AZ EN RU

Müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yolu... Naxçıvan bu yolda inam, əzmkarlıq və qətiyyətlə irəliləyir

İcmal

Növbəti yarım ilin inkişaf hədəflərinin müəyyənləşdirilməsi ilə səciyyələnən ötən ayın ictimai-siyasi təhlili belə deməyə əsas verir


Strateji məhsul olan taxılçılığın inkişafı
 iqtisadi siyasətin prioritetidir

Naxçıvan Muxtar Respublikası kifayət qədər əlverişli təbii-coğrafi şəraitə, məhsuldar torpaqlara malik olmasına baxmayaraq, müstəqilliyin ilk illərində Azərbaycanda siyasi hakimiyyətdə olmuş qüvvələrin ümummilli mənafeyə, dövlətçilik maraqlarına zidd mövqeyi, siyasi səriştəsizliyi nəticəsində muxtar diyarımız ciddi iqtisadi böhranla üz-üzə qalmalı olmuş, qonşu dövlətlərdən asılı vəziyyətə düşmüş, ərzaq qıtlığı ilə sınağa çəkilmişdi. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi həyata keçirdiyi qətiyyətli tədbirlər, yenidən siyasi rəhbərliyə gəlişindən sonra reallaşdırdığı uzaqgörən iqtisadi siyasət bu problemlərin köklü həllinə rəvac vermişdi. Müstəqilliyin sonrakı mərhələsində muxtar respublikada ulu öndərin davamlı inkişaf və tərəqqiyə hesablanmış müdrik siyasətinə arxalanan iqtisadi strategiya həyata keçirilmiş, muxtar respublikamız iqtisadi tənəzzüldən tərəqqi yoluna qədəm qoymuş, real inkişaf göstəriciləri əldə edilmişdir. Bütün bunların əsasında isə mövcud çətinliklərin öhdəsindən gəlməyə, istənilən xarüqəni yaratmağa qadir olan vətənpərvərlik əzmi dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikanın misligörünməmiş inkişafını belə səciyyələndirmişdir: “Burada hər bir sahədə gözəl inkişaf vardır... Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar. Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”. 
    Muxtar respublikada aparılan uğurlu aqrar siyasət ərzaq təhlükəsizliyi sahəsində də öz bəhrəsini vermişdir. Məhsul istehsalçılarına subsidiyaların, mineral gübrələrin, kimyəvi dərmanların, güzəştli kreditlərin verilməsi, müasir meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, lizinq xidmətlərinin genişləndirilməsi, meyvə-tərəvəz emalı müəssisələrinin, istixana komplekslərinin yaradılması, taxıl və soyuducu anbarların həcminin artırılması nəticəsində əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatı tamamilə, taxıla olan tələbat isə, əsasən, yerli istehsal hesabına ödənilir. Ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılığın müstəsna əhəmiyyəti nəzərə alınaraq əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır, bu sahəyə dövlət dəstəyi ilbəil artırılır. Hazırda muxtar respublikada ümumi tutumu 27 min ton olan taxıl ehtiyatı anbarı, 14 taxıl emalı müəssisəsi və 6 su dəyirmanı fəaliyyət göstərir. Daxili bazarın qorunması, texnika və toxum təminatı, mütərəqqi suvarma şəbəkələrinin qurulması, subsidiyaların və gübrələrin verilməsi ilə yanaşı, buğda və arpanın sərfəli qiymətlərlə alınması da taxıl istehsalının artırılmasına imkan vermişdir. Belə ki, bu il taxılın kiloqramı 60, arpanın kiloqramı isə 48 qəpikdən qəbul olunur.
