AZ EN RU

Naxçıvanın böyük siyasətə əsaslanan bugünkü inkişaf gerçəklikləri sabahkı firavan gələcəyə etibarlı zəmanətdir

Bunu ötən ayın ümumi ictimai-siyasi təhlili də bir daha təsdiq edir 

İcmal

    Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkəmizdə milli qurtuluş, inkişaf və tərəqqi yolunun əsası qoyuldu, qısa müddətdə daxili sabitlik bərpa edildi, cəbhədə atəşkəsə nail olundu, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində potensial baza yaradıldı, Azərbaycan beynəlxalq sferada demokratik və inkişaf edən dövlət kimi qəbul edilməyə başlanıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Müasir tariximiz, şanlı tariximiz 1993-cü ildən başlayır. O ildən 2003-cü ilə qədər Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Mütərəqqi Konstitusiya qəbul edilmişdir, ümumi dövlət quruculuğu prosesi başlamışdır, əsaslı siyasi və iqtisadi islahatlar reallaşmışdır, Azərbaycan dünya miqyasında özünü tanıtdıra bilmişdir və beynəlxalq təşkilatlara üzv olmuşdur”. Bu prinsipial və alternativsiz siyasi strategiya ölkəmizdə və Azərbaycanın əbədi və əzəli tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bu gün də uğurla inkişaf etdirilir.  

Dövlətçiliyin dayağı, xalqın təhlükəsizliyinin və ölkənin ərazi bütövlüyünün təminatçısı

Bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılır. Yaradılan şərait dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunmasındakı reallıqları ilə özünü doğruldur. İyunun 1-də – Milli Qurtuluş Günü ərəfəsində 1-ci Sərhəd Komendantlığı üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamı, sərhədçilərə göstərilən qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Ali Məclisin Sədri Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar və tarixi gün – Milli Qurtuluş Günü ərəfəsində yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti və sərhədçi ailələrini təbrik edərək demişdir: “Milli Qurtuluşun bəhrələrindən biri də güclü və qüdrətli Azərbaycan Ordusudur. Ulu öndərin rəhbərliyi ilə Naxçıvandan başlanan ordu quruculuğu işlərinin davamı olaraq Azərbaycan Silahlı Qüvvələri tam formalaşdırılmış, bu tədbirlər sırasında Naxçıvanda dövlət sərhədlərimizin mühafizəsi işi də diqqətdə saxlanılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev də ümummilli liderin yolunu davam etdirərək ordu qurucu­luğuna və sərhədlərimizin etibarlı mühafizəsinə diqqəti artırmış, dövlət başçısının müvafiq fərmanları ilə 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılmış, 2015-ci ildə Sərhəd Diviziyası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilmişdir. Muxtar respublikada sərhədlərimizin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələdədir. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının mərkəzi qərargahı yenidən qurulmuş, 14 sərhəd zastavası, eləcə də 2 sərhəd komendantlığı üçün yeni yaşayış və xidmət kompleksləri istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, sərhədçi ailələrinin məişət şəraiti yaxşılaşdırılmışdır”. Muxtar respublika rəhbəri dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunmasında əməyi və xidməti olanlara təşəkkür etmiş, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinin Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik dövlət sərhədinin bundan sonra da etibarlı mühafizə edilməsi, hərbi intizama ciddi əməl olunması, sərhəd nəzarəti və xidməti fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması ilə bağlı tövsiyə və tapşırıqlar vermiş, bu vəzifələrin icrasında şəxsi heyətə uğurlar arzulamış, sonra yaradılan şəraitlə maraqlanmışdır. Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşərək demişdir ki, bu gün müasir xidmət və yaşayış kompleksinin sərhədçilərin və ailə üzvlərinin istifadəsinə verilməsi müstəqil dövlətimizin hərbi qulluqçulara və onların ailələrinə göstərdiyi diqqətin daha bir ifadəsidir. Muxtar respublikanın bütün hərbi hissələrində bu şərait yaradılmışdır. Ona görə də hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməli, uşaqlar təhsilli böyüdülməli, peşə vərdişlərinə yiyələnməlidirlər. Muxtar respublika rəhbəri sərhədçi ailələrinə rahat həyat arzulamış, bütün muxtar respublika uşaqlarını 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik etmiş, uşaqlara hədiyyələr təqdim etmişdir. Sonra Ali Məclisin Sədri mənzillərdə yaradılan şəraitlə tanış olmuş, qurulanların qorunması, nizam-intizama diqqət yetirilməsi və xidmətin təşkili barədə tapşırıqlar vermişdir. 
