AZ EN RU

Qədim Göynük müasir görkəmdə

Yeniləşən kəndlərimiz

Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin diyarımızın sosial-iqtisadi inkişafı haqqında dediyi sözlər hər birimizdə böyük sevinc və qürur hissi yaradır: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”. 

Bu gün Naxçıvan, sözün əsl mənasında, inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır – təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Bunu Babək rayonunun Göynük kəndinin timsalında daha aydın görmək mümkündür. Məlumat üçün bildirək ki, bu il noyabrın 22-də kənddə quruculuq tədbirləri çərçivəsində tam orta məktəb, feldşer-mama məntəqəsi, kənd və xidmət mərkəzləri üçün binalar istifadəyə verilib. Sakinlərlə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sakinləri təbrik edərək demişdir: “Göynük səfalı və geniş imkanlara malik olan kənddir. Bu gün həm bələdiyyə və dövlət, həm də şəxsi mülkiyyətdə olan torpaqlar imkan verir ki, kəndin inkişafı bundan sonra da təmin olunsun. Göynükdə, əsasən, heyvandarlıq və maldarlıq inkişaf edib, məskunlaşma artıb, yeni evlər tikilib. Bu da inkişafın göstəricisidir. Yaradılan şəraitdən sonra məskunlaşma daha da artacaq və ərazidən səmərəli istifadə olunacaq, maldar­lıq, heyvandarlıq, arıçılıq, meyvəçilik, bitkiçilik inkişaf etdiriləcəkdir. Bunun üçün isə lazım olan hər bir şərait var. Sakinlərin rayon mərkəzinə, Naxçıvan şəhərinə gediş-gəlişinin rahat olması üçün yol da abadlaşdırılıb. Yolda işlər hələ davam etdiriləcək. Bütün bunlar insanların rahat yaşaması üçündür. Kənd tamamilə qazlaşdırılıb, daimi elektrik enerjisi ilə təmin olunub, rabitə, internet, poçt və tibb xidməti yaradılıb”. Biz də bu yaxınlarda kənddə yaradılan şəraitlə daha yaxından tanış olmaq üçün üz tuturuq Göynüyə. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Yaqub Xudatovla kənd mərkəzində görüşürük. O bizi müşayiət edib kəndi gəzdirməyə başlayır. Bu vaxt ağsaçlı, gözündə qara şüşəli eynək olan ağsaqqal bir kişi əlindəki bəzəkli, şirmayı rəngli əsanı, el dilində desək, ustufca yerə vura-vura yolun o başından bizə tərəf addımlayırdı. Yaqub müəllim bildirdi ki, bu gələn şəxs əvvəllər icra nümayəndəliyində mühasib işləyən kənd ağsaqqalı İbrahim Həmzəyevdir. Və o, Göynüyün tarixi, dünəni haqqında daha çox məlumata malikdir. Elə ilk tanışlıqda Göynük haqqında İbrahim baba ilə şirin söhbətimiz alınır. Deyir ki, Göynük adı ilk dəfə XIII əsrdə baş vermiş hadisələrlə bağlı Bizans mənbələrində çəkilmişdir. Kəndin adının mənasının bir neçə izahı vardır. Azərbaycan toponimiyasında Göynük göyrük “yaşıl sahə, otlu sahə” mənasını, eyni zamanda “kənd, el, məskun yer” mənasını da ifadə edir. Deyilənlərə görə, Göynük kəndinin tarixinin böyük bir hissəsi Oğuz türkləri ilə bağlıdır. Adından da göründüyü kimi, bu yerlərin gözəl təbiəti insanlarının da ruhuna sirayət edib. Uca dağların qoynunda yerləşən, şəfalı bulaqları, təmiz havası, gülərüz insanları ilə... İbrahim baba söhbətini davam etdirir: – Qızım, bəlkə də, yadına gələr, vaxtilə qazımız, işığımız bərbad vəziyyətdə idi. Necə deyim, işıq fasilələrlə verilirdi, qaz çəkilməmişdi, rabitə yox idi. Çox şükür, bu gün kəndimizdə bu göstəricilərə görə əvəzi olmayan işlər görülmüşdür. Daimi işığımız, qazımız, rahat yaşayışımız var. Bundan başqa, kəndimizə 8 kilometr boru vasitəsilə su çəkilmişdir ki, bu da kənd camaatının içməli və suvarma suyundan istifadəsini təmin edir. Dolanışığımız gündən-günə yaxşılaşır. Kəndimizdə tikilən yeni məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, çəkilən müasir və rahat yol dövlətimizin vətəndaşlarına qayğısının əyani ifadəsidir. İbrahim Həmzəyevdən gənclərlə bağlı fikirlərini soruşuruq. Deyir ki, indi muxtar respublikamızda gənclərə xüsusi diqqət göstərilir, elə kənd inzibati icra nümayəndəliyində də müxtəlif vəzifələrə gənclər təyin edilib. Əvvəllər kənd sakinləri işləmək üçün şəhər mərkəzinə gedirdilər. Bu gün isə gənclərimiz uzağa getmədən iş yerləri ilə təmin olunurlar. Müsahibimiz yeni istifadəyə verilmiş obyektlərlə bağlı sevincini də bizimlə bölüşür və görülən işlərin kənd sakinləri tərəfindən razılıqla qarşılandığını bildirir.

