AZ EN RU

Naxçıvanın müasir inkişafı dövlət müstəqilliyinin, tarixi nailiyyətimiz olan muxtariyyətin, düşünülmüş uzaqgörən siyasətin bəhrəsidir

Bunu ötən ayın ictimai-siyasi mənzərəsi də dolğun əks etdirir

İcmal

    Muxtar respublikanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunması, ictimai asayişin qorunması, “Sənaye ili”ndə iqtisadiyyatın çoxşaxəli, xüsusilə də sahibkarlığın daha da inkişaf etdirilməsi, qida təhlükəsizliyi, yerli məhsul istehsalının artırılması, epizootik tədbirlərin müntəzəm həyata keçirilməsi, milli dəyərlərimizə sadiqlik, təsərrüfat işlərinin mərhələli və düzgün təşkili, tarixi yaddaşın yenilənməsi, muxtariyyət tarixinin öyrənilməsi və bəxş etdiyi nailiyyətlərin qorunub saxlanılması fevral ayında muxtar respublikada həyata keçirilən, ümummilli mənafelərə və dinamik tərəqqiyə xidmət edən dövlət siyasətinin əsas konturlarını təşkil edir. 

Sahibkarlığın inkişafı dövlətin iqtisadi strategiyasında başlıca amildir

Muxtar respublikada uğurla həyata keçirilən dövlət siyasəti iqtisadi potensialın artmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və əhali rifahının yüksəlməsinə şərait yaratmışdır. Ötən il sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 2,4 faiz artaraq 3 milyard 16 milyon 315 min manat təşkil etmişdir. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 faizlə sənaye sahəsi tutmuş,  2020-ci illə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 76 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1 milyon 221 min manat dövlət maliyyə dəstəyi göstərilmiş, ailə təsərrüfatları 5000 ədəd 27 çeşiddə tara ilə təmin edilmişdir. 2021-ci ildə sosial-iqtisadi inkişafın mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülmüş, 355 müxtəlif təyinatlı obyekt istifadəyə verilmişdir. Müəssisələrin və məhsulların təbliği, beynəlxalq tədbirlərdə tanıdılması məqsədilə 39 ixrac potensiallı müəssisənin və ailə təsərrüfatlarının məhsullarını əks etdirən “İxrac kataloqu” hazırlanaraq çap olunmuşdur. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası ötən il fəaliyyətini xeyli təkmilləşdirmiş, üzvlərlə qarşılıqlı əlaqələr yaratmışdır. 
Sahibkarlığa dövlət dəstəyinin unikal nümunəsi muxtar respublika rəhbərinin sahibkarlarla keçirilən ənənəvi görüşləridir. Bu tədbirlər özəl sektorun inkişaf perspektivlərinin birgə müzakirəsi nəticəsində prioritet istiqamətlərin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə növbəti görüş keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış etmiş, vurğulamışdır ki, ümummilli liderimiz Heydər Əliyevin sahibkarlığın inkişafı ilə bağlı strategiyasının uğurla davam etdirilməsi bu sahənin inkişafında yeni mərhələnin əsasını qoymuş, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Bütün bunların nəticəsidir ki, muxtar respublikada sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, ərzaq və enerji təhlükəsizliyi təmin edilmiş, yerli istehsalın həcmi artmışdır. Digər bir tərəfdən, kənd təsərrüfatına dövlət dəstəyi aqrar sahədə sahibkarlığın inkişafına geniş imkanlar açmışdır. 
    Bildirilmişdir ki, bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı özünüməşğulluğu təmin etməklə yanaşı, həm də kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Eyni zamanda özünüməşğulluq tədbirləri sırasında əhalinin aztəminatlı təbəqəsi aktiv əməyə cəlb edilir, dövlət tərəfindən bu kateqoriyadan olan ailələrə dəstək göstərilir. Muxtar respublikada sahibkarların maliyyə resurslarına çıxış imkanları da sadələşdirilmiş, aid qurumlar və banklar tərəfindən səmərəli icra mexanizmi müəyyənləşdirilmişdir. 2021-ci ildə muxtar respublikada sahibkarlara 38 milyon manatdan artıq kredit verilmiş, 142 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Xidmət sektorunda sahibkarlıq fəaliyyətinin təşviqi isə, nəticə etibarilə, turizmin, xüsusilə də daxili turizmin inkişafına səbəb olmuşdur.