    Məlumat üçün bildirək ki, ötən ilin payızında və cari ilin yazında muxtar respublikada 33466 hektar sahədə taxıl əkilmişdi. Bu, əvvəlki illə müqayisədə 745 hektar çoxdur. Mövsüm boyu əkin sahələrinə göstərilən aqrotexniki qulluq öz bəhrələrini verib. Belə ki, sahələrdən hektarın orta məhsuldarlığı 32,1 sentner təşkil etməklə 107 min 418 ton yüksəkkeyfiyyətli taxıl götürülüb. Müvafiq olaraq bu rəqəmlər ötən il 31,6 sentner və 103 min 372 ton olub. Heç şübhəsiz ki, qazanılan uğurlarda muxtar respublikada mühüm strateji ərzaq məhsulu olan taxılçılığın inkişafına göstərilən dövlət qayğısı, mövcud nöqsanların aradan qaldırılması istiqamətində görülən ardıcıl tədbirlər də müstəsna rol oynayır. İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirə də belə tədbirlərdən idi. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri sırasında taxıl istehsalı xüsusi yer tutur. Taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır, bu sahəyə dövlət dəstəyi ilbəil artırılır. Hazırda muxtar respublikada ümumi tutumu 27 min ton olan taxıl ehtiyatı anbarı, 14 taxıl emalı müəssisəsi və 6 su dəyirmanı fəaliyyət göstərir. Həmçinin daxili bazarın qorunması, texnika və toxum təminatı, mütərəqqi suvarma şəbəkələrinin qurulması, subsidiyaların və gübrələrin verilməsi taxılçılıqla məşğul olanlar üçün geniş imkanlar açmışdır. Taxıl istehsalının artırılmasının digər bir səbəbi də buğda və arpanın sərfəli qiymətlərlə alınmasıdır. Naxçıvan Muxtar Respublikasının torpaq balansına əsasən kənd təsərrüfatına yararlı torpaqların 36 faizi, yəni 64 min hektardan çoxu əkin altındadır ki, bunun da 82 faizi – 52 min hektardan çoxu suvarılan sahələrdir. Muxtar respublikanın əkin strukturunda taxıl sahələri ümumi əkilən ərazilərin 52 faizini təşkil edir. Bu da onu deməyə əsas verir ki, taxılçılığın inkişafına əkin sahələrinin genişləndirilməsi ilə deyil, məhsuldarlığın artırılması yolu ilə nail olmaq lazımdır”. 
    Taxılçılıqda əsas hədəfin hektardan məhsuldarlığın yüksəldilməsi olduğunu vurğulayan muxtar respublika rəhbəri ayrı-ayrı rayonlar üzrə müqayisəli təhlillər apararaq eyni torpaq və iqlim xüsusiyyətlərinə malik bəzi ərazilərdə əkin aparılmasına baxmayaraq, istehsal olunmuş taxılın həcminin sahənin potensial imkanlarından aşağı olduğunu diqqətə çatdırmışdır.     
    “Qarşıda duran əsas vəzifə muxtar respublikada strateji məhsul olan taxıl istehsalını artırmaqdır”, – deyən Ali Məclisin Sədri taxılçılığın inkişafının bundan sonra da aid qurumlar tərəfindən diqqətdə saxlanılması, məhsuldarlığın artırılması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatlarında və Naxçıvan Toxumçuluq Mərkəzində məhsuldar toxum sortları yetişdirilməli, torpaq mülkiyyətçiləri sertifikatlaşdırılmış toxumlarla təmin olunmalıdırlar. Muxtar respublika üzrə dəmyə əkin sahələrinin xəritəsi hazırlanmalı, tam şəkildə əkin aparılmalıdır. Muxtar respublika rəhbəri taxıl əkini sahələrinə suyun aqrotexniki normalarda verilməsinin təmin edilməsi, şoranlaşmaya qarşı tədbirlər görülməsi, torpaqların münbitliyinin artırılması, taxıl emalı müəssisələrində və satış mərkəzlərində texnoloji proseslərə, məhsulun saxlanılma şəraitinə nəzarət edilməsi kimi qarşıya mühüm vəzifələr qoymuşdur.     
    Sonra Ali Məclisin Sədri muxtar respublika üzrə taxıl biçininin gedişi ilə maraqlanmış, “Araz” Elm-İstehsalat Birliyinin əməkdaşlarına təşəkkür etmiş, müşavirənin şəhər və rayonlar üzrə də keçirilməsi barədə tapşırıqlar vermişdir. Verilən tapşırıqlara uyğun olaraq muxtar respublikanın şəhər və rayonlarında keçirilən müşavirələr, payızlıq taxıl əkinlərinə hazırlıq işləri zamanı aqrotexniki qaydalara ciddi əməl olunmasına səy göstərilməsi bir daha təsdiq edir ki, bəhs olunan müşavirədə taxılın istehsalı və emalı proseslərinə nəzarətin gücləndirilməsi məqsədilə irəli sürülən vəzifələr muxtar respublikada taxılçılığın gələcək inkişafının başlıca hədəfləridir. 

