AZ EN RU

Müasir infrastrukturlu məktəbdə yeni uğurlar qazanılmasına səy göstərilir

  Təhsil millətin gələcəyidir

 “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

    Bu gün qürurla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin bu qiymətli tövsiyəsi ölkəmizdə tamamilə reallığa çevrilib. Belə ki, dinamik xarakter alan sosial-iqtisadi inkişafda təhsil sisteminin tamamilə yeniləşdirilməsini hər addımda müşahidə etmək mümkündür. Bu da ulu öndərin müəyyənləşdirdiyi təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Elə bu qayğının nəticəsidir ki, muxtar respublikamızda da təhsil sahəsi özünün yeni inkişaf mərhələsindədir. Dünən qazanılan uğurlarla bu gün kifayətlənməyən pedaqoji kollektivlər yeni nailiyyətlər əldə etmək əzmi ilə çalışırlar. Məqsəd isə onlara göstərilən etimadı doğrultmaq, dövlətçiliyə, müstəqilliyimizə sadiq vətənpərvər vətəndaşlar yetirməkdir. Uzağa getmədən ötən il də bu sahəyə göstərilən qayğını görmək olar. Belə ki, Babək rayonunun Göynük və Araz, Şərur rayonunun Şəhriyar, Dərvişlər, Ordubad rayonunun Vələver, Nüsnüs, Aşağı Əndəmic, Dırnıs kəndlərində məktəb binalarının və Ordubad şəhərində 612 şagird yerlik 1 nömrəli tam orta məktəb binasının yenidən qurulması başa çatdırılıb, həmin təhsil ocaqlarında hərtərəfli şərait yaradılıb. 

    Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin, Babək rayonunun Sirab, Ordubad rayonunun Pəzməri kəndlərində məktəb binalarının tikintisi davam etdirilib. Mütərəqqi təhsil metodu kimi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılıb, Naxçıvan şəhərində mərkəz üçün binanın tikintisinə başlanılıb.

    Yeni ilin əvvəlində isə Şərur rayonunun Çərçiboğan kəndində ilin ilk məktəb binası istifadəyə verilib. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 654 şagird yerlik məktəbdə 33 sinif, 3 elektron lövhəli və 2 şahmat, 2 kompüter, psixoloq və müəllimlər otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, 3 qarderob və idman zalı yerləşir. Kitabxana fondunda oxunması zəruri olan kitablar da daxil olmaqla, 13 min 396 kitab vardır. STEAM kabinəsi zəruri öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. 

    Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi üçün hərbi kabinədə lazımi şərait yaradılıb, kabinə əyani vəsaitlərlə təmin olunub. Həmçinin binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb, stadion təmir edilib. 

    Məktəbin direktoru Elnarə Əliyeva deyir ki, Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə qədəm qoyması ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub. Təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirən cənab İlham Əliyevin belə diqqət və qayğısının bəhrələrini muxtar respublikamızın timsalında da görmək olar. Belə ki, son illər qədim diyarımızda 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb.

