AZ EN RU

Naxçıvan mərmərinin istehsal gücü artırılır

Bu məhsuldan Şuşanın yenidən qurulmasında da istifadə edilir

    Son illərdə dinamik iqtisadi inkişafı səciyyələndirən əsas cəhətlərdən biri muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişafının təmin edilməsi, yeni istehsal sahələrinin yaradılmasıdır. Bütün bunlar sənaye quruculuğu sahəsində nəzərəçarpan uğurlar qazanılmasına imkan verən başlıca səbəblərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci ilin “Sənaye ili” elan olunması bu istiqamətdə həyata keçirilən tədbirlərin coğrafiyasını daha da genişləndirib, sənayeləşməni sürətləndirib. İnkişafı prioritet vəzifəyə çevrilmiş muxtar respublikamızda sənayedə qazanılan uğurların başqa bir səbəbi isə birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Elə məhz bunun ifadəsidir ki, diyarımızda istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür.

    Təbii sərvətləri, yeraltı və yerüstü nemətləri ilə tanınan muxtar respublikamızda belə təbii ehtiyatlardan səmərəli istifadə isə bu gün dövlət siyasətinin əsasını təşkil edir. Həmin ehtiyatların üzə çıxarılması, Azərbaycanın brend məhsuluna çevrilməsi sahəsində fəaliyyət göstərən sənaye sahələrindən biri də “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisə travertin və mərmər istehsalı ilə həm ölkənin daxili bazarında bu məhsullara olan tələbatı ödəyir, həm də xarici ölkələrə ixrac edir. Biz də bu kompleksin işi ilə yaxından tanış olmaq, “Sənaye ili”ndə kompleksin hansı töhfələrinin olacağını öyrənmək üçün adıçəkilən ünvana üz tutduq. Kompleksin istehsalat rəisi Zeyqəm Rəhimov bizi müəssisə ilə yaxından tanış etdi. Bildirdi ki, tikintisinə 2009-cu ilin ortalarından başlanan kompleks travertin və mərmər emalı üzrə ixtisaslaşdırılıb. Muxtar respublikanın Qarabağlar, Çalxanqala və Yuxarı Buzqov ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşları emal üçün bu kompleksə gətirilir. Ümumi sahəsi 53 min kvadratmetr olan kompleksdə müxtəlif çeşiddə inşaat və məişət məmulatı istehsal edilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir.

    Zeyqəm Rəhimov deyir ki, 2010-cu ildən fəaliyyət göstərən müəssisənin açılışında Azərbaycan Respublikasının Prezidenti işçi qüvvə ilə görüşü zamanı zavodun əhəmiyyətini xüsusi vurğulayıb, tövsiyələrini verib. Bu tövsiyələri əldə rəhbər tutan və tamamilə yerli xammal əsasında fəaliyyət göstərən bu kompleksdə Türkiyə istehsalı olan “SESEMAK” markalı avadanlıq quraşdırılıb. Konkret desək, kompleks bu gün dünya standartlarına cavab verən texnoloji avadanlıqlarla təmin olunub. Böyük və kiçikölçülü travertin plitələrdən, əsasən, binaların fasadının və həyətyanı sahələrin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərin hazırlanmasında istifadə edilir. Müəssisə gündəlik olaraq 2500 min kvadratmetr məhsul istehsal etmək gücünə malikdir. Kompleksdə travertin məhsulları ilə yanaşı, sədəf, mərmər məmulatlarının istehsalı da həyata keçirilir, muxtar respublikamızda aparılan genişmiqyaslı qurucu­luq tədbirlərində yerli tikinti materiallarına olan tələbatın ödənilməsində mühüm rol oynayır. 

    Müsahibimin sözlərinə görə, burada 180-ə yaxın vətəndaş işlə təmin olunub. Müəssisədə kişilərlə yanaşı, qadınlar da fəaliyyət göstərirlər. 
    Marağımıza səbəb olan bu qadınlarla elə iş başında həmsöhbət olduq. Onlardan 56 yaşlı Günəş Rzayeva bildirdi ki, artıq 13 ildir, burada işləyir. Zəriflik timsalı olan qadınlarımız üçün bu iş ağır deyilmi? – sualımıza isə Günəş xanım belə cavab verir:
    – Ay qızım, işin yüngülü, ağırı olmaz. Təki işini sevib, tapşırılan işin öhdəsindən layiqincə gəlməyi bacarasan. Keçmişimizə nəzər salanda görürük ki, Azərbaycan xanımları heç zaman işdən qorxmayıb, hətta kişilərlə birlikdə at səyirdib, silah tutublar. Elə nənələrimizdən qalan bu qoçaqlıq və bir də muxtar respublikamızın təbii sərvətlərinin hazırlanmasında, tanıdılmasında əməyimizin olması istəyi bizə işimizin öhdəsindən gəlməyə güc verir. Üstəgəl ki, bu gün müəssisədə əl əməyinə ehtiyac qalmayıb; hər iş, demək olar ki, avtomatlaşdırılıb.
    Zeyqəm müəllimlə davam edən söhbətimizdən öyrənirik ki, ötən dövr ərzində bir çox beynəlxalq sərgilərdə iştirak edən müəssisə nümayəndələri sərgidə nümayiş olunan nümunələrlə bu brendi dünya dövlətlərinə tanıtmış, nəticədə, məhsullar xarici şirkətlərdə maraq oyatmışdır. Bütün bu tədbirlər öz bəhrəsini digər ölkələrə ixrac olunan məhsul faizində də özünü göstərmişdir. Belə ki, zavod bu ilin ötən 5 ayı ərzində hazır­lanan 14650 ton travertin daş məhsullarını sifarişə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş mənşə sertifikatları əsasında Gürcüstan və Türkiyə respublikalarına göndərib.
    Artıq bir neçə müddətdir ki, Rusiya və Qazaxıstanla əməkdaşlıq planları üzərində işləsələr də, pandemiya səbəbi ilə bu əməkdaşlıq bir qədər ləngiyib. Zeyqəm müəllim deyir ki, 30 il müddətində erməni vandallarının tapdağı altında qalan Qarabağımızın yenidən qurulması, ilkin gözəlliyinə qaytarılmasına öz məhsulları ilə töhfələrini verirlər. Belə ki, Şuşa şəhərinin abadlaşdırılmasında zavodun məhsullarından istifadə olunur. 
    Müstəqillik əldə olunandan sonra sənaye sahəsinə göstərilən dövlət dəstəyi, o cümlədən ailə təsərrüfatçılarına, sənaye sahələrinə, sahibkar­lara güzəştli kreditlərin verilməsi nəticəsində bu sahələr öz fəaliyyətlərini genişləndirib və nəticədə, muxtar respublikamızın bir sıra sənaye məhsulları üzrə idxaldan asılılığı azalıb, bəziləri üzrə isə ixrac potensialı yaranıb. “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də bu prosesdə ön sıralarda gedir.

Telli MƏMMƏDOVA

Nəşr edilib : 03.06.2022 20:09