Sosial-iqtisadi inkişaf dinamikası cari ilin ilk yarım ilində də qorunub saxlanılmış, müxtəlif istiqamətlər üzrə 
nəzərəçarpan inkişaf göstəriciləri qeydə alınmışdır

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında əsas inkişaf göstəriciləri üzrə müsbət dinamika qorunub saxlanılmış, sosial-iqtisadi islahatlar və tikinti-quraşdırma işləri davam etdirilmişdir. Hesabat dövründə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi daha da möhkəmləndirilmiş, inkişafın əsas göstəricisi hesab olunan əhali rifahı yüksəldilmiş, yeni iş yerləri açılmış, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilmişdir. 2022-ci ilin birinci yarısında muxtar respublikada ümumi daxili məhsulun həcmi 1 milyard 363 milyon manatdan çox olmuşdur ki, bunun da 86 faizi özəl bölmənin payına düşmüşdür.     
    Ötən dövrdə muxtar respublikada sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə 24 milyon manatdan çox kredit verilmiş, dövlət dəstəyi hesabına 68 layihə üzrə yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Tikinti-quruculuq işləri də geniş vüsət almış, 113 obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 197 obyektin tikintisi və yenidən qurulması davam etdirilmişdir.     
    Aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks tədbirlər kənd təsərrüfatının davamlı və dinamik inkişafını təmin etmişdir. Cari ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında muxtar respublika üzrə 33 min 466 hektar sahədə taxıl əkini aparılmışdır. 2022-ci ilin ötən dövründə diri çəkidə 13 min 978 ton ət, 51 min 907 ton süd, 881 ton yun, 64 milyon 439 min yumurta istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,9 faiz, süd istehsalı 1,5 faiz, yun istehsalı 1,2 faiz, yumurta istehsalı 2,3 faiz artmışdır. 2022-ci ilin ötən dövründə kənd təsərrüfatının ümumi məhsulu 152 milyon 756 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. 
    Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, sənaye müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi 2022-ci ilin birinci yarım ilində də davam etdirilmişdir. Ali Məclis Sədrinin müvafiq Sərəncamına əsasən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanılmış, yun iplik istehsalı sahəsinin yaradılması məqsədilə layihə hazırlanmışdır. Yaradılacaq yeni Duz İstehsalı Müəssisəsi isə geniş istehsal imkanları ilə “Sənaye ili”nə mühüm töhfə olacaqdır. Bu ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına sənayeyönümlü 15 layihəyə 4 milyon 903 min manat kredit verilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü layihələrə 1 milyon 36 min manat güzəştli kredit verilmişdir. Bununla yanaşı, kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən ailə təsərrüfatlarına Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 766 min manat dövlət maliyyə dəstəyi də göstərilmişdir. 
    Son illərdə əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərin miqyası genişlənmişdir. Bu ilin ötən dövründə muxtar respublikada 1313 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur ki, bunlardan da 215-ni əmək yarmarkalarında işə göndərilənlər təşkil etmişdir. Özünüməşğulluq proqramının tətbiqinə başlanılmasından bu günədək 5126 nəfər ailə üzvü olan 1107 ailənin özünüməşğulluğu təmin edilmişdir. Cari ildə isə 862 nəfər ailə üzvü olan 182 ailə proqrama cəlb edilmişdir. Muxtar respublikada 15-i 2022-ci ilin birinci yarısında olmaqla, 43 şəhid ailəsi və sağlamlıq imkanı məhdud müharibə iştirakçısı mənzillə, 16-sı 2022-ci ilin birinci yarısında olmaqla, 44 müharibə iştirakçısı avtomobillə təmin olunmuş, 4-ü 2022-ci ilin birinci yarısında olmaqla, 21 şəhid ailəsi və müharibə iştirakçısının kredit borcu bağlanmış, 10-u 2022-ci ilin birinci yarısında olmaqla, 42 şəhid ailəsi və müharibə iştirakçısının mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Həmçinin bu günədək fondun vəsaitləri hesabına müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilmiş, 1 nəfərin təhsil haqqı xərci ödənilmişdir.
    Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 2021-ci ildə 128 milyon 400 min manat plana qarşı 145 milyon 38 min manat icra edilmiş, büdcəyə 16 milyon 638 min manat artıq vəsait mədaxil edilmişdir. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq və abadlaşdırma işlərinin aparılmasına, yerli idarəetmə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisinə, şəhər və kənddaxili avtomobil yollarının yenidən qurulmasına, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir. Muxtar diyarımızın çoxcəhətli sosial-iqtisadi inkişafını təsdiqləyən bu statistik göstəricilər iyulun 16-da keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasındakı məruzələrdə öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir. 
    Ali Məclis Sədrinin sessiyadakı məruzəsində yarım ilin yekunlarına nəzər salınmış, inkişaf göstəriciləri müqayisəli şəkildə təhlil edilmişdir. Muxtar respublika rəhbəri Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə islahatların 2022-ci ilin ikinci yarısında da davam etdirilməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması ilə bağlı aidiyyəti üzrə bir sıra tapşı­rıqlar vermişdir. Qeyd olunmuşdur ki, dövlət büdcəsinin icrasına və büdcə vəsaitlərindən qənaətlə istifadəyə nəzarəti gücləndirilməli, təhlillər aparılmalı, növbəti ilin büdcə pro­qnozları hazırlanmalıdır. 
    Muxtar respublikada tələbatın yerli istehsal hesabına ödənilməsi üçün əsas tələbat malları üzrə yerli istehsala üstünlük verilməli, yeni sahibkarlıq müəssisələrinin yaradılması dəstəklənməli, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə kredit təşkilatları tərəfindən sahibkarlıq müəssisələrinin kreditləşdirilməsinə və həmin kreditlərdən təyinatı üzrə səmərəli istifadəyə nəzarət olunmalıdır. Muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda mövqeyinin möhkəmləndirilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində işlər davam etdirilməli, daxili tələbat və ixrac imkanları, o cümlədən ixrac bazarlarında baş verən tendensiyalar düzgün təhlil olunmalıdır. Vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının vaxtında və tam yığılması təmin edilməli, nağdsız ödəniş təşviq olunmalıdır. Ali Məclisin Sədri muxtar respublikada sənayeləşmə prosesinin daha da sürətləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının dəstəklənməsi məqsədilə 2022-ci ilin “Sənaye ili” elan edildiyini vurğulayaraq sənaye müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi və yeni sənaye müəssisələrinin yaradılması, rentabelli sahələrə investisiyaların cəlbi istiqamətində iş aparılması ilə bağlı da tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, istehlak bazarında məhsulların və xidmətlərin keyfiyyətinə, bütövlükdə, qida təhlükəsizliyi tədbirlərinə dövlət nəzarəti gücləndirilməli, ailə təsərrüfatları məhsullarının emalı, qablaşdırılması və ixracına dəstək verilməlidir. Ərzaq təhlükəsizliyini təmin etmək, emal müəssisələrinin xammala olan tələbatını ödəmək məqsədilə əkin strukturuna daxil olan torpaqların əkilməsini diqqətdə saxlamalı, bununla bağlı müvafiq tədbirlər görməli, eyni zamanda dəmyə torpaqlarda taxıl əkini təşviq olunmalıdır. Torpaq sahələrindən kənar məqsədlər üçün istifadənin qarşısını almalı, əhali məlumatlandırılmalı, xəbərdarlıqlardan nəticə çıxarmayanlar barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməlidir. Məruzədə su təminatının yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması tədbirləri sırasında ətraf mühitdən və təbii sərvətlərdən səmərəli istifadə, muxtar respublikada aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən islahatlar nəticəsində yaradılan müasir infrastrukturun qorunub saxlanılması, yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, görülən işlərin nəticəsində yaradılan sabit epizootik vəziyyətin bundan sonra da nəzarətdə saxlanılması ilə bağlı tapşırıqlar da diqqətə çatdırılmışdır. Ali Məclisin Sədri muxtar respublikanın ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində tədrisin və təlim-tərbiyənin təşkili, mədəniyyət müəssisələrində kadr işi, konsert və musiqi təhsili müəssisələrinin fəaliyyəti istiqamətində yol verilən nöqsanların aradan qaldırılması, əhalinin məşğulluğu və sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı Dövlət proqramlarından irəli gələn vəzifələrin diqqətdə saxlanılması, özünüməşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilməsi, tibb xidmətinin keyfiyyətinin, eləcə də həkim və tibb