    Ali Məclisin Sədri muxtar respublikada sahibkarlığın inkişafında yerli məhsulların istehsalı ilə yanaşı, onların satışının təşkili istiqamətində də çoxsaylı tədbirlər həyata keçirildiyini, yerli məhsullara üstünlük verilməsi və istehsaldan birbaşa satışa prinsipinin dəstəklənməsi vasitəsilə məhsul istehsalçılarının marağını artırıldığını diqqətə çatdırmışdır. Sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına və sosial rifaha birbaşa təsir etmiş, müstəqillik illərində muxtar respublikada özəl sektor üzrə 70 minə yaxın yeni iş yeri açılmışdır. Hazırda muxtar respublikada məşğul əhalinin 85 faizi özəl sektorda çalışır.
    Qeyd olunmuşdur ki, sənayenin uğurlu inkişafı da birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhz bu səbəbdəndir ki, muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür. Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilmiş, bununla bağlı Tədbirlər Planı təsdiq olunmuşdur. “Sənaye ili”ndə muxtar respublikanın aid dövlət qurumları və sahibkarlıq müəssisələri qarşısında mühüm vəzifələr durur.
    Ali Məclisin Sədri muxtar respublikada daxili bazarın təhlil edilməsi, yeni istehsal sahələrinin yaradılmasının dəstəklənməsi, biznes-planlar tərtib olunarkən rentabellik amilinin əsas götürülməsi, 2022-ci ildə sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, xüsusilə yerli xammala və innovativ layihələrə əsaslanan müəssisələrin qurulmasının, emal sənayesi müəssisələrinin yaradılmasının davam etdirilməsi, Şərur Sənaye Məhəlləsində işlərin başa çatdırılması ilə bağlı tapşırıqlar vermişdir.  Muxtar respublika rəhbəri sahibkarlıq sahəsində maliyyə-kredit işinin səmərəli mexanizm üzrə tənzimlənməsi, kreditlərdən təyinatı üzrə istifadəyə diqqət artırılması, ehtiyac meyarlarını düzgün qiymətləndirilməsi, maliyyə risklərinin araşdırılması, xüsusi razılıq tələb edən sahibkarlıq subyektlərinin vergiödəyicisi kimi qeydiyyata alınmasının düzgün təşkili, sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti tədbirlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması ilə bağlı tapşırıqları da diqqətə çatdırmışdır. Qarşıya qoyulan mühüm vəzifələr sırasında özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işlərin davam etdirilməsi, sahibkarlıq müəssisələrində əməyin təşkili və mühafizəsi qaydalarına nəzarət olunması, yerli məhsulların daxili bazarda mövqeyinin gücləndirilməsi və xarici rəqabətin təsirindən qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi, ixracyönümlü məhsul istehsal edən sahibkarlar üçün lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələşdirilməsi, aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə bundan sonra da diqqətin artırılması, ailə təsərrüfatlarının inkişafına dəstək göstərilməsi, torpaqlardan düzgün istifadənin təmin edilməsi, torpaq mülkiyyətçiləri və fermerlərin məlumatlandırılması da öz əksini tapmışdır. 
    Ali Məclisin Sədri demişdir: “Özəl sektor o zaman səmərəli inkişaf edir ki, dövlət dəstəyi ilə yanaşı, sahibkarlıq məsuliyyəti də ön planda saxlanılır. Bu mənada, sahibkarların üzərinə mühüm vəzifələr düşür. Hər bir sahibkar istehsal prosesində müasir texnologiyaların tətbiqinə, rentabelliyin və keyfiyyətin artırılmasına çalışmalı, vergilər vaxtında ödənilməli, marketinq araşdırmaları aparılmalı, istehsal və xidmət müəssisələrində təhlükəsiz və sağlam əmək şəraiti yaradılmalıdır”. 
    Muxtar respublika rəhbəri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 13 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, müəssisələr, istehsal olunan məhsullardan ibarət sərgiyə və Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yeni avtomobillərə baxmış, 2022-ci ildə də sahibkarlar üçün geniş imkanların yaradılacağını bildirmiş, muxtar respublikada sahibkarlığın inkişafı ilə bağlı müvafiq tapşırıqlar vermişdir. 

