AZ EN RU

Milli Qurtuluşun bəxş etdiyi bayram təntənəsi, yüksək əhvali-ruhiyyə - FOTOLAR

    Muxtar respublikamızın yeddi şaxəsi kimi inkişaf edən, günü-gündən gözəlləşən bölgələri ecazkar təbiət gözəllikləri ilə zəngindir. Yüksək turizm potensialına malik olan belə rayonlarımızdan biri də Şahbuzdur. Bu yurdun adı çəkiləndə ilk yada düşən Batabat yaylağı, Ağbulaq İstirahət Mərkəzi, Çınqıllı suyu, Badamlı zavodu olsa da, hər dağında, hər dərəsində hələ kəşf olunmayan neçə-neçə gözəllikləri və özəllikləri var. Bu dəfə yolumuz Batabatadır. Gəlişimizin səbəbi Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbirin və “Göycə” festivalının keçirilməsi idi. Rayonda ənənə halını alan festivallar Batabat yaylağında keçirilir. Bu, insanların böyük marağına səbəb olur. Çünki gələn qonaqlar tədbirdə təşkil olunan iaşə xidmətlərindən faydalanaraq səmərəli istirahət edirlər. Rayon sakinləri tərəfindən bişirilən kabab, hazırlanan samovar çayı, kətə, səyyar xidmət vasitəsilə satılan sərin içkilər, dondurmalar tədbir boyu insanların ehtiyaclarını ödəyir, rayon Mədəniyyət İdarəsinin kollektivi isə maraqlı səhnəciklər və musiqi nömrələri ilə gələn qonaqların zövqünü oxşayır. 
    Şahbuz Rayon Mədəniyyət İdarəsinin yallı rəqs kollektivinin və “Batabat” İnstrumental Ansamblının iştirakı ilə tədbirdə xoş anlar yaşandı. Əbülfəz Məmmədovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Filarmoniyasının solisti Xatirə Səfərovanın və Naxçıvan Dövlət Filarmoniyasının solisti Zamin Vəliyevin ifasında səslənən vətənpərvərlik mahnıları, Şahbuz şəhər klubunun, Ayrınc və Kolanı kənd mədəniyyət evlərinin, Mədəniyyət Sarayının yallı kollektivlərinin, sazda Əli İmamquliyevin, zurnada Tarverdi Hüseynovun ifaları tədbir iştirakçılarının xüsusi marağına səbəb olurdu. Şahbuz rayon və Kolanı kənd Uşaq musiqi məktəblərinin şagirdlərinin hazırladığı 2020-2021-ci tədris ilinin yekunlarına həsr olunmuş konsert proqramı və Sibel Musalının milli rəqs nümunələri də sevilənlər sırasında oldu. Batabat yaylağında keçirilən tədbir iştirakçıları ilə həmsöhbət oluruq.
     Tədbirdə muxtar respublikamızın bütün rayonlarından gələn qonaqlarla yanaşı, Bakı şəhərindən olan qonaqlar da var idi. Onlardan biri – Natəvan Qafarova deyir: – Uzun müddətdir, bu yerlərə gələ bilmirəm. Elə sosial şəbəkələrdən Batabatın gözəllikləri, “Üzən ada”sı, Fərhad evi haqqında eşidir, oxuyurdum. Naxçıvanda qonaq olduğum bu günlərdə isə bu yerləri görməyi qərara aldım. 
    Batabata çatmazdan əvvəl Biçənək kəndi yamyaşıl mənzərəsi ilə bizi qarşıladı. Yolboyu səliqə ilə salınan bağ evləri xüsusi bir görkəm verir kəndə. Hüsnünə nəğmələr bəstələnən, şeirlər qoşulan Batabat Tanrının bu yerlərə ərməğanıdır. Buz bulaqları, şiş qayaları, min bir ətirli çiçəkləri, “Üzən ada”sı ilə hər kəsi valeh edən bu təbiət gözəli bu gün dövlət qayğısı ilə turizm üçün ideal bir məkana çevrilib. Batabat həm də tarixi abidələr məkanıdır. Böyük marağıma səbəb olan Qədim karvan yolu üzərində yerləşən və bir zamanlar həmin karvanlar üçün mehmanxana kimi istifadə olunan Fərhad evi haqqında yerli əhali arasında maraqlı rəvayət dolaşır.
    Batabatın gözəlliklərindən saatlarla danışa bilərəm. Lakin, sadəcə, gəlib görün deyirəm. Bu cür tədbirlərin keçirilməsi isə mənim daha çox ürəyimcə oldu. Çünki, sözün əsl mənasında, istirahət edə bildim. 
