AZ EN RU

Torpaq çəkdiyin zəhməti heç vaxt itirmir

Ailə təsərrüfatlarımız

    Muxtar respublikamızda iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən əkinçiliyin inkişafı daim diqqət mərkəzində saxlanılır. Son illərdə bu məqsədlə aparılan islahatlar öz bəhrələrini verib. Məlumdur ki, əkinçilikdə uğurlar qazanmaq və məhsul bolluğu yaratmaq üçün bir sıra başlıca amillər var. Bunlardan biri əkin zamanı yüksək reproduksiyalı toxumlardan istifadənin tətbiq edilməsidir. Qeyd edək ki, artıq bu məsələ də öz həllini tapıb. Belə ki, muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə bir neçə toxumçuluq təsərrüfatının fəaliyyətə başlaması mövcud olan çətinlikləri aradan qaldırıb.

    Zəhmətə bağlı insanlar artıq bir aydan çoxdur ki, onlar üçün daimi iş yerinə  çevrilmiş torpağa üz tutublar. Halal zəhmət adamları yaxşı dərk edirlər ki, ilin uğurla başa çatması yaz-tarla işlərində bütün aqrotexniki tədbirlərə vaxtlı-vaxtında əməl edilməsindən çox asılıdır.
     Fevral ayının 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq  və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həyata keçirilməli olan işləri diqqətə çatdıraraq tapşırıqlar verib: “Kənd Təsərrüfatı Nazirliyi muxtar respublikanın ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə əkin tələbatını müəyyənləşdirməli, mütərəqqi əkin metodlarına üstünlük verilməli, torpaq mülkiyyətçiləri mövsümi aqrotexniki qaydalar barədə məlumatlandırılmalıdır. Torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxumlarla təminatı da diqqətdə saxlanılmalı, toxum ehtiyatının həcmi təhlil olunmalı, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxs tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülməli, xarici ölkələrdən gətirilən toxumların keyfiyyətinə diqqət yetirilməlidir”.
    Yaradılan şərait hesabına muxtar respublikamızda toxumçuluq təsərrüfatı ilə məşğul olan ailə təsərrüfatlarının da sayı getdikcə artır. Onlardan biri də Şərur rayonunun Düdəngə kənd sakini Mübariz Şirəliyevin təsərrüfatıdır. Onunla söhbət zamanı dedi ki, Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda tarixən əkinçilik inkişaf etdirilib, хalqımız qədimdən öz çörəyini tоrpaqdan qazanıb, halal zəhməti həmişə başucalığı, üzağlığı kimi qəbul edib. Belə fədakar əməyin nəticəsində bolluq yaranıb, insanların  gün-güzəranı yaxşılaşıb, onlar öz halal qazanclarını torpaqdan çıxarırlar. Süfrələrə bоlluq, bərəkət bəхş edən əkinçi peşəsi ölkəmizdə özünəməxsus şöhrət qazanıb.
    Öyrənirik ki, zəhmət adamı 30 ildən çoxdur ki, bu sahə ilə məşğuldur. Mübariz müəllim, əsasən, taxıl, yonca