    Ümummilli liderin ordu quruculuğu strategiyasının bəhrəsi olaraq Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyi təmin edilmişdir. Müstəqillik illərində muxtar respublikada motoatıcı briqadadan Əlahiddə Ümumqoşun Orduya, sərhəd dəstəsindən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına qədər böyük yol keçilmiş, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası yaradılmış, Silahlı Qüvvələrin bütün qoşun növləri üzrə xidməti döyüş fəaliyyəti günün tələblərinə uyğun qurulmuşdur. Bununla yanaşı, muxtar respublikada hərbi infrastruktur da müasirləşdirilmiş, 300-dən artıq hərbi təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sözsüz ki, bu illər ərzində ordu quruculuğu sahəsində qazanılmış ən böyük nailiyyət hərbi qulluqçuların döyüş hazırlığının artırılması, qarşıya qoyulan vəzifə və tapşırıqları yüksək hərbi səriştə, peşəkarlıq və vətənpərvərliklə yerinə yetirən şəxsi heyətin formalaşdırılması olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, Vətən müharibəsində Naxçıvandan olan hərbçilərin göstərdikləri hərbi şücaət bunu bir daha təsdiq etdi. Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində muxtar respublikada yüksək dağ şəraitində yerləşən hissə və bölmələrdə də xidmət şəraiti yüksəldilmişdir. Artıq ən çətin dağlıq mövqelərdə belə hərbi qulluqçular üçün hərtərəfli məişət şəraiti yaradılıb. Şəxsi heyətə göstərilən diqqət və qayğı, yaradılan şərait nümunəvi xidmət üçün böyük stimul rolunu oynayır. Ali Məclis Sədrinin Naxçıvan diyarının müdafiəçiləri ilə tez-tez görüşü böyük ruh yüksəkliyi yaradır. İyunun 25-də – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Şahbuz şəhərində hərbçi ailələri üçün yeni xidməti yaşayış binası istifadəyə verilmiş, 20 ildən artıq qüsursuz xidmət edən 7 hərbçiyə mənzillər təqdim olunmuşdur. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Ali Məclisin Sədri tədbir iştirakçılarını salamlamış, 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Şahbuz şəhərində hərbçi ailələri üçün yeni xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin hərbi siyasi strategiyasının əhəmiyyətindən və uğurla davam etdirilməsindən danışmış, qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmişdir. 
    Hərbi qulluqçuların, onların ailələrinin sosial-məişət problemləri daim diqqətdə saxlanılır. Görülən işlərin davamı kimi 20 ildən artıq qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillər təqdim olunur. Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim etmiş, sonra hərbçi uşaqlarına hədiyyələr vermiş, binada yaradılan şəraitlə maraqlanmışdır. Bina ilə tanışlıqdan sonra hərbçi ailələri ilə görüşən muxtar respublika rəhbəri demişdir ki, Silahlı Qüvvələr Günü ərəfəsində yeni yaşayış binasının istifadəyə verilməsi, eyni zamanda ölkəmizdəki dövlət-xalq-ordu birliyinin nümunəsidir. Ali Məclisin Sədri xalq-ordu birliyinin nümunəsi kimi hərbi hissələrə istehsal etdikləri məhsullardan sovqat aparan, ordu ilə həmrəylik nümayiş etdirən muxtar respublika sakinlərinə təşəkkürünü bildirmişdir.