İcra nümayəndəsi ilə yeni obyektləri gəzirik. Bunlardan ən böyüyü kənd tam orta məktəbinin binasıdır. Məktəbin direktoru Zəfər Ələkbərov pedaqoji kollektivə göstərilən qayğı üçün minnətdarlığını bildirərək deyir ki, təhsil ocağının binası müasir tədris şəraitinə və yüksək maddi-texniki bazaya malikdir. Burada tədris üçün lazım olan bütün avadanlıqlar quraşdırılıb. Öyrənirik ki, 3 mərtəbədən ibarət olan məktəbdə 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, 1 elektron lövhəli sinif, hərbi kabinə, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı istifadəyə verilib. Kitabxana fondunda isə 1014 kitab vardır. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmışdır. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir.

Müəllim Günay Babayeva söhbətə qoşulur: – STEAM fənninin tədrisində məqsəd xüsusi bacarığı olan şagirdləri üzə çıxarmaq və hər şagirddə bu haqda bilik formalaşdırmaqdır. Steam dərsini 6 və 7-ci siniflərə tədris edirəm. 6-cı siniflərlə tinkercat proqramında, 7-ci siniflərlə isə mikrobit proqramında işləyirik və həmçinin may ayında olacaq sərgi üçün layihə hazırlamağa başlamışıq. Qeyd edim ki, kənd məktəbində yaradılan şərait sakinlərin uzun illərdən bəri ürəklərində olan arzularını reallaşdırıb. Bütün gücümüzlə çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq.
Daha sonra Rabitə evində Bəhriyyə Abbasova ilə həmsöhbət oluruq. Deyir ki, 22 yaşım var və indiyə qədər kəndimizdə bu cür şərait görməmişəm. Uşaqlığım palçıqlı yollarda su daşımaqla keçib. Qış mövsümündə məktəbə getmək digər şagirdlər kimi mənim üçün də, sözün əsl mənasında, əziyyət idi. Qış geyimində dərs keçmək, odun sobasında qızınmaq hansı şagird üçün dərsi səmərəli edərdi ki? Amma indi təhsil alanlar üçün hər cür şəraiti olan məktəbimiz var. İndi işlərimiz çox asanlaşıb. Özüm Rabitə evində işlə təmin olunmuşam. Artıq kəndimizin sakinləri uzaq yol qət edib, əlavə xərc çəkib rayon mərkəzinə getmirlər. Bütün ehtiyaclar kəndin daxilində ödənilir. Bizə isə yaradılan şəraitdən bəhrələnib, tikilib-qurulanları qorumaq düşür.
Kənddə olduğumuz zaman ailə təsərrüfatı ilə məşğul olan kənd sakinləri ilə də görüşdük. Onlardan biri də arıçılıqla məşğul olan Zülfüqar Xudatovdur.
Zülfüqar dayı sevimli peşəsi ilə bağlı dedi ki, arılar təbiətin möcüzəsidir. Təsadüfi deyil ki, müqəddəs “Qurani-Kərim”də də bal arısı ilə bağlı ayə yer alır. Rəhmətlik ata-babam da arıçı olublar. Bu sənətin sirlərini onlardan öyrənmişəm və 30 ildir ki, bu işlə məşğulam. Təcrübəmdən deyə bilərəm ki, Göynük balı öz dad-tamı ilə digər ballardan fərqlənir. Ona görə ki, burada sulu sahə olmadığı üçün balın şirəlik dərəcəsi 80, 85 dərəcəyə çatır. Dağ balının min bir dərdin dərmanı, əsl möcüzə olduğunu elm də təsdiq edir. Onu da deyim ki, kəklikotundan, qantəpərdən, cökədən, baldırğandan çəkilən şirə bir çox sağalmaz xəstəliklərin dərmanıdır. Hər il bir tondan artıq balımız olur. Çoxları onu dərman kimi alıb istifadə edir. Zülfüqar dayı ilə söhbət zamanı onda əksər dağ adamlarına məxsus qəribə bir xüsusiyyət də müşahidə elədim. O öz ailələri ilə arılar arasında bir oxşarlıq axtarır. Və qənaətində onu tapır da. Deyir ki, anamız bizi arıların qanunları ilə tərbiyə edib. Yaşamaq üçün hamı işləməli, hər kəs zəhmət çəkməlidir. Hər şeydə halallıq gözlənilməlidir. Arıya haram əl uzansa, o, mütləq məhv olacaq.
