilmiş  texnikalara görə 11 milyon 841 min manat güzəşt tətbiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar 2021-ci ildə və 2022-ci ilin üç ayı ərzində 10 kiçikölçülü traktor,  3 kiçikölçülü kotan, 9 yerşumlayan, 25 yaş və quru otdoğrayan maşın, 9 arpa-buğda qırma maşını, 5 frez, 1 kiçikölçülü rotorlu otbiçən, 3 südsağan aqreqat, 1 qoşqu, 2 kiçikölçülü kartofçıxaran, 1 dırmıq, 4 xamaçəkən, 2 yunqırxan və 110 dəst suvarma sistemi lizinq yolu ilə kiçik ailə təsərrüfatı sahiblərinə verilmişdir. 
    Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcminin artmasına, ixrac imkanlarının yaradılması və əhalinin məşğulluğunun təmin olunmasına şərait yaratmışdır. Bu gün torpaq mülkiyyətçiləri və fermerlərin, həmçinin ailə təsərrüfatçılarının müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təmin olunması da məhsul istehsalında rentabelliyi artıran əsas tədbirlərdəndir. Aqrar sahədə müasir texnologiyaların tətbiqi məhsulun itkisiz və vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və çəkilən xərclərin azalmasına imkan verir. 
    Aprelin 5-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olmuşdur. Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada həm pandemiya dövründə, həm də 44 günlük İkinci Qarabağ müharibəsi dövründə heç bir ərzaq qıtlığı hiss olunmadı. Bu gün də bazar­larda qiymətlər sabitdir, istehsal var və əhali də ildən-ilə əkin sahələrini genişləndirməklə bərabər, onlar müasir aqrotexniki qulluq qaydalarını da öyrənirlər ki, bunun da nəticəsində məhsuldarlıq artır. Ona görə də aqrolizinq fəaliyyətini bundan sonra da əhaliyə xidmət sahəsində davam etdirməli, əhalinin sifarişi əsasında lizinqə texnika və avadanlıqlar gətirilməli, əvvəlki illərdən qalan texnikaların qiymətlərinə isə Nazirlər Kabineti tərəfindən yenidən baxılmalıdır. Bu işlərin davam etdirilməsi gələcəkdə muxtar respublikada kənd təsərrüfatı sahəsində məhsuldarlığın və məhsul çeşidinin artırılmasına şərait yaradacaqdır. Əgər Sovetlər Birliyi dövründə və müstəqilliyin ilk illərində muxtar respublikaya kartof, soğan və digər kənd təsərrüfatı məhsulları, əsasən, başqa yerlərdən gətirilirdisə, artıq bu gün muxtar respublika özünü bu məhsullarla təmin edir. Hətta artıq bir neçə ildir ki, muxtar respublikadan kənd təsərrüfatı məhsullarının ixracına başlanılıbdır. Bunlar nailiyyətlərdir”. Ali Məclisin Sədri aqrar sahənin inkişafında əməyi olanlara təşəkkürünü bildirmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Sonra yeni alınmış texnikalara baxış olmuşdur. Qeyd olunmuşdur ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fəaliyyəti dövründə 3471 texnika və texnoloji avadanlıqlar alınmış, onlardan 2900-ü sahibkarlara lizinqə verilmişdir. Ali Məclis Sədrinin tapşırığı ilə 2021-ci ildə 327, 2022-ci ilin ötən dövründə isə sahibkar­ların texniki təminatını düzgün təmin etmək üçün onların tələbatına uyğun və sifarişləri əsasında 4 qarğıdalı, günəbaxan və tərəvəz toxumu əkən, 4 arpa-buğda qırma maşını, 2 bağarası dərmansəpən, 18 kotan, 9 rotorlu və əl ilə otbiçən, 4 çizel, 6 arxaçan, 12 gübrəsəpən, 10 yaş və quru otdoğrayan maşın olmaqla, ümumilikdə, 69 kənd təsərrüfatı texnikası alınmışdır. Alınmış texnikalardan 2021-ci ildə 249-u lizinqə, 97-si nağd, 2022-ci ildə isə 32-si lizinqə, 2-si isə nağd olmaqla, ümumilikdə, 380 texnika və texnoloji avadanlıqlar sahibkarlara verilmişdir. Bildirilmişdir ki, cəmiyyətin özündə və rayon bazalarında yerləşən bitkiçilik və heyvandarlıq apteklərində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar, xüsusilə tərəvəzlərin zərərvericilərə qarşı qorunmasında əhəmiyyətli olan gübrələr satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır. Gübrə anbarlarına baxış zamanı bildirilmişdir ki, bu il, ümumilikdə, 100 ton kompozit gübrəsi alınmışdır ki, sahibkar­lara satışı həyata keçirilir. Cəmiyyətin rayon bazalarında gübrə ehtiyatı yaradılmışdır. Artıq 2021-2022-ci il üçün taxıl itehsalçılarına karbamid gübrəsinin paylanılması yekunlaşmışdır.