Dövlət siyasəti muxtar respublikanın 
təhlükəsiz diyar imicinin qorunub saxlanılmasına xidmət edir

Bu gün muxtar respublika yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də mövcud sabitlik və əmin-amanlığa görə də fərqlənir. Həyata keçirilən profilaktik tədbirlərin nəticəsidir ki, cinayətkarlığın dinamikasında da aşağı tendensiya müşahidə olunur. Qanunsuz saxlanılan silahların yığılması hesabınadır ki, onun tətbiqi ilə törədilən cinayətlərə rast gəlinmir. İl ərzində qeydə alınan hüquqazidd əməllərin əksəriyyətini bilavasitə kriminogen durumun gərginləşməsinə təsiri olmayan və bir çox hallarda ehtiyatsızlıqdan baş verən cinayətlər təşkil edir. Əhalinin hər 100 min nəfərinə nisbətdə baş verən cinayət hadisələrinin sayı orta göstəricidən dəfələrlə azdır. Fevralın 7-də Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müşavirədə iştirak etmişdir. 
    Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Daxili İşlər Nazirliyi rəhbərliyinə yeni təyinatlarla bağlı 2022-ci il 7 fevral tarixli Fərman və Sərəncamı diqqətə çatdırılmışdır.    
    Ali Məclisin Sədri müşavirədə çıxış edərək demişdir ki, muxtar respublikada daxili işlər orqanlarının fəaliyyəti üçün hər cür şərait yaradılsa da, göstərilən dövlət qayğısı düzgün qiymətləndirilməmiş, ciddi nöqsanlara yol verilmişdir. Buna görə də ictimai təhlükəsizliyi və ictimai qaydanı təmin edən əsas orqan kimi Daxili İşlər Nazirliyinin fəaliyyəti yenidən qurulmalıdır. Muxtar respublika rəhbəri tapşırmışdır ki, nazirliyin yeni ştat strukturuna uyğun fəaliyyət tənzimlənməli, nöqsanların aradan qaldırılması üçün islahatlar davam etdirilməlidir. Polis öz peşə borcunu yerinə yetirməli, üzərinə düşən vəzifələri həyata keçirərkən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməlidir. Yeni ştat strukturunda da nəzərdə tutulduğu kimi, yerlərdə polis sahə müvəkkillərinin fəaliyyəti gücləndirilməlidir. Polis sahə inspektorları təhkim olunan inzibati sahəni dərindən öyrənməli, ciddi xidməti sənəd olan inzibati sahənin pasportunu tərtib etmək kimi mühüm işin icrasını diqqətdə saxlamalıdırlar. Nazirliyin İctimai Təhlükəsizlik İdarəsi və yerli polis orqanlarının rəhbərləri polis sahə inspektorlarının fəaliyyətini ciddi nəzarətdə saxlamalı, verilən tapşırıqların icrasını təmin etməlidirlər. İctimai asayişin təmin edilməsində əsas vəzifələrdən olan profilaktik iş gücləndirilməli, hüquq pozuntusu törətməyə meyilli şəxslər qeydiyyata alınmalı, baş verən hüquqpozmaların açılmasında vətəndaşların rolu artırılmalı, sahə inspektorları inanılmış şəxslərlə işin qurulmasına da diqqətlə yanaşmalıdır. Bildirilmişdir ki, nazirliyin aid qurumu yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün ciddi təhlillər aparıb təkliflər verməli, bu sahədə aidiyyəti orqanlarla əlaqəli işləməli, təşəbbüskarlığı artırmalı, maarifləndirmə işi gücləndirilməlidir. Nəqliyyat vasitələrində qanunsuz, konstruksiyada nəzərdə tutulmayan vasitələrin quraşdırılmasının qarşısı qətiyyətlə alınmalıdır. Ali Məclisin Sədri mühafizə polisinin işini qanunvericiliyin tələblərinə uyğun qurması, nazirliyin cinayət axtarış qurumlarının muxtar respublikada əməliyyat-axtarış işinin, narkotiklərlə mübarizənin, mütəşəkkil dəstələr və cinayətkar birliklər tərəfindən törədilən cinayətlərin qarşısının alınması, dini ekstremizmlə mübarizə funksiyalarının həyata keçirilməsi, Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Şöbəsinin işinin gücləndirilməsi, peşəkar kadr korpusunun yaradılmasının nəzarətdə saxlanılması barədə də mühüm tapşırıqlar vermişdir. Diqqətə çatdırılmışdır ki, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında da nizam-intizam və döyüş hazırlığı möhkəmləndirilməlidir. Şəxsi heyətin xidmətdənkənar işlərə cəlb olunmasına bir daha yol verilməməli, hərbi qulluqçuların xidmət-məişət şəraiti diqqətdə saxlanılmalı, nazirlikdə analitik-planlaşdırma işi yaxşılaşdırılmalıdır. Ali Məclisin Sədri demişdir: “Nazirliyin xidmətlərinin idarəçilik, təşkilatçılıq fəaliyyəti, onların yerli qurumlara təsirinin səmərəliliyi artırılmalıdır. Vətəndaşların qəbuluna, şikayətlərinin araşdırılmasına diqqətlə yanaşılmalı, daha çox yerlərdə qəbullar aparılmalı, bununla bağlı polis sahə müvəkkillərinin fəaliyyəti gücləndirilməlidir. Yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması üçün onların qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi hallarına qarşı tədbirlər davam etdirilməli, gənclərin yad təsirlərdən qorunması diqqətdə saxlanmalıdır. Bundan sonrakı dövrdə, ilk növbədə, yol verilən nöqsanlar aradan qaldırılmalıdır. Muxtar respublikada polis orqanlarının işgüzarlıq keyfiyyətləri artırılmalı, polis dövlətə və xalqa sədaqətlə xidmət etməli, insanların inam və etibarını qazanmalıdır”. 
    

