AZ EN RU

Təbiətin bəxş etdiyi qiymətli nemətlərin istehsalına da maraq artır

    Hava bir az yağışlı və mülayim olduqda ağac altında, yol kənarlarında sıx qarşılaşdığımız  bitkilər hər zaman diqqət çəkir. Yəqin ki, söhbətin göbələklərdən getdiyini hiss etdiniz. Göbələklər növ müxtəlifliyinə görə digər bitkilərdən fərqlənir və üzvi maddələrin olduğu hər bir yerdə yayılma qabiliyyətinə malikdir. 

    Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalında son illərdə yaradılan və səmərəli şəkildə fəaliyyət göstərən ailə təsərrüfatları hərtərəfli dövlət qayğısı əhatəsindədir. Hətta onlardan bir çoxu artıq kiçik sahibkarlıq subyektinə çevrilib. Belə emal və istehsal sahələri məhsul bolluğu yaratmaqla yanaşı, həm də əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Bu gün onların qüvvəsi ilə tonlarla məhsul istehsal edilərək bazar və yarmarkalarımıza çıxarılır. Qədim diyarımızın bəxş etdiyi min bir dərdin dərmanı olan nemətlərə günbəgün artan tələbat isə ailə təsərrüfatçılarına və sahibkarlara bu nemətlərin istehsalına da marağı artırır. Belə sahibkarlardan biri də Kamal Zeynalovdur.  Onun Culfa rayonunda fəaliyyət göstərən göbələk istehsalı müəssisəsi haqqında məlumat almaq üçün yolumuzu buradan salırıq. 2016-cı ildə yaradılan, müasir tələblərə uyğun olaraq qurulan müəssisədə göbələyin yetişdirilməsi, toplanması və qablaşdırılması üçün hərtərəfli şərait vardır.
     Müəssisənin rəhbəri Kamal Zeynalov niyə məhz  bu sahə ilə  məşğul olması barədə danışır: – İlk iş yerim Türkiyə Respublikasında fəaliyyət göstərən böyük göbələk zavodu olub. İşlədiyim vaxtlarda bu sahənin mütəxəssisi olmaq üçün çox çalışdım. Sonra Vətənə qayıdıb, bir neçə il müxtəlif sahələrdə çalışdım. Düşündüm ki, niyə də yaxşı bildiyim işi görməyim. Ailəmlə məsləhətləşdim. İlkin mərhələdə həyətyanı sahəmizdə yerləşən iki otağı bu iş üçün ayırdıq. Əvvəlcə az sərmayə ilə başladığımız işdə mən və ailə üzvlərim çalışırdıq. Kiçik müəssisəmiz yavaş-yavaş tanınmağa başlamışdı. İlk vaxtlarda rayonumuzun göbələyə olan tələbatını ödəməyə çalışdıq. Sonra dövlətimiz bizə dəstək oldu. Belə ki, istehsal sahəsini genişləndirmək məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlə təmin edildik, müəssisəmizi daha da böyütdük. Bunun nəticəsidir ki, əvvəllər bir aya 60-70 kiloqram göbələk yığırdıqsa, indi bir aya 1700 kiloqrama qədər göbələk istehsalına nail olaraq muxtar respublikamızı öz yerli və keyfiyyətli məhsulumuzla təmin edirik.  