“Qışlama dövründə arıya necə qulluq göstərirsiniz?” sualıma Zülfüqar dayı cavab verərək bildirdi ki, payız-qış dövrü üçün hər arı ailəsinə tələb olunan yemin 60-80 faizini pətəkdə, qalan hissəsini isə anbarda saxlayıb, ehtiyac olduqda veririk. Arı ailələrini qışlamaya hazırlayarkən hər çərçivə arası arı üçün 2-2,5 kiloqram bal saxlayırıq. Bununla yanaşı, arının üstünə döşəkcə qoyub və arakəsmə veririk ki, arı qışda soyuğa dözsün.
Müsahibim söhbətinə davam edərək deyir: – İstehsal etdiyim balı hər il keçirilən “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasına çıxardıram. Dövlətimizə minnətdaram ki, bizim üçün bugünkü gündə hər cür imkanlar yaradıb və biz də bundan yararlanaraq məhsullarımızı nümayiş etdirib satıb qazanc əldə edirik.
Göynükdə bağçılığa da xüsusi önəm verilir. Kənd sakini Dilsuz Əhmədov ailəsinin dolanışığını təmin etmək üçün mülkiyyətində olan pay torpağında meyvə bağı salıb. Deyir ki, bağımdakı meyvə ağaclarının gəlirliyini də nəzərə almışam. Elə buna görə də calaq olunmuş, əsasən, alma, armud, heyva, badam, cəviz ağaclarını alıb əkmişəm. Təbii ki, mənim kimi digər bağ sahibləri meyvə ağaclarından bol məhsul götürüb, daha çox gəlir əldə etməyə çalışırlar. Bunun üçün bağçılıqda bəzi məqamlara fikir verməliyik. Ən əsası ağaclara vaxtlı-vaxtında qulluq edilməlidir. Bu, məhsuldarlıqda birinci qayda sayılır. Bununla yanaşı, yaz aylarında ziyanvericilərə və digər xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərə də diqqət yetirirəm. Ağacların gövdəsini xüsusi məhlulla dərmanlayır və dibinin bellənməsi zamanı mineral gübrələr verirəm. Qış mövsümündə ağacların boy, inkişaf və məhsuldarlığını tənzimləmək məqsədilə budayıram. Ağaclar budandıqda cavanlaşır, məhsuldarlığı artır. Budanmış ağacın meyvələri də sağlam və iri olur. Muxtar respublikamızda, əsasən, yerli meyvə ağaclarının əkilməsi yurdumuza gözəllik, süfrəmizə bərəkət, dövlətimizə gəlir gətirir.
Göynüklülərlə söhbət zamanı aydın oldu ki, bu yurd yerinin insanları da torpağa, təsərrüfata daha möhkəm bağlanıb, muxtar respublikamızda daxili bazarın möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafına öz töhfələrini verirlər.

Gördüklərimizə, eşitdiklərimizə və şahidi olduqlarımıza əsaslanaraq deyə bilərik ki, bu gün Göynükdə yüksək mütəşəkkillik, sağlam mənəvi-psixoloji mühit, yaradıcı və təşəbbüskar ab-hava var. Bütün bunlar ölkə­mizin müstəqilliyinin real bəhrələridir. Əldə olunan mühüm nəticələr isə muxtar respublikamızın hərtərəfli inkişafının göstəricisidir.

Aytac CƏFƏRLİ

Nəşr edilib : 16.12.2021 21:02