    Muxtar respublikada ərazi bütövlüyümüzün qorunması zamanı şəhid olanların ailələrinə və sağlamlığını itirmiş şəxslərə hər zaman dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bütün bunlar insan amilinə verilən dəyərin ifadəsi və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin davamıdır. Bu gün ümummilli liderin yolu ölkəmizdə olduğu kimi, muxtar respublikada da uğurla davam etdirilir, Naxçıvan günü-gündən inkişaf edir, insanların rifahı daha da yaxşılaşır. Milli Qurtuluş Günü ərəfəsində Naxçıvanda 5 şəhid ailəsinə və qaziyə mənzillər, 6 qaziyə isə avtomobillərin verilməsi onlara ikiqat bayram sevinci yaşadıb. İyunun 9-da bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək demişdir: “Milli Qurtuluşun bəhrəsi olaraq güclü Azərbaycan dövləti və onun qüdrətli ordusu yaradılmış, torpaqlarımız işğaldan azad olunmuş, tarixi Zəfər qazanılmışdır”. Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmiş, şəhid ailələrinə və qazilərə yeni mənzillərində rahat həyat arzulamış, onları qarşıdan gələn Milli Qurtuluş Günü, eləcə də mənzillər və avtomobillərlə təmin olunmaları münasibətilə təbrik etmişdir. Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim etmişdir. 

Dövlətimizin gələcək sosial-iqtisadi, hərbi tərəqqisinin əsası elm və təhsilin inkişafı ilə qoyulur

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun əsasını qoymuş, siyasi fəaliyyətinin bütün dövrlərində bu məsələni diqqətdə saxlamışdır. Sovetlər Birliyi dövründə ilk hərbi məktəbi təsis etməklə bu sahədə kadr hazırlığına başlayan ulu öndər 1992-ci ildə Naxçıvanda ilk milli ordu qurumunu yaratmış, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini formalaşdırmışdır. Müstəqillik dövründə ölkəmizdə həyata keçirilən ordu quruculuğu tədbirləri sırasında ümummilli liderimizin Sərəncamı ilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yaradılması xüsusi yer tutur. Naxçıvanda fəaliyyət göstərən və Azərbaycan xalqının müdrik oğlunun yadigarı olan hərbi lisey ordumuzun kadr hazırlığı işinə mühüm töhfədir. Hər il hərbi təhsil ocağında məzunlar günündə Ali Məclis Sədrinin iştirakı kollektivdə böyük ruh yüksəkliyi yaradır. İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 22-ci buraxılışı münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə iştirak etmişdir. Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Liseyin 22-ci buraxılışı münasibətilə kursant, zabit və müəllimləri, valideynləri və bütün tədbir iştirakçılarını təbrik edərək demişdir ki, ümummilli liderin hərbi siyasi strategiyası reallığa çevrilmiş, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. Hərbi lisey Azərbaycan Ordusunun komandan-zabit heyətinin formalaşdırılması işinə öz töhfəsini vermişdir. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 310 kursant təhsil alır. Ötən dövrdə hərbi liseyi 3 mindən artıq kursant bitirmişdir. Liseyin kursantları hərbi xidmət dövründə nizam-intizamı, bilik və bacarığı, hərbi səriştəsi ilə daim seçilmişlər. İkinci Qarabağ müharibəsində də Heydər Əliyev adına Hərbi Liseyin məzunları qəhrəmanlıq göstərmiş, şəhidlik zirvəsinə yüksəlmişlər.
    Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirərək liseyin məzunlarına  müraciətlə demişdir: “Gələcəkdə hansı ali hərbi məktəbdə təhsil almağınızdan asılı olmayaraq, çalışmalısınız ki, fiziki və hərbi hazırlıqla yanaşı, həm də peşəkar, vətənpərvər və dövlətçiliyinə bağlı hərbçilər kimi formalaşasınız. Tariximizə, dəyərlərimizə sahib çıxmaq, xidməti borcunuzu şərəflə yerinə yetirmək qarşınızda duran əsas vəzifələrdir”. Ali Məclisin Sədri bu vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə kursantlara uğurlar arzulamış, onları bir daha buraxılış münasibətilə təbrik etmişdir. Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim etmiş, onları mükafatlandırmışdır. Ali Məclisin Sədri hərbi liseyin yataqxanasında olmuş, kursantların məişət şəraitilə maraqlanmış, valideynlərlə görüşmüş, vətənpərvər övladlar yetişdirdikləri üçün onlara təşəkkürünü bildirmiş, bir daha hərbi liseyin buraxılışı münasibətilə təbriklərini çatdırmışdır. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il  iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncam imzalamış, forumun keçiril­məsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. Tibbi forumun Naxçıvan Muxtar Respublikasında keçirilməsi uzun illər ərzində qurulan müasir səhiyyə infrastrukturu və tibb təhsilinin keçdiyi dinamik inkişaf yolunun uğurlu yekunu kimi yüksək əhəmiyyətə malikdir. Bu müddətdə Naxçıvan Dövlət Universitetində də təhsil və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə universitetin dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alması qürurverici nailiyyətdir. 