    Müasir maddi-texniki bazanın yüksək səviyyədə formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası artıq öz bəhrəsini verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli və mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər. Bütün bunlar təhsildə qazanılan uğurların təməlində dayanan amillərdir. Bizim məktəbin kollektivi də bu imkanlardan səmərəli istifadə etməyə səy göstərir. 
    Məktəbin direktoru təhsil ocağının uğurlarından da söhbət açır: – Çəkilən zəhmətin bəhrəsidir ki, ötən il məktəbimizin məzunlarından 15-i ali, 3-ü orta ixtisas məktəblərinə qəbul olub. Onlardan 4-ü 500-dən yuxarı bal toplayıb. Təbii ki, bu uğurların qazanılmasında müəllim əməyinin böyük rolu var. Bu gün onu da qürurla demək olar ki, respublikamızda şərəfli peşə sahiblərinin zəhməti daim yüksək dəyərləndirilir. Çərçiboğan məktəbinin müəllimlərindən Nahidə İbrahimovanın “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, Səadət Süleymanovanın isə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülməsi, ümumilikdə, pedaqoji kollektivə göstərilən qayğı kimi dəyərləndirilib. 
    Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı İsaq Kərimov söhbətimizə qoşularaq deyir ki, pedaqoji iş kollektiv işidir. Burada birgə fəaliyyət başlıca amildir və kollektivimiz bunu dərindən dərk edir, həm tədris məşğələləri canlı qurulur, həm də məktəbdənkənar və sinifdənxaric tədbirlərə böyük önəm verilir. Gələcəyimiz etibar ediləcək bugünkü məktəblilərin Vətənə, dövlətə və dövlətçiliyə, mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Keçirilən tədbirlərin formal xarakter daşımamasına çalışılır.
    İsaq Kərimov cari dərs ilində də bu məsələlərin diqqət mərkəzində saxlanıldığını, həyata keçirilən tədbirlərin öz bəhrələrini verdiyini deyir: – Əvvəlki illərdə əldə olunan nailiyyətlərin sayının artırılması bu il də hədəf kimi götürülüb. Müxtəlif məzmunlu müsabiqə və yarışlarda şagirdlər yüksək göstəricilərlə çəkilən zəhmətin, yaradılan şəraitin hədər getməməsinə çalışırlar. Məktəbimizdə oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb ki, həmin kitabların bir neçəsinin müzakirəsi də təşkil olunub, çünki kitab və mütaliə insan xarakterinin düzgün formalaşmasında mühüm əhəmiyyətə malikdir. Onu da qeyd etməliyəm ki, şəhidlərimizin əziz xatirəsi də unudulmur. Onların keçdiyi qəhrəmanlıq yolunu şagirdlərimizə aşılamaq məqsədi daşıyan tədbirlərə ciddi önəm verilir. Bu da şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə öz təsirini göstərir. Məktəbimiz “Şahin” və “Cəsurlar” hərbi-idman oyunlarında fəal təmsil olunur. Qürurluyuq ki, şagirdlərimiz bu yarışlarda da xeyli uğurlara imza atıblar. 
    Təhsil ocağının sınaq imtahanlarında fərqlənən şagirdləri ilə də həmsöhbət oluruq. 11-ci sinif şagirdi Səkinə Əliyeva deyir: – Bütün şagirdlər yüksək bal toplamaq, ali məktəb tələbəsi adını qazanmaq arzusunda olur. Onların hamısı uğurlu nəticə əldə edərək həm ailəsini, müəllimlərini sevindirmək, həm də istədikləri təhsil ocağında seçdikləri ixtisasda təhsil almaq istəyir. Abituriyent bu sevinci, sadəcə, yaxşı çalışaraq yaşaya bilər. Mən də məktəbdə bizə elmlərin sirlərini öyrədən müəllimlərimin, valideynlərimin etimadını doğrultmağa çalışıram. İstifadəmizə verilən zəngin kitabxana, kompüter otaqları, idman zalı, ümumiyyətlə, hər şey bizi daha da yaxşı oxumağa və yaradılanları qoruyaraq bizdən sonrakı şagirdlərə ötürməyə sövq edir. Ali məktəblərə qəbula hazırlaşan bütün sinif yoldaşlarıma uğurlar arzulayıram. İnanıram ki, göstərilən etimadı doğruldacağıq. 
    Məktəbin müəllimləri Ali Məclis Sədrinin “Çərçiboğan kənd tam orta məktəbindəki şərait imkan verəcəkdir ki, qarşıda duran bu vəzifələr layiqincə yerinə yetirilsin, təhsilli, vətənpərvər gənclər yetişdirilsin. Məktəbin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə yaxşı kollektiv formalaşıb. Məktəbin lazımi şəraiti olmadığı vaxtlarda kollektiv işinə məsuliyyətlə yanaşaraq nailiyyətlər qazanıb” dəyərli fikirlərini əldə rəhbər tutaraq uğurlarını daha da artırmaq üçün ciddi səylə çalışırlar. Məqsəd isə aydındır. Qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilsin. Bu vəzifələrin yerinə yetirilməsi isə gələcəyimizə etibarlı təminat yaratmaq deməkdir. 

Telli MƏMMƏDOVA

Nəşr edilib : 26.04.2022 18:38