    Ali Məclisin Sədri Kənd Təsərrüfatı Nazir­liyi tərəfindən səyyar aptekin yaradılması, günəbaxan biçən texnikaların alınması, yeni texnika və avadanlıqların gətirilərək lizinq və nağd formada satışının təşkil olunması, bələdiyyə və dövlət mülkiyyətində olan dəmyə torpaqların “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əkininin həyata keçirilməsi, günəbaxan və qarğıdalı əkinlərinin təşviqi barədə tapşırıqlar vermişdir.

Meliorasiya və irriqasiya tədbirlərinin
 intensiv şəkildə həyata keçirilməsi aqrar siyasətin əsasını təşkil edir

    Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, müasir hidrotexniki qurğuların tikilməsi diqqətdə saxlanılır. Torpaqların su təminatının yaxşılaşdırılması əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına və ərzaq təhlükəsizliyinə töhfə verir, tələbat yerli istehsal hesabına ödənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq bu sahədə işlər davam etdirilir, yeni nasos stansiyaları tikilir, torpaq sahələri əkin dövriyyəsinə qatılır. Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə də meliorasiya və irriqasiya tədbirlərinin intensiv şəkildə həyata keçirilməsi mühüm məsələ kimi diqqətdə saxlanılmış, Ali Məclisin Sədri müşavirədə tapşırmışdır ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti hidrotexniki qurğulara baxış keçirməli, anbarlarda su ehtiyatı yaradılmalı, kanal və arxlar, kollektor və drenaj şəbəkələri lildən təmizlənməli, yerli icra hakimiyyətləri ilə birlikdə suvarma mövsümünə hazırlıq görülməli, su bölgüsü və sudan qənaətlə istifadə diqqətdə saxlanılmalıdır. Aprelin 27-də Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 2200 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edəcək yeni nasos stansiyası və təzyiqli boru xətti istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
     Məlumat verilmişdir ki, su Araz çayından öz axını ilə kanal vasitəsilə suqəbuledici hovuza verilir. Nasos stansiyasına suyun verilməsi üçün 70 metr uzunluğunda sugətirici kanal tikilmişdir. Hovuzun girişində təmir zamanı suyun çay ilə əlaqəsini kəsmək üçün hidravlik qapı və su ilə daxil olan tullantı və balıqları saxlamaq üçün metal qəfəs quraşdırılmışdır. Hovuzdan su nasos stansiyasına diametri 720 millimetr olan 3 boru vasitəsilə daxil olur. Nasos stansiyasında 1-i ehtiyat olmaqla hər birinin su sərfi saatda 2000 kubmetr olan 3 nasos, gücü 800 kilovat olan  3 elektrik mühərriki və nasosların hər birinin girişində siyirtmə, eyni zamanda nasosların çıxışında 25 atmosfer təzyiqə davam gətirən temperatur kompensatoru, əks-klapan və tənzimləyici siyirtmə qoyulmuşdur.
    Naxçıvan Muxtar Respublikası Ali   Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Ölkəmizdə, eyni zamanda muxtar respublikada kənd təsərrüfatı sahəsində mühüm işlər görülür. Torpaqların icarəyə verilməsi və əkin dövriyyəsinə qatılması, yeni suvarma sistemlərinin qurulması vacib məsələdir. Ölkəmizdə bu istiqamətdə xüsusi layihələr həyata keçirilir. Çünki torpaqların əkilməsi bol məhsul istehsalına, yeni iş yerlərinin yaradılmasına və idxaldan asılılığın azaldılmasına xidmət edir. Bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, ölkələr bir-birinə təzyiq vasitəsi kimi ərzaq və enerji sahələrindən istifadə edir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında hər iki sahədə görülən işlərin nəticəsidir ki, həm ərzaq məhsulları və enerji ilə etibarlı təminat həyata keçirilir, həm də bu sahələr üzrə ixrac imkanları yaranır”. 