Muxtariyyətimiz qoruyub saxlamalı olduğumuz böyük tarixi nailiyyətdir

    
Fevralın 9-da – Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Ali Məclisin əməkdaşları Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət etmişlər. Ali Məclisin Sədri çıxış edərək demişdir: “Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümüdür. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvanın muxtariyyəti tarixi hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur”. Naxçıvanın muxtariyyətinin 2 mərhələsi, xüsusilə çətin və mürəkkəb dövr olmuşdur. Bunlardan biri 1920-1924-cü illəri əhatə edən muxtariyyətin yaranması, digəri isə 1990-1993-cü illərdə muxtariyyətin qorunub saxlandığı dövrdür. Naxçıvan 1990-1993-cü illərdə ümummilli liderimizin də dediyi kimi “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Doğrudan da, əgər 1920-1924-cü illərdə böyük mübarizənin nəticəsində muxtariyyət statusu qazanılmışdısa, 1990-1993-cü illərdə isə Naxçıvan taleyin ümidinə buraxılmış tənha bir adanı xatırladırdı. Ölkə Prezidentinin də dediyi kimi, “Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
    Ali Məclisin Sədri şəhidlərin əziz xatirəsini yad etmiş,  muxtariyyətin yaranmasında və qorunmasında xidməti olanlara ehtiramını, sabitliyin möhkəmlənməsində və inkişafında əməyi olanlara təşəkkürünü bildirmişdir. Sonra muzeyə baxış olmuş, muxtar respublika rəhbəri muxtariyyət tarixinin öyrənilməsi və təbliğində mühüm əhəmiyyətə malik muzeyin yeni eksponatlarla zənginləşdirilməsi, muxtariyyətlə bağlı araşdırmaların davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
    

 Məhkəmə-hüquq islahatlarının əsasında vətəndaşlara yüksək səviyyədə hüquqi xidmətin təşkili dayanır 