25 tələbə ilə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində hazırda 1284 tələbə təhsil alır. Dünyanın 7 ölkəsindən 350-dən artıq elm adamının qatıldığı forumda 700-dən çox iştirakçı təmsil olunub. Azərbaycan Tibb Universitetinin və xaricdən gələn həkim-mütəxəssislərin iştirakı ilə xəstələrin konsultativ müayinə, əməliyyat və müalicələrinin keçirilməsi planlaşdırılmışdır. Forumun keçirilməsində məqsəd Azərbaycanın tibb alimləri, həkim-mütəxəssisləri ilə Türkiyə, Özbəkistan, Qazaxıstan, İran və Almaniyadan olan elm adamları arasında fikir mübadiləsinə şərait yaratmaq və birgə müzakirələr aparmaqdan ibarət olmuşdur. İyunun 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında Birinci Beynəlxalq Tibbi Forumun açılış tədbiri keçirilmişdir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov forumun açılışında iştirak etmişdir. Əvvəlcə əczaçılıq məhsullarının və tibbi avadanlıqların sərgisinə baxış olmuş, bildirilmişdir ki, foruma 20-dən artıq tədris və tibbi ləvazimat, dərman və qida məhsulları istehsalı və satışı həyata keçirən şirkət qatılmışdır.
    Açılış tədbirində Ali Məclisin Sədri Birinci Beynəlxalq Tibbi Forumun iştirakçılarını qədim Azərbaycan torpağı Naxçıvanda salamlayaraq çıxışında sağlam cəmiyyətin formalaşmasında səhiyyənin mühüm rolundan, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamasından, Azərbaycanda səhiyyə quruculuğunun geniş vüsət almasından bəhs etmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi islahatların başlıca istiqamətidir. Müstəqillik illərində muxtar respublikada 200-dən artıq səhiyyə müəssisəsi tikilmiş, ən son tibbi avadanlıqlar quraşdırılmışdır. Müasir tələblər səviyyəsində qurulmuş xəstəxanalar muxtar respublika səhiyyəsini yeni inkişaf mərhələsinə çıxarmışdır. Hazırda Naxçıvanda 28 muxtar respublika, şəhər, rayon, qəsəbə və kənd sahə xəstəxanası, mərkəz və dispanser, birlik, eləcə də 85 həkim ambulatoriyası, 94 feldşer-mama və tibb məntəqəsi vasitəsilə əhaliyə hərtərəfli tibbi xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin də fəaliyyəti təmin edilmişdir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada insan sağlamlığının başlıca şərti olan sanitar-epidemioloji vəziyyət sabitdir. Ali Məclisin Sədri vurğulamışdır ki, muxtar respublikada orta ixtisaslı və ali təhsilli tibbi kadr hazırlığına böyük əhəmiyyət verilir. Naxçıvanda icbari tibbi sığortaya keçid də əhalinin keyfiyyətli tibbi xidmətlərlə təminatına töhfə vermiş, bütün yaşayış məntəqələrində bu proses uğurla başa çatdırılmışdır. Göründüyü kimi, muxtar respublikada insan sağlamlığının qorunması sahəsində geniş imkanlar vardır. Artıq muxtar respublikada əhalinin təbii artımı orta ölüm göstəricilərini üstələyir, ana və uşaq ölümü ən aşağı həddədir. Ali Məclisin Sədri Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibbi Forumun dünyanın mötəbər universitetlərini təmsil edən tanınmış həkim və mütəxəssislər arasında birgə elmi tədqiqatların və fikir mübadiləsinin aparılmasında faydalı olacağına inamını ifadə etmiş, təşkilatçılara təşəkkürünü bildirmiş, forumun işinə uğurlar arzulamışdır. Forumun açılış tədbiri bədii hissə ilə davam etmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Ali Məclis Sədrinin müvafiq Sərəncamına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılmışdır. Qısa müddətdə 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmışdır. Əlavə olaraq 50 ümumtəhsil məktəbində kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir, Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi qurulur. Bu günədək 400-ə yaxın müəllim STEAM təlimlərinə cəlb edilmiş, 7 dərslik hazırlanaraq nəşr olunmuşdur. Tədris ili ərzində ümumtəhsil məktəblərinin şagirdlərinin STEAM layihələri üzrə 7 müsabiqəsi keçirilmişdir. Görülən işlərin nəticəsi olaraq muxtar respublikadan olan şagirdlər “STEAM Azərbaycan Festivalı-2021” və “TEKNOFEST-Azərbaycan” festivalında iştirak edərək uğurlu nəticələr əldə etmişlər. Sərəncamın icrası istiqamətində növbəti tədbir iyunun 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “STEAM təhsil festivalı” olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov festivalda iştirak etmiş, tələbə və şagirdlərin STEAM layihələri ilə tanış olmuşdur.