    Bu gün Milli Qurtuluş Günü münasibətilə mənfur düşmənlərlə sərhəd bölgəsində  keçirilən belə tədbirlər elə onlara gözdağıdır. Qürur duyuruq ki, muxtar respublikanın hər bir bölgəsində belə bayram ab-havası yaşanır. 
    Ötən əsrin 90-cı illərin əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət yaranmışdı. Silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə almışdı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq öz nicatını ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməsində gördü. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun xilası uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan qurtardı. Bu gün Milli Qurtuluş Gününün bu müstəqil dövlətçilik yolunun əsası qoyulan ulu diyarımız Naxçıvanda, onun sərhəd bölgəsi, cənnətməkan Şahbuzda əsl təntənə ilə qeyd olunması heç də təsadüfi deyil.
    Növbəti müsahibim Naxçıvan şəhərindən olan Ədalət Hüseynovdur. O dedi:
    – Bir vaxtlar yolların bərbad vəziyyətdə olması üzündən bu gözəl yaylağa gəlmək çətinlik yaratsa da, bir dəfə gələnlər heç bir çətinliyə baxmayaraq, dəfələrlə bu yerlərə gəlməyə can atırdılar. Lakin son illərdə muxtar respublikamızda aparılan quruculuq işləri nəticəsində Batabata gedən aşırımlı yollar da abadlaşıb. Artıq buraya gəlmək çox rahatdır. Onu da deyim ki, Batabat, sadəcə, istirahət zonası deyil. İlin bu vədəsində bu yerlərə üz tutanda dəstə-dəstə insanın göbələk, əvəlik, ələyəz, baldırğan, kəklikotu, solmazçiçək, çobanyastığı, səhləb, böyrəkotu yığdığının şahidi oluruq. İnsanlar bu yolla həm istirahət edir, həm də qış üçün tədarük görürlər. Hətta bu yolla ailə büdcəsinə qazanc gətirənlər də az deyil. Bu cür güllü-çiçəkli təbiət qoynunda arı yeşiklərini də tez-tez görmək olur. Muxtar respublikamızda bal deyəndə Şahbuz balının əl-əl axtarılmağının səbəbi də elə buranın təbiətidir. Nəinki Şahbuz rayonundan, digər bölgələrimizdən də mövsümdə arı ailələrini bu yaylağa gətirənlər var. Bu cür tədbirlərin Batabat kimi bir yaylaqda keçirilməsi isə təqdirəlayiq haldır. 
    Bir zamanlar buraya gəlməyin çətinliklərindən tam reallıqla söhbət açan müsahibimdən ayrılaraq yaradılan səhnənin qarşısında əylənən uşaqlara yaxınlaşıram. Öyrənirəm ki, onlar Naxçıvan şəhərindən ailələri ilə istirahət üçün üz tutublar buraya. Bu cür əyləncəli festival isə sevinclərinə sevinc qatıb. Cavidan Əsgərli, Dəniz Əsgərli, Aylin Kərimli, Səadət Kərimli deyir ki, məktəbdə müəllimlərindən, evdə isə valideynlərindən öyrəniblər ki, Qurtuluş Günündə xalqımız bütün bəlalardan xilas olub. Buna görə də bu günün əhəmiyyəti böyükdür. Biz həm də bilirik ki, bu yaylaq mənfur düşmənlərimizlə yaxın ərazidə yerləşir. Bu gün burada vətənpərvər mahnıların səsləndirilməsi düşmənlərimizə layiqli cavabdır. 
    Dəyərli oxucularımız! Naxçıvandan başlanan Qurtuluş yolunun təməlini qoyan ümummilli liderimizin siyasəti bu gün muxtar respublikamızda uğurla davam etdirilir. Milli Qurtuluş Gününün muxtar respublikamızın hər bir bölgəsində bu cür qeyd etməyə ümummilli liderin böyük ideyaların yaşadan insanlar kimi naxçıvanlıların mənəvi haqqı var. 
    “Həm ziyarət, həm ticarət”, – deyib üz tutduğumuz bu səfalı diyardan ayrılmağın vaxtıdır. Uşaqlıq illərimin ən gözəl çağlarının keçdiyi bu yerlərdən ayrılarkən ürəyimdən şair Ramiz Babayevin misraları keçir:

        Bütün cizgilərin tanışdır mənə,
        Gözlərim olmasa taparam səni.
        Qoşulsan payızın küləklərinə,
        Bir dərə olaram, tutaram səni.

Telli MƏMMƏDOVA

Nəşr edilib : 13.06.2022 21:53