    
Muxtar respublikada həyata keçirilən məhkəmə-hüquq islahatları bu sahədə fəaliyyətin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına səbəb olmuş, müasir infrastruktur yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin rəhbərliyi altında məhkəmə sistemində geniş islahatlar aparılmış, vətəndaşların məhkəmə hakimiyyətinə olan etimadının yüksəldilməsi üçün zəruri olan tədbirlər görülmüşdür. Hüquq institutlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də məhkəmələrin fəaliyyətində yeni texnologiyaların tətbiqi sahəsində də mühüm işlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” 2019-cu il 19 iyul tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmiş, inzibati və kommersiya məhkəmələri formalaşdırılmışdır. Muxtar respublikada fəaliyyət göstərən məhkəmə orqanlarının daha da inkişaf etdirilməsi üzrə vahid hüquqi konsepsiyanın uğurlu davamı olaraq vətəndaşlara yüksək səviyyədə hüquqi xidmət göstərilməsi məqsədilə fevralın 14-də Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ikimərtəbəli yeni inzibati binası istifadəyə verilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmiş, bu münasibətlə kollektivə təbriklərini bildirmiş, ölkəmizdə insanların hüquqlarının qorunması sahəsində lazımi qanunvericilik bazası yaradılmasından, müvafiq dövlət qurumları formalaşdırılmasından danışmışdır. Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin muxtar respublika ərazisində hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında olan və onların sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərində düzgün qərarların qəbul olunması məqsədilə yaradıldığını xatırladaraq vurğulamışdır ki, kollektiv k üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Muxtar respublika rəhbəri kommersiya sahəsində olan bütün işlərə, müraciətlərə ədalətli baxılacağına və ədalətli qərarlar çıxarılacağına əminliyini bildirmiş, kollektivə fəaliyyətlərində uğurlar arzulamışdır. Sonra binaya baxış olmuş, Ali Məclisin Sədri qurulanların qorunması və maarifləndirici tədbirlərin keçirilməsi barədə tapşırıqlar vermişdir. 
    

“Sağlam mühit və sağlam qida” prinsipi insan amilinin başlıca meyar götürülməsi deməkdir

    
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada silsilə tədbirlər həyata keçirilir ki, bütün bunlar da heyvandarlığın inkişafına səbəb olmuşdur. Həmin tədbirlər sırasında muxtar respublikada özəl baytarlıq müəssisələri vasitəsilə baytarlıq xidmətləri göstərilməsinin təşkili xüsusi əhəmiyyət kəsb edir. Həmin tədbirlərin davamı olaraq fevralın 22-də Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Ali Məclisin Sədri yeni binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək Kəngərlinin kənd təsərrüfatı rayonu olduğunu, sağlam  heyvandarlıq məhsullarının istehsalı üçün vaxtilə yaradılan Baytarlıq İdarəsinin fəaliyyəti nəticəsində bölgədə epizootik vəziyyətin sabit saxlanıldığını bildirmiş, bütün bunlara görə kollektivə təşəkkür etmişdir. Muxtar respublika rəhbəri demişdir ki, yaradılan şəraitdən səmərəli istifadə edərək Kəngərli rayonunda heyvandarlığın inkişafı sahəsində ciddi dönüşə nail olmaq lazımdır. Fəaliyyətin bu istiqamətdə qurulması ölkəmizdə ərzaq və qida təhlükəsizliyinin təmin olunmasına, eləcə də əhalinin rifahına xidmət edir. 
    “Epidemioloji vəziyyətin sabit olması üçün iki əsas sahə diqqətdə saxlanılmalıdır: sağlam mühit və sağlam qida. Bunlar vacib sahələrdir. Ona görə ki, əhalinin sağlamlığı bu sahələrin inkişafından asılıdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, görülən tədbirlər imkan verəcək ki, muxtar respublikada həm gigiyena və epidemiologiya, həm də baytarlıq təbabəti sahələri inkişaf etdirilsin və kadr potensialı yaradılsın. Muxtar respublika rəhbəri vəzifələrini layiqincə icra edilməsində kollektivə uğurlar arzulamışdır. Sonra binaya baxış olmuş Ali Məclisin Sədri müvafiq tapşırıqlar vermişdir. 

