AZ EN RU

Tarix yazan qəhrəmanlar

    Bir ildən artıqdır ki, 44 gün çəkən Vətən müharibəsi başa çatıb. Doğma Qarabağımız işğaldan azad edilib. İllər, hətta aylar əvvəl bu, bir yuxu kimi görünürdü bəzilərinə. İndi isə gerçəkdir, torpaqlarımızı düşmən əsarətindən azad etmişik. Şübhəsiz ki, buna qəhrəman oğullarımızın sayəsində nail olduq. Şücaətləri ilə dünyaya səs salan igidlərimiz yeni tariximizə adlarını qalib kimi yazdırdılar. Bu yolda canlarını, qanlarını fəda etdilər. 

    Bu gün “Kaş biz də şəhadətə qovuşardıq”, – deyən qazilərimiz var. Onlardan kimisinin gözü zədələnib, kimisinin ayağı, kimisinin də qolu yoxdur – canlarının bir parçasını torpağa pay verib, onu Vətənə çeviriblər. Buna rəğmən üzlərindən gülüş əskik olmur. Hamısı bir söz deyir: “Vətən sağ olsun!” Bir sözlə desək, Azərbaycan Ordusunun Zəfərlə bitirdiyi Vətən müharibəsi bizə çox sayda qəhrəman əsgər və zabit tanıtdı. Onlardan biri də qazi Nurlan Quliyevdir. Onunla söhbət zamanı bildirdi ki, 1994-cü ildə Şərur rayonunda anadan olub. Orta təhsilini 2001-ci ildə Eynalı Sultanov adına 7 nömrəli məktəbdə alıb. 2012-ci ilin iyun ayında “N” hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. Evdən xəbərsiz olaraq kəşfiyyata yazılıb. Xidmətini 2013-cü ilin dekabrında bitirib. Hərb sənətinə marağı onu yenidən bu sahəyə qaytarıb. Xüsusi təyinatlı qüvvələrə sənəd verərək qəbul olunub. Xidməti boyu 30 il düşmən tapdağında olan torpaqlarımızın azad olunmasını səbirsizliklə gözləyib. Nəhayət ki, 2020-ci il sentyabrın 27-də başlayan döyüşlər və ordumuzun düşmən üzərinə yeriməsi içindəki qisas hissini birə-beş artırıb: – Hamı qəhrəmancasına döyüşürdü, heç kimdə qorxu yox idi. Çünki biz öz tarixi torpağımız uğrunda, haqq-ədalət yolunda vuruşurduq. Lakin noyabrın 5-də döyüş yoldaşım yaralı olduğu üçün onu yaralıların yanına gətirdiyim zaman düşmənin minomyot atəşi ilə vuruldum. Həmin an qolumun olmadığını hiss etdim, bir düşündüyüm o oldu ki, bütün rayonların azad olunmağını, yaxınlarımı və əzizlərimi heç vaxt görməyəcəm, amma özümdə güc toplayaraq çıxdım. Sürünərək dərəyə düşdüm, orada qızğın döyüş getmişdi. Gecə saat 10-11 radələrinə qədər gözlədim. Gecə düşdüyüm yerdən çıxarıldıqdan sonra xərəkdə 36 saat yol getdim. Xəstəxanada xalqın, millətin, arxa cəbhənin, həkimlərimizin bizə qarşı necə yanaşdıqları diqqətimi cəlb etdi. Mən düşünürəm ki, bir ana ki övladını gözünü qırpmadan ölümə göndərirsə, deməli, bu xalq kimi xalq yoxdur. Müəyyən xəstəxanalarda yatdım, əməliyyatlar keçirdim və təəssüf ki, xüsusi təyinatlı qüvvələrə qayıda bilmədim. İkinci Qarabağ müharibəsinin qazisi kimi ehtiyata buraxıldım. Bu gün fəxr edirəm ki, torpaqlarımızın geri qaytarılmasında mənim də əməyim olub. Bizə göstərilən diqqət və qayğının davamlı olduğunu görürəm. Bunun nəticəsidir ki, döyüşdən əvvəl olan kredit borcum silindi. Mənzil və avtomobil siyahısına adımın qeyd edilməsi, qısa müddətdə pensiyamızın, sığorta pulumuzun təmin olunması göstərilən dövlət qayğısının bariz nümunəsidir. 
    II Qarabağ müharibəsinin fatehlərindən biri olan Nurlan Quliyev Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “ Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 
    Bəli, bu qələbəni bizə bəxş edən igid əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz Vətən uğrunda canlarından keçmiş eloğullarımızı heç zaman unutmayacağıq. Lakin belə faciələrin təkrar olunmaması üçün gərəkdir ki, düşmən də öz acı məğlubiyyətindən dərs alsın. Əks halda  Azərbaycanın dəmir yumruğu erməni faşizminin başını bir daha əzə bilər. Mənfur düşmən dəmir yumruğun gücünü Nurlan və onun döyüş yoldaşlarından yaxşıca görüb...

Aytac CƏFƏRLİ

Nəşr edilib : 19.01.2022 18:43