    Məlumat verilmişdir ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyrotexnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanırlar. Festivalda, ümumilikdə, 11 kateqoriya üzrə müsabiqə keçirilmişdir. Müsabiqələrdə ümumtəhsil məktəblərindən 640 şagird 204 layihə ilə, ali və orta ixtisas təhsili müəssisələrindən isə 84 tələbə 58 layihə ilə iştirak etmişdir. “Lego robotlar”, “Xətt izləyən” və “Hera” yanğınsöndürən robotlar, “Oxatan”, “Şəhər” və “Robomissiya” robotlarının, “Ağıllı ev”, “Ağıllı istixana”, “Ağıllı hərbi baza”, “Termobee”, “Minaaxtaran dron” layihələrinin nümayişi, 3D printerlə işlər, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının təqdim etdikləri pilotsuz uçuş aparatları layihələri maraqla qarşılanmışdır.    
    Ali Məclisin Sədri Təhsil televiziyası və radiosunun fəaliyyəti ilə də maraqlanmış, gənclərin inkişafına xidmət edən layihələrə üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.    Festivalda qədimliklə müasirliyin sintezini nümayiş etdirmək üçün STEAM layihələri ilə yanaşı, muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərən innovativ dərnəklər tərəfindən xalq yaradıcılığı nümunələrindən ibarət 3 minə yaxın əl işi sərgilənmişdir. Ali Məclisin Sədri demişdir: “Bu gün təhsil sahəsində yaradılan şərait dövlət müstəqilliyinin bəhrələridir. Gənclər də müstəqilliyimizin davam etdirilməsi və daha da inkişafı naminə hərtərəfli təhsil alıb özlərini mütəxəssis kimi formalaşdırmalıdırlar. XX əsr texnika, XXI əsr isə yeni texnologiyalar əsridir. Ona görə də məktəblərdə STEAM kabinələri, kompüter sinifləri, elektron lövhələr qurulur. Festivalda patent alacaq və istehsalatda tətbiq ediləcək layihələr vardı. Təhsil Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə həmin layihələri dəyərləndirərək tətbiqinə nail olmalı, muxtar respublikada STEAM kabinələrinin qurulması, aid qurumlar tərəfindən STEAM Təlim-Tədris Mərkəzi və Texnoparkın yaradılması başa çatdırılmalıdır”. Ali Məclisin Sədri təşkilatçılara təşəkkür edərək vurğulamışdır ki, yeni texnologiyalar üzrə mütəxəssis hazırlığı diqqətdə saxlanılmalıdır. Festival gün ərzində davam etmiş, hər kateqoriyadan qaliblər müəyyənləşdirilmiş, ümumilikdə, 99 şagird və tələbə mükafatlandırılmışdır. 

Sosial rifah halının yüksəldilməsinə xidmət edən iqtisadi strategiya

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması tədbirləri sırasında heyvandarlığın inkişafı xüsusi yer tutur. Müstəqillik illərində muxtar respublikada iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 3, arı ailələrinin sayı 12, ev quşlarının sayı isə 8 dəfə artmışdır. Təbii ki, heyvandarlığın inkişafı baytarlıq xidmətinin də günün tələbləri səviyyəsində qurulmasını zərurətə çevirmiş, Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası möhkəmləndirilmiş, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar açılmış, kəndlərdə baytarlıq məntəqələri istifadəyə verilmişdir. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması da bu sahədə fəaliyyəti gücləndirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq silsilə tədbirlər həyata keçirilmişdir. İyunun 13-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilmiş, yeni avtomobil və laboratoriya avadanlıqlarının təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış edərək vurğulamışdır: Baytarlıq təbabəti ərzaq və qida təhlükəsizliyi ilə yanaşı, həm də insan sağlamlığına xidmət edir. Ona görə də bu sahədə islahatlar davamlı həyata keçirilməlidir. 
    Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək demişdir ki, Dövlət Baytarlıq Xidməti muxtar respublikada baytarlıq sahəsində dövlət nəzarətini və əlaqələndirməni bundan sonra da davam etdirməli, yoluxucu və parazitar xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər görülməli, epizootik sabitlik qorunub saxlanılmalıdır. Fərdi baytarlıqla məşğul olan şəxslərlə bağlanan müqavilələr qanunvericiliyə uyğun olaraq hər il yenilənməli, onların fəaliyyəti təhlil olunmalı və diqqətdə saxlanılmalıdır. Heyvandarlıq təsərrüfatlarında, heyvan mənşəli emal müəssisələrində və bazarlarda baytarlıq-sanitariya nəzarəti davam etdirilməli, keyfiyyət mütəmadi yoxlanılmalı, laborator müayinələr aparılmalıdır. Muxtar respublikanın ərazi imkanları mal-qaranın sayının deyil, məhsuldarlığın artırılmasını zəruri edir. Ona görə də heyvanların cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılmalı, süni mayalanma tədbirlərinin əhatə dairəsi genişləndirilməli, Süni Mayalanma Mərkəzinin imkanlarından səmərəli istifadə olunmalıdır. Dövlət Baytarlıq Xidməti baytarlıq-sanitariya işini müasir dövrün tələblərinə uyğunlaşdırmalı, sərhəd yaşayış məntəqələrində və yaylaqlarda mövsümə uyğun dezinfeksiya işləri, diaqnostik müayinələr və peyvəndləmə aparılmalı, yaşayış məntəqələri üzrə zoobaytar və zoogigiyenik tədbirlər vaxtında həyata keçirilməli, aşkar olunan xəstəliklərə qarşı operativ tədbirlər görülməlidir. Mal-qaranın zootexniki qaydalara uyğun bəslənmə və saxlanılma şəraiti ilə bağlı reydlər keçirilməli, fermer və ailə təsərrüfatları maarifləndirilməlidir. Dövlət Baytarlıq Xidməti muxtar respublikanın hər bir rayonu üzrə heyvanların baş sayı, müşahidə olunan xəstəliklər, aparılmış peyvəndləmə tədbirləri haqqında məlumat bankı yaratmalı, nəticələr illər üzrə təhlil olunmalıdır. Özəl baytarlıq klinikalarının yaradılması təşviq edilməli və bu işlə məşğul olanlara müvafiq dəstək verilməlidir. Əsas vəzifələrdən biri də insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən əhalinin qorunmasıdır. Ona görə də Səhiyyə Nazirliyi və Dövlət Baytarlıq Xidməti arasında məlumat mübadiləsi aparılmalı, birgə profilaktik tədbirlər həyata keçirilməlidir. Muxtar respublikada arıçılığın inkişafı məqsədilə arı xəstəliklərinin qarşısının alınması üçün tədbirlər görülməli, arıçılar maarifləndirilməli, arı genofondunun mühafizəsi diqqətdə saxlanılmalıdır. Dövlət Baytarlıq Xidməti qrafik əsasında yaşayış məntəqələrində profilaktik müşahidə və yoxlamaları davam etdirməli, xüsusi təhlükəli heyvan xəstəlikləri aşkar olunduqda qoruyucu karantin zonaları müəyyənləşdirilməli, həmin ərazilərdə müvafiq baytarlıq tədbirləri görülməlidir. Eyni zamanda dərman preparatlarının keyfiyyətinə, saxlanma şəraitinə və istifadə müddətlərinə diqqət yetirilməli, tələb olunan preparat və avadanlıqların alınaraq muxtar respublikaya gətirilməsi bundan sonra da davam etdirilməlidir. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təcrübi bilikləri möhkəmləndirilməli, Dövlət Baytarlıq Xidmətində praktik dərslər keçilməli, tələbələr müqavilə ilə işə götürülməlidir. Dövlət Baytarlıq Xidmətinin Elmi-Tədqiqat Baytarlıq Mərkəzi fəaliyyətini gücləndirməli, baytarlıq sahəsindəki yenilikləri özündə əks etdirən təkliflər hazırlamalı, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqinə nail olunmalıdır. Bununla yanaşı, xəstəliklərlə mübarizədə ənənəvi müalicə metodlarına da üstünlük verilməli, təsərrüfat sahibləri bu barədə məlumatlandırılmalıdır. Dövlət Baytarlıq Xidmətinə təqdim olunan avtomobillərdən və laboratoriya avadanlıqlarından səmərəli istifadə olunmalı və qorunmalı, əməkdaşların peşəkarlığı artırılmalıdır. Ali Məclisin Sədri muxtar respublikada epizootik vəziyyətin sabit olduğunu və insanların ərzaq məhsullarından rahatlıqla istifadə etdiyini bildirmiş, buna görə baytarlıq xidmətinin əməkdaşlarına təşəkkür etmiş, qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır. Sonra yeni avtomobil və laboratoriya avadanlıqlarına baxış olmuşdur. 