Milli dəyərlərimizlə zəngin, təsərrüfat qayğılı yaz
 mövsümünə ciddi hazırlıq bolluq, bərəkət və həmrəyliyə zəmanətdir

Milli dəyərlərimizlə zəngin olan Novruz bayramı ərəfəsində təmizlik-abadlıq və təsərrüfat işlərinin görülməsi də mühüm əhəmiyyət daşıyır. Çünki min illər ərzində formalaşmış Novruz adətləri xalqımızın məişət-sanitariya gigiyenası və təsərrüfat həyatı ilə sıx bağlıdır. Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müşavirəni açaraq təsərrüfat ayı olan martda təmizlik, abadlıq, yaşıllaşdırma və təsərrüfat işləri, eyni zamanda milli-mənəvi dəyərlərimizlə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. Ali Məclisin Sədri çıxışında bildirmişdir ki, həyata keçirilən tədbirlər nəticəsində hazırda muxtar respublikada sanitar-epidemioloji vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq məqsədilə mart ayında aid qurumlar tərəfindən dezinfeksiya tədbirləri və təsərrüfat işlərinə hazırlıq məsələləri diqqətdə saxlanılmalıdır. Ali Məclisin Sədri martın 1-dən etibarən bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə,  inzibati binalarda və xidmət sahələrində qrafikə uyğun dezinfeksiya işlərinin aparılması, ictimai iaşə, ticarət və xidmət obyektlərinin  sanitar-epidemioloji qaydalara uyğun fəaliyyətinə nəzarət edilməsi, Novruz bayramı günlərində muxtar respublikanın məktəbəqədər, məktəbdənkənar, peşə və ümumtəhsil məktəblərində dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi, təhsil müəssisələrində gündəlik müşahidə və tibbi müayinələrin davam etdirilməsi ilə bağlı tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, mövsümi xəstəliklər və koronavirus infeksiyasına qarşı peyvənd işi davam etdirilməli, tibbi maarifləndirmə aparılmalı, profilaktik müayinələrin sayı artırılmalı, xəstəliklər və onların risk amilləri erkən mərhələdə aşkar edilməlidir. Ərzaq məhsullarına olan tələbatın ödənilməsi ilə yanaşı, həm də bayram günlərində süni qiymət artımının qarşısını almaq məqsədilə martın 20-nə qədər Naxçıvan şəhərində və rayon mərkəzlərində bayram yarmarkaları təşkil edilməli, aid qurumlarla birlikdə dövlət ehtiyatları sahəsində tənzimləmə aparılmalı, bayram ərəfəsində bazar və ticarət mərkəzlərinin, mağazaların ərzaqla normal təminatına diqqət artırılmalıdır. Yeni ailə təsərrüfatlarının və yerli xammal əsasında fəaliyyət göstərən müəssisələrin yaradılmasına üstünlük verilməlidir. Muxtar respublika rəhbəri bu il də yeni yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması, eləcə də bərpa əkinləri üçün hazırlıqlar görülməsi, hava şəraitinə uyğun olaraq yaşıllaşdırma tədbirlərinə başlanılması, yaşıllaşdırma tədbirlərində ting tələbatının yerli imkanlar hesabına ödənilməsi, muxtar respublikanın ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə əkin tələbatının müəyyənləşdirilməsi, mütərəqqi əkin metodlarına üstünlük verilməsi, torpaq mülkiyyətçilərinin mövsümi aqrotexniki qaydalar barədə məlumatlandırılması, onların keyfiyyətli və məhsuldar toxumlarla təminatının diqqətdə saxlanılması, toxum ehtiyatının həcminin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülməsi, xarici ölkələrdən gətirilən toxumların keyfiyyətinə diqqət yetirilməsi barədə də tapşırıqlar vermişdir. Müşavirədə tapşırılmışdır ki, meliorasiya-irriqasiya tədbirləri vaxtında görülməli, muxtar respublikaya yeni texnikalar və ehtiyat hissələri gətirilməli, bu zaman fermer və torpaq mülkiyyətçilərinin təklifləri nəzərə alınmalı, texniki xidmət işi düzgün təşkil olunmalıdır. Epizootiya tədbirləri davam etdirilməli, zootexniki qaydalar təssərrüfatçılara izah olunmalı, baytarlıq məntəqələri və apteklər dərman preparatları ilə təmin edilməlidir. 
    Naxçıvan şəhərində və rayonlarda iməciliklər keçirilməli, təmizlik-abadlıq işlərinə diqqət artırılmalı, bayram günlərində əhalinin asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılmalıdır. Qəbiristanlıqlarda təmizlik işlərinin aparılması, sakinlər tərəfindən bayramqabağı ziyarətlərin və mərasimlərin dini dəyərlərimizə uyğun təşkili diqqətdə saxlanılmalıdır. Novruz bayramı ilə əlaqədar mədəni-kütləvi tədbirlər təşkil edilməli, bayram tədbirlərinin yeri və vaxtı barədə məlumatlar hazırlanaraq internet saytında və sosial şəbəkələrdə yerləşdirilməli, yerli və xarici tur-operatorlar məlumatlandırılmalı, turizm müəssisələri ilə qarşılıqlı fəaliyyət təmin edilməlidir. Qeyd olunmuşdur ki, muxtar respublikanın kommunal xidmət müəssisələri bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərməli, xüsusilə əhalinin daha çox cəmləşdiyi yerlərdə təmizlik işlərinə diqqət artırılmalıdır. Həyata keçirilən tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmalı, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti verilən tapşırıqların icrası barədə Ali Məclisə məlumat verməlidir. 

