AZ EN RU

Şəhidlik ölümsüzlük zirvəsidir

Əfsanəyə dönən ömürlər

        Yenə bir Vətən qəhrəmanının, torpaq uğrunda canından keçən oğulun doğum günü ərəfəsində məzarıyla üz-üzə dayanmışam. Əzəli dədə-baba torpaqlarımızda öz qanları bahasına dalğalandırdıqları üçrəngli bayrağımız bu gün burada – onun məzarı üstündə də dalğalanır. Bayrağımıza baxdıqca ürəyimdən: – Bax sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan minlərlə can fəda oldu sözləri keçir:

    Doğuldu o Günəş, gəldi yeni gün,
    Açıldı xalqının düşdüyü düyün.
    Qoyuldu üstünə çələngin, gülün,
    Qələbə  müjdəsin gətirdik sənə,
    Rahat qovuş artıq ölməzliyinə!

    Bu o şəhiddir ki, Murovdağ döyüşlərində belə yüksəkliyə ucalıb. Ölümündən sonra “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunan Mərhəmət Həmzəyev 1997-ci il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdu. Keçili kənd tam orta məktəbinin IX sinfini bitirərək Heydər Əliyev adına Hərbi Liseyə qəbul edilmişdi. Hərbi liseyi müvəffəqiyyətlə bitirdikdən sonra elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdu. 2019-cu ildə zabit formasını geyinib leytenant rütbəsi ilə Şəmkir rayonunda Vətənin keşiyində dayanmağa başlamışdı. Mərhəmət Həmzəyevin qəhrəmanlığı hələ 2020-ci ilin Tovuz döyüşlərindən məlum idi. Həmin il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində hücumlara məruz qalan Azərbaycan Ordusu əks-hücum əməliyyatları ilə ərazi bütövlüyümüzün bərpa olunması uğrunda döyüşlərə başladı. 

    Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən Mərhəmət elə bu  ölüm-dirim mübarizəsində şəhid oldu. Uzun müddət nəşi tapılmayan Mərhəmətin qohum-əqrəbası, əzizləri dekabrın 22-də onun nəşinin gətirilməsi xəbərini alıblar. Elə həmin gün şəhidimiz böyük izdihamla Şahbuz rayonunun Keçili kəndində dəfn edilir. Uzun müddət bir yerdə xidmət edən, müharibə dövründə də birlikdə döyüşdüyü döyüş yoldaşı Ələkbər Ələkbərov şəhid dostunu belə xatırlayır: Mərhəmət səbir, dözüm, qorxmazlıq nümunəsi idi. Heç kimi incitməz, əsgərlərinə qayğı ilə yanaşardı. Ürəyi çox təmiz, cəsur, mərifətli, yerini bilən insan idi. Belə deyim, qarşısındakı insana mövqeyindən asılı olmayaraq, hörmət qoyan, layiqdirsə dəyər verən biri idi. Mənə qardaş əvəzi olan Mərhəmət ürəyimi dağlayıb getdi. Onun haqqında dastan danışardım, amma boğazım düyünlənir. Bizim qardaşlığımız dünyada bitmiş ola bilər, amma qəlbimdə biz hər zaman qardaş qalacağıq. Mərhəmətin döyüşdə göstərdiyi şücaətdən danışmaya bilmərəm. Murovdağ istiqamətində döyüşlərdə birlikdə irəliləyirdik. O, dağlara elə dırmanırdı ki, sanki qanad açıb uçmaq istəyirdi. Düşünürəm ki, bu vüqarı doğulub- böyüdüyü, ən gözəl yeniyetməlik illərini keçirdiyi Keçili kəndinin dağlarından almışdı. 
    Anası Qərənfil xanım deyir ki, telefonla necə olduğunu soruşanda: –  Necə ola bilərik, illərdir, həsrətlə gözlədiyimiz qisas günü gəlib. İnşallah, torpaqlarımız işğaldan azad olunsun, müjdəli xəbərlərlə geri dönəcəyəm, – dedi. O müjdəli xəbərləri də aldıq, amma Mərhəmətsiz. Şəhid olmamışdan əvvəl nişanlısı ilə danışan nakam balam deyib ki, müharibədir, hər şey ola bilər. Səbirli ol, dözümlü ol. Oğlum böyük ehtiramla, sevgiylə qarşılandı, torpağa tapşırıldı. Onun yoxluğuna alışa bilməsəm də, düşünürəm ki, oğlum Vətən, torpaq uğrunda şəhid olub. Bu gün bir gözüm ağlayanda, digər gözüm gülür. Çünki balam qəhrəmandır. Təsəllim isə odur ki, Mərhəmət kimi oğullarımız unudulmurlar. 
    Övladı haqqında danışanda qəhərlənən, bəzən də bunu gizlətməyə çalışan, ürəyi oğul həsrəti ilə yanan, xatirələri dünyaya sığmayan, lakin bu barədə söhbət edərkən kövrəlib danışmağa çətinlik çəkən şəhid atası  Rizvan əminin gözlərində bütün şəhidlərimizin nisgilini gördüm. Ömrünü övladlarına həsr edən, onları böyüdüb ərsəyə yetirən, lakin doyunca sevib-oxşamağa macal tapmayan şəhid valideynləri ilə qarşı-qarşıya həmsöhbət olmaq şərəfli olduğu qədər də çətindir! Gözlərində kədər olmasına baxmayaraq, bizimlə qürurlu və bir o qədər də fəxarət dolu sözlərlə söhbət etməyə çalışan Rizvan əmi deyir: – Oğlumdan xəbər tuta bilmirdik. Dost-tanışlar təsəlli verirdilər. Amma ürəyim hiss etmişdi sanki. Müharibə bitdi, yenə də ondan xəbər gəlmirdi. Dekabr ayının 14-ü mənə zəng edib oğlumun şəhidlik xəbərini verdilər. Ancaq ailəmizlə bu xəbəri bölüşməyə gücüm çatmadı, o günə qədər ki, artıq dekabr ayının 22-si cənazə gələcəkdi. Özümdə güc toplayıb yaxınlarımıza xəbəri verəndə isə... Amma bir o qədər də fəxrlə qarşıladılar. Ətrafdakıların bu cür reaksiyası mənə də güc verdi ki, oğlumu əbədi mənzilə layiqincə yola salım. 
    Onu da deyim ki, ailə ilə görüşmək üçün yaşadıqları mənzilə gedərkən həyətə daxil olmamış yolun kənarında bulaq-abidə ilə qarşılaşdıq. Öyrəndik ki, şəhidimiz Mərhəmətin xatirəsinə inşa edilmiş bulağın ətrafında muxtar respublikamızın bütün şəhidlərinin fotosu yer alır. Çınqıllı bulağından sərinliyini, şəhidlərimizdən isə saflığını, təmizliyini alan bu bulaqdan kənd sakinləri və buraya gələn qonaqlar istifadə edirlər. 
    ... Mərhəmət kimi yüzlərlə oğul sübut etdi ki, xalqımızın igid övladları ölkəmizin ən çətin günündə canını belə, verməyə hazırdırlar. Belə qəhrəmanların  ömür yolu isə gələcək nəsillərə örnəkdir. Onları unudulmağa qoymamaq bir vətəndaş kimi mətbuat nümayəndələrinin də şərəfli vəzifəsidir. İllər keçsə də, uşaqdan-böyüyə hər bir vətəndaş şəhidlərimizi böyük ehtiramla anacaq, onların qəhrəmanlıqlarını örnək sayacaqlar. 
    Cənnətindəki növbəti doğum günün mübarək, şəhidim. Adın məzar daşına yazılsa da, özün hər zaman xalqın ürəyində, ananın ağarmış saçlarında və səni sevənlərin məzarın önündə heykəlləşmiş baxışlarında yaşayacaqsan. 

 Telli MƏMMƏDOVA

Nəşr edilib : 23.02.2022 18:37