    Sahibkar onu da bildirir ki, dövlətimizin dəstəyi nəticəsində yetişdirdiyimiz məhsulun istehlakçılara çatdırılmasında da heç bir çətinlik çəkmirik. Əvvəllər göbələk yetişdirmək üçün xammalı qonşu dövlətlərdən və ya Bakı şəhərindən alırdıq. Bu həm vaxt, həm də vəsait itkisi idi. Sonra qərara gəldim ki, xammalı özümüz elə bu müəssisədə istehsal edək. Dövlətimizin dəstəyi ilə bu çətinliyimiz də həllini tapdı. Ailə təsərrüfatımı inkişaf etdirmək üçün aldığım dəstəklə burada yeni kompost, (torf) istehsal edən müəssisə yaratmışıq.  İndi həm xammalı, həm də göbələyi özümüz istehsal edirik. Müsahibim onu da deyir ki, göbələk bizim mətbəximizə son illər ayaq açıb. Dağlarda, çəmənliklərdə bitən göbələklər az deyil. Bunlar, əsasən, kənd yerlərində yeyilir və çoxumuzun bu göbələklərdən xəbəri yoxdur. Məlumat üçün qeyd edim ki, Avropada göbələk bahalı qidadır. 
    Sahibkar göbələyin yetişdirilməsi prosesi barədə də bizə məlumat verdi: – Göbələyin yetişdirilməsi üçün birinci xüsusi qarışıq-kompost hazırlanmalıdır. Bu qarışığın hazırlanması üçün saman, üzvi və qeyri-üzvi gübrələrdən istifadə edilir. Kompostun hazırlanması prosesi 15-20 gün çəkir. Bundan sonra kompost sellofan torbalara doldurulur və göbələk toxumları bu qarışıqda basdırılır. Göbələyin yetişdirilməsi və hazır məhsulun toplanması üçün onu vaxtlı-vaxtında sulamaq, arada istehsal sahəsini havalandırmaq lazımdır. Göbələk istehsalı asan görünsə də, çox zəhmət tələb edən bir işdir. Hazırda müəssisədə 10 üstü qapalı göbələk yetişdirən istehsal sahəsi var. Yetişdiriləcək göbələklər üçün xammal (torf) burada əkinə hazırlıq prosesinə gətirildikdən sonra polietilen torbalarda mərtəbəli rəflərə qoyulur. Burada havanın temperaturu və nəmliyinə müəssisənin texnoloqu tərəfindən nəzarət edilir. Məhsulun hasil olunması 35 gün çəkir. Göbələyin əkini elə tənzimlənir ki, məhsulun yığım prosesi davamlı olur. Bu göbələklərin üstünlüyü ondadır ki, onların istehsalı zamanı heç bir kimyəvi preparatdan istifadə olunmur. Buna görə də qidalanma zamanı zəhərlənmə ehtimalı yoxdur. 250 və 400 qramlıq xüsusi qablarda istehsal olunan bu məhsullar, əsasən, daxili bazarda satılır.
    Müsahibim deyir ki, bu qida məhsulu insan orqanizmi üçün olduqca faydalıdır. Onun tərkibinin 90 faizi sudur. Göbələkdə şəkər və yağ az miqdarda olur. Bu səbəbdən pəhriz yeməkləri içərisində göbələklərin xüsusi yeri vardır. Göbələklərin tərkibi yaxşı qidalanma baxımından asan həzm edilə bilən zülallar, vitaminlər və minerallarla zəngindir. 
     Kamal Zeynalov onu da diqqətimizə çatdırdı ki, dövlət qayğısı və zəhmət birləşəndə uğur qazanmaq heç də çətin olmur. Son illərdə muxtar respublikada istehsal və emal müəssisələrinin qazandıqları uğurlar  da məhz bununla bağlıdır. Belə ki, artıq ənənə halını alan yarmarka və festivalların keçirilməsi bizi alıcıya daha çox tanıdır. Məhsulumuz onlar tərəfindən yüksək dəyərləndirilir. Bu, hər bir sahibkar və ailə təsərrüfatçısının, o cümlədən də bizim istehsalı genişləndirməyə marağımızı daha da artırır. Belə festival və yarmarkaların keçirilməsini alqışlayırıq. Çünki müəssisədə istehsal etdiyimiz məhsulları nümayiş etdirməklə onun daha geniş miqyasda tanınması və satışına nail oluruq. 

Aytac CƏFƏRLİ

Nəşr edilib : 15.04.2022 20:15