AZ EN RU

Şuşa ətirli xarıbülbülüm

    Salam olsun sənə, xarıbülbülüm. Salam olsun sənə, şah qamətli gülüm. Sən bizlər üçün nisgil, kədər, ağrı, həsrət simvolu idin. Ay gözəl gülüm, Şuşanın maralı gülüm, bağrına dağ çəkildiyini, torpaqlarının viran olduğunu gördükcə yanırdı sinəmizdə alovlu od... Yanar odun sönəcəyi günü həsrətlə gözləyirdik. Yerlər, göylər də dözə bilmirdi bu iztiraba. Gözün dolmuş, yanaqlarınsa, solmuşdu. Düşünürdün ki, bu ah-naləni görmürükmü? Hər çəkdiyin naləni gördükcə dünyadan tədirgin olurduq bilirsənmi? Sənə qovuşub toxunacağımız günün, ətirli iyini ciyərlərimizə çəkəcəyimiz günün xəyalları ilə yaşayırdıq. Ay gözəl gülüm, bu günün gerçəkliyini yaşamaq üçün bir igidin ömrü qədər gözlədik. Xarıbülbülüm, düz 29 il qəfəsdə qaldın, doğmalarının həsrətindən saralıb sarı rəngə boyandın. Başın çox bəlalar çəkdi, lakin boyun əymədin düşmənə. Bu torpağın düşmənə məxsus olmadığını bəyan etdin hər kəsə.
    2020-ci il 8 noyabr tarixi Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarının önündə atasının ona olan etimadını doğrultduğunu və onun vəsiyyətini yerinə yetirdiyinin hesabatını verdi. Necə ki ulu öndər Heydər Əliyev demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”. Bəli, həmin gün Şuşa qoxulu xarıbülbülümüzə qovuşduq. Qovuşduğumuz gün nisgilimizə son qoyuldu.
    Xarıbülbülüm, sən məhəbbət rəmzisən, sədaqətin özüsən. Sən həm də cənnət rəmzisən. Sənin özəlliyin ondadır ki, torpağından ayrı düşəndə solub məhv olursan. Sən adi çiçəkdən çox bir möcüzəyə bənzəyirsən. Xırda, bənövşəyi rəngli ləçəklərinlə, otların, başqa gül-çiçəklərin içərisindən çətinliklə seçilirsən...
    Artıq Şuşamızda yeni həyat başlayıb. Biz əmindik Şuşamızın azadlığına qovuşacağımıza, əmindik sürətli quruculuq və abadlıq işlərinin aparılacağına, ən əsası əmindik Şuşa torpağının festivallara, poeziya günlərinə, mədəni tədbirlərə və bir çox başqa tədbirlərə ev sahibliyi edəcəyinə. Elə bu yaxınlarda keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı da dediklərimizi bir daha təsdiq edirdi.
    Bilirəm gözün yolda qalmışdı, xarıbülbülüm, hər il keçirilən festivalların artıq səsini eşitmirdin. Düz 30 il sonra Qarabağ torpağında “Xarıbülbül” Festivalının keçirildiyini görəndə göz yaşını tökməmək əlində deyildi. Şuşanın hər dağı, hər daşı səsinə səs verirdi. Eşidirsənmi, xarıbülbülüm, – deyə sənə səslənirdilər. Bu gələn səs doğmalarımızın səsidir, bu gələn səs milli musiqi alətlərimizin səsidir, – deyə hay verirdin onlara... Festivalı elə tükənməz sevgi ilə izləyirdin ki, baxışınla hər şeyi ifadə edirdin. Ay gözəl gülüm, sevinən təkcə sən deyildin. Sevinirdi böyük Vaqifin, Natəvanın, Zakirin, Üzeyirin, Bülbülün ruhları... Çünki onların nigarançılığına son qoyulmuşdu.
    Üç gün davam edən sayca beşinci festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olundu, ölkəmizin müxtəlif regionlarını təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirildi, klassik musiqi əsərləri təqdim olundu. Festivalın bağlanış konsertində Ankara Türk Dünyası Musiqisi və Xalq Rəqsləri Ansamblı, “Melitassi” Folklor Rəqs Ansamblı (Gürcüstan) və Azərbaycan Dövlət Rəqs Ansamblı milli musiqi sədaları altında çıxış etdilər. Onların milli musiqi sədaları altında çıxışları hər birimizi valeh etdi.

Nuray ƏSGƏROVA

Nəşr edilib : 05.07.2022 20:33