    Muxtar respublikanın ümumi dinamik sosial-iqtisadi inkişafının bəhrəsi olaraq Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilmiş, yerli və beynəlxalq uçuşların təhlükəsiz təşkili təmin olunmuşdur. Xüsusilə aparılan qurucu­luq işləri, müasir infrastrukturun yaradılması hava limanında xidmətin səviyyəsini xeyli yüksəltmişdir. İyunun 28-də Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov hava limanında aparılan tikinti-quraşdırma işləri ilə maraqlanmış, maşın-mexanizmlərə baxmışdır. Qeyd olunmuşdur ki, sərnişinlərin qarşılanması və yola salınması zamanı hava limanına gələn şəxslərin rahatlığını təmin etmək üçün aerovağzal kompleksinin Şərq və Qərb terminallarının girişində çardaq tikilmişdir. Həmçinin artan tələbata uyğun olaraq “UBS Airport Systems” şirkəti tərəfindən yeni teleskopik trap quraşdırılmışdır. Teleskopik trap sərnişinlərin təyyarəyə minməsi üçün körpü, təyyarəni elektrik enerjisi ilə qidalandıran və mühərriki hava ilə işəsalma qurğusundan ibarətdir. Teleskopik trap üçün 48 metrlik keçid yolu inşa edilmiş, müasir avadanlıqla təchiz olunmuşdur. Hava limanına 1 ədəd elektrobus, 2 baqajçəkmə traktoru və 2 baqajyükləyici avtokonveyer alınmışdır. Bildirilmişdir ki, teleskopik trapı gərginliklə təmin etmək üçün yeni transformator binası tikilmiş, binada transformator, requlyator  və generator, 4 videonəzarət, 4 yanğın detektoru, kondisioner quraşdırılmışdır. Hava limanında elektriklə işləyən avtomobilləri enerji ilə təmin edən cihaz quraşdırılmışdır ki, bu da digər avtomobillərə də xidmət göstərəcəkdir. Görülən işlərlə tanışlıqdan sonra kollektivlə görüş olmuşdur. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək bildirmişdir ki, 2022-ci ilin ötən dövründə Naxçıvan Beynəlxalq Hava Limanında yerli hava xətti üzrə 175 minə yaxın, beynəlxalq hava xətti üzrə isə 3500-ə yaxın sərnişin daşınmışdır. Sərnişin və təyyarələrin sayının artması xidmətin də müasir tələblərə uyğun qurulmasını zəruri edir. Muxtar respublikada hava nəqliyyatı sahəsində sərnişin sıxlığı iyun-avqust ayları arasında daha çox olur. Ona görə də Naxçıvan Beynəlxalq Hava Limanının öz vəsaiti hesabına qısa müddətdə maşın-mexanizmlər alındı, tikinti işləri aparılaraq sərnişinlərin rahatlığı təmin olundu. Ali Məclisin Sədri bu işləri həyata keçirənlərə təşəkkürünü bildirmiş, kollektivə təbriklərini çatdırmış, qurulanların qorunması, sərnişinlərə nümunəvi xidmət göstərilməsi barədə tapşırıqlar vermişdir.