işçilərinin peşəkarlığının artırılması, muxtar respublikada epidemioloji vəziyyətlə bağlı tədbirlərin davam etdirilməsi, sanitariya-gigiyena normalarına əməl olunması ilə bağlı da mühüm tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, gənclərin idmana marağının artırılması üçün layihələr hazırlanmalı, ölkə və beynəlxalq səviyyəli idman yarışlarında muxtar respublikadan olan idmançıların iştirakı təmin edilməli, idman federasiyaları ilə qarşılıqlı fəaliyyət artırılmalıdır. Fermer və torpaq mülkiyyətçilərini tələbata uyğun kənd təsərrüfatı texnikaları, avadanlıqlar və gübrələrlə təmin etməli, lizinq xidmətinin əhatə dairəsi genişləndirilməlidir.
    Muxtar respublika rəhbərinin məruzəsində əmək pensiyalarının düzgün hesablanması və təyinatı ilə bağlı işlərin davam etdirilməsi, sosial islahatların mühüm tərkib hissəsi olan gənc ailələrin mənzil təminatında, muxtar respublikanın malik olduğu geniş turizm potensialından istifadə və bu sahədə aparılan təbliğat işində yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar da öz əksini tapmışdır. Ali Məclisin Sədri mövcud qanunvericiliyə uyğun olaraq dövlət orqanlarında işə qəbul, attestasiya və sertifikasiya ilə bağlı, sığorta fəaliyyəti sahəsində innovativ xidmətlərin və könüllü sığortanın əhatə dairəsinin genişləndirilməsi, aqrar sığortaya marağın artırılması, tibbi sığortanın tətbiqi ilə də bağlı tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, sərnişin və yükdaşıma sahəsində, yol tikintisi işlərində keyfiyyətə diqqət artırılmalı, elektroenergetika infrastrukturunun müasirləşdirilməsinə, təbii qaz təminatında keyfiyyətin yüksəldilməsinə nəzarət olunmalı, əhaliyə keyfiyyətli rabitə və internet xidməti göstərilməsi istiqamətində işlər daha da təkmilləşdirilməlidir. Muxtar respublikanın rayonlarının tarixi və Naxçıvan etnoqrafiyası ilə bağlı kitabların nəşri ilin sonuna qədər başa çatdırılmalı, “Elm festivalı”na hazırlıq görülməli, ali təhsil müəssisələri tərəfindən yeni tədris ilinə hazırlıq görülməli, tələbə qəbulunun nəticələri təhlil olunaraq növbəti ilin qəbul planı barədə təkliflər hazırlanmalı, gənclərin düzgün istiqamətləndirilməsi ilə əlaqədar müvafiq layihələr həyata keçirilməli, könüllülük fəaliyyəti təşviq olunmalıdır. Düzgün statistik təhlillərin aparılmasının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əsas amil olması diqqətdə saxlanılmalıdır.
    Muxtar respublika rəhbəri sessiyadakı məruzəsində hüquq-mühafizə orqanlarına profilaktika tədbirlərini davam etdirmək, nizam-intizamı daha da möhkəmləndirilmək, ictimai asayişin və sabitliyin qorunmasına diqqəti artırmaqla bağlı mühüm tapşırıqlar vermiş, qeyd etmişdir ki, ordu, birləşmə və hərbi hissələr Naxçıvan Qarnizonu üzrə təsdiq edilmiş Uzlaşma Planında nəzərdə tutulan tədbirləri ardıcıl şəkildə icra etməli, şəxsi heyətin döyüş hazırlığının artırılması və xidmətin təşkili sahəsində tədbirlər görülməlidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırışını təşkil etməli, hərbi uçotun dəqiq və düzgün aparılmasına nəzarət olunmalıdır. Muxtar respublikanın yaradıcılıq birlikləri fəaliyyətlərini ümumi inkişafa uyğun qurmalı, müxtəlif müsabiqə və tədbirlər keçirilməli, kütləvi informasiya vasitələri ilə əlaqələr genişləndirilməlidir. Kütləvi informasiya vasitələri fəaliyyətlərində keyfiyyətə daha çox diqqət etməlidir.

    İyul ayının iqtisadi-siyasi mənzərəsi ilin ilk yarım ilinə uğurlu yekun vurmaqla, növbəti yarım ilə dinamik inkişaf tempinin qorunub saxlanılmasına xidmət edəcək başlıca hədəflərin müəyyənləşdirilməklə xarakterizə oluna bilər. Belə ki, sosial-iqtisadi inkişaf dinamikası cari ilin ilk yarım ilində də davam etdirilmiş, müxtəlif istiqamətlər üzrə nəzərəçarpan inkişaf göstəriciləri qeydə alınmışdır. Qazanılan çoxsaylı uğurların əsasında isə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında ümummilli liderin yoluna sədaqət, qarşıya qoyulan vəzifələr və hədəflərin düzgün müəyyənləşdirilərək düşünülmüş və planlı şəkildə həyata keçirilməsi dayanır. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər qoymuşdur. Biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur”.

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 12.08.2022 20:36