    
Qisası döyüş meyadanında alınan Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur


    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xocalı soyqırımının otuzuncu ildönümü münasibətilə tədbirlər keçirilib. Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət etmiş, abidə önünə güllər qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
    1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən soyqırımı törədilmişdir. Bu dəhşətli soyqırımına ilk siyasi-hüquqi qiymətin verilməsi də ümummilli liderimizin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindəndir. Xocalı soyqırımının tanınması istiqamətində bu gün də ardıcıl iş aparılır. Hazırda 17 dövlətin qanunvericilik orqanı, Amerika Birləşmiş Ştatlarının 24 ştatı Xocalıda törədilmiş qətliamı pisləyən qətnamə və qərarlar qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanımışdır.
    2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmən üzərində qələbə çaldı, tarixi ədaləti bərpa etdi, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaq uğrunda canını fəda edən bütün Vətən övladlarının qisası alındı, ərazi bütövlüyümüz təmin olundu. Dünyada neofaşizm, terror ünsürünə  çevrilən Ermənistanın “hərbi qüdrəti” bir daha dirçələ bilməyəcək səviyyədə məhv edildi. Həmin gün muxtar respublikanın rayonlarında da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.
    Ötən ayın ümumi mənzərəsi bir daha təsdiq edir ki, qazanılan çoxsaylı iqtisadi uğurlar ümummilli lider Heydər Əliyev ideyalarının düşünülmüş və sadiqlik prinsipi ilə qətiyyətli davamının bəhrələridir. Dövlət müstəqilliyimizin bəxş etdiyi bu uğurlar – Naxçıvan Muxtar Respublikasının dünyada qəbul edilən sürətli inkişaf modeli həm də muxtariyyətimizin bəxş etdiyi töhfədir. Qədim tarixə  malik bu diyarın zəngin tarixi inkişaf yolunda hərbi-siyasi və diplomatik qələbəmiz olan Naxçıvanın muxtariyyətinin müstəsna yeri vardır. Beynəlxalq müstəvidə hüquqi əsaslarla təsdiqini tapmış, böyük siyasi dəyərə malik olan muxtariyyətimiz həm də bu tarixi nailiyyəti qoruyub saxlamağı vəsiyyət etmiş ümummilli lider Heydər Əliyevin qiymətli əmanətidir. Tarix sübut etdi ki, dahi şəxsiyyətin də siyasi uzaqgörənliklə qeyd etdiyi kimi, Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılmasına xidmət edən çox böyük bir amil kimi qorunub saxlanılmalıdır. Ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalı və tariximizə daxil olmalıdırlar”.

 Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 16.03.2022 19:52