    Muxtar respublikada davamlı kompleks quruculuq işlərinin aparılması, yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada 170 bələdiyyə vardır. Muxtar respublikanın kənd və qəsəbələrində bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır, onlar öz ərazilərində məişət tullantılarının yığılması, müvafiq sahələrə daşınması və zərərsizləşdirilməsini həyata keçirirlər. Son 4 il ərzində Ali Məclis Sədrinin tapşırığına əsasən 75 kommunal təyinatlı texnika, 4 xidməti minik avtomobili, 1360 məişət tullantısı konteyneri bələdiyyələrin və kommunal təsərrüfatı idarələrinin istifadəsinə verilmişdir. Görülən bu işlər bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə də töhfə verir. İyunun 8-də muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 13 traktor və qoşqusu təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək muxtar respublikada bələdiyyələrin fəaliyyətinin təmin olunması üçün göstərilən dövlət dəstəyindən danışmışdır. Ali Məclisin Sədri işini günün tələbləri səviyyəsində quran bələdiyyələrə təşəkkür edərək demişdir ki, bələdiyyələrin fəaliyyəti ərazidə abadlıq və təmizlik işlərinin vaxtında aparılması ilə məhdudlaşmamalı, rayon və şəhər icra hakimiyyətləri bələdiyyələrlə sıx əməkdaşlıq etməli, illik proqramlar tərtib olunmalı, fəaliyyət proqramları hazırlanıb həyata keçirilməlidir. Əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadəyə verilənlərin qorunmasında, səmərəli istifadəsində bələdiyyələr də iştirak etməlidirlər. Ali Məclisin Sədri bildirmişdir ki, bəzi bələdiyyələr tərəfindən iməciliklər təşkil olunmamış, yaşıllaşdırma işlərinə, bələdiyyə bağlarının salınmasına təşəbbüs göstərilməmişdir. Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsində də nöqsanlar vardır. Bələdiyyələrlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti arasında heç bir əməkdaşlıq yoxdur. Hər il əkinəyararlı bələdiyyə torpaqları icarəyə verilməli, yerli icra hakimiyyətləri və bələdiyyələr bu işdə məsuliyyəti artırmalıdırlar. Rayon və şəhər icra hakimiyyətləri yaradılan şəraitdən səmərəli istifadə etməli, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr əhali ilə sıx işləməli, muxtar respublikada, ölkəmizdə həyata keçirilən bütün tədbirlərdə onların fəaliyyəti təmin olunmalıdır. Bir sözlə, bu sahədə fəaliyyət qanunauyğun təşkil edilməli, bələdiyyələrin fəaliyyəti daha da genişləndirilməlidir. Ali Məclisin Sədri bələdiyyələrin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirmiş, onlara işlərində uğurlar arzulamışdır. Sonra texnikalara baxış olmuşdur. Ali Məclisin Sədri təmizlik işlərinin diqqətdə saxlanılması, texnikalardan səmərəli istifadə olunması, sudan istifadə ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar vermişdir.

Əməyə verilən qiymət daha əzmkar fəaliyyətə stimuldur

Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası Milli Qurtuluş tarixinin müəllifi və müasir müstəqil dövlət quruculuğunun banisi olan ümummilli liderimiz Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bunun nəticəsidir ki, sosial, iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində uğurlar qazanılır. Ölkəmizin inkişafında öz sahələri üzrə fərqlənənlərin əməyinin qiymətləndirilməsi də bu tədbirlərin davamıdır. İyunun 3-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Tərəqqi” medalı, “Rəşadətli əməyə görə” nişanı və Prezident mükafatları təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov təltif olunanları qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır. Sonra Ali Məclisin Sədri dövlət təltiflərini və Prezident mükafatını təqdim etmişdir. 
    Milli Qurtuluş Gününü çoxsaylı nailiyyətlərlə, qalibiyyət sevinci, dövlətçilik ideyalarının təntənəsi ilə qeyd etdiyimiz ötən ayın ümumi ictimai-siyasi təhlili bir daha göstərir ki, Milli Qurtuluş Naxçıvanın bugünkü inkişaf gerçəkliklərinin rəhni olduğu kimi, gələcək hərtərəfli inkişafı üçün də əsaslı zəmin olacaq. Ali Məclisin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Milli Qurtuluşdan başlanan yol xalqımızın rifahını yüksəltmiş, sosial islahatların əhatə dairəsi genişlənmişdir”. 

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 15.07.2022 21:12