    Ali Məclisin Sədri bildirmişdir ki, yeni istifadəyə verilən nasos stansiyası hesabına əkin dövriyyəsinə qatılan torpaq sahələri heç vaxt əkilməyib. Bu məhsuldar torpaqların əkin dövriyyəsinə qatılması üçün nasos stansiyasının fəaliyyətə başlaması imkan verəcək ki, toxumçuluq təsərrüfatı üçün ayrılmış torpaq sahələri su ilə təmin olunsun. Eyni zamanda nasos stansiyasının istifadəyə verilməsi ilə yeni iş yerləri açılmışdır. Nasos stansiyası 2000 hektardan artıq ərazini suvarma suyu ilə təmin edəcəkdir ki, bu da muxtar respublikanın ərzaq təhlükəsizliyinə töhfədir. Nasos stansiyasının su debitinin artıq olması gələcəkdə ətraf ərazilərdə də yeni yeraltı şəbəkələrin qurulmasına və torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verəcəkdir. Həmçinin Araz çayı üzərində olan panton nasos stansiyasında yenidənqurma işləri başa çatandan sonra 10 min hektara yaxın torpaq su ilə təmin olunacaqdır. Qeyd olunub ki, yeni nasos stansiyasının qurulması, istifadəyə verilməsi, yeraltı şəbəkələrin çəkilməsi yerli mütəxəssislər tərəfindən həyata keçirilmişdir. Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində əməyi olanlara təşəkkür etmiş, nasos stansiyasını işə salmışdır.
    Bildirilmişdir ki, suyun boru xətti ilə geri qayıdarkən yaratdığı əks-zərbə nəticəsində baş verəcək qəza zamanı nasos stansiyasının su ilə dolma təhlükəsinin qarşısını almaq üçün xətt üzərində əks-klapan, ehtiyat xətt, drenaj və artezian nasosu quraşdırılmışdır. Stansiya nasosları su ilə doldurmaq üçün vakuum sistemi ilə təmin olunmuş, nasosların iş rejiminə nəzarət üçün çıxış xətləri üzərində ölçü cihazları yerləşdirilmişdir. Stansiyanın maşın zalında aqreqatların təmiri, daşınması məqsədilə 3,2 ton yükqaldırma qabiliyyəti olan elektrik talı quraşdırılmış, binanın ətrafına kilid daş döşənmiş, 0,7 hektar sahədə yaşıllıq zolağı salınmışdır. Suyun əraziyə çatdırılması üçün müxtəlif diametrli borularla, ümumilikdə, 6600 metr təzyiqli boru xətti çəkilmişdir.  Nasos stansiyasının boru xətti paylayıcı siyirtmə vasitəsilə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində istifadəyə verilmiş 810 hektar qapalı suvarma şəbəkəsinin mövcud xətti ilə birləşdirilmişdir. Boru xəttinin keçdiyi ərazidə qrunt sularının səviyyəsini aşağı salmaq üçün 1000 metr açıq drenaj kanalı qazılmışdır. Stansiyadan verilən su mövcud və yeni çəkilmiş xətlərlə Böyükdüz kəndinin yuxarı hissəsinə – Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarına qədər daşınacaqdır. Bu da, öz növbəsində, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin istifadəsinə ayrılmış 1961, Böyükdüz kənd bələdiyyəsinə aid 46 və dövlət ehtiyat fonduna aid 190 hektar olmaqla, ümumilikdə, 2200 hektar torpaq sahələrini suvarma suyu ilə təmin etməyə imkan verəcəkdir. 
    Ali Məclisin Sədri əkinlərin aqrotexniki qaydalara uyğun həyata keçirilməsi, torpağın strukturuna uyğun bitkilərin əkilməsi, nasos stansiyalarının ətrafında bağların salınması, muxtar respublikada ehtiyac olan yerlərdə qapalı suvarma şəbəkələrinin qurulması ilə bağlı layihələrin hazırlanması barədə tapşırıqlar vermişdir. 
    Həmin gün Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin layihəsinə də baxmış, işlərin ilin sonuna kimi yekunlaşdırılması barədə tapşırıqlar vermişdir. 

    Muxtar respublikanın biraylıq siyasi-iqtisadi uğurlarını, görülən işlər müqabilində qazanılan nailiyyətləri Ali Məclis Sədrinin bu müdrik fikirləri ilə ümumiləşdirmək olar: “...Görülən işlər və iqtisadi sabitliyin qorunması ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Qarşıdakı dövrdə də ümummilli liderimizin yoluna sədaqət muxtar respublikada kompleks inkişafa səbəb olacaqdır”.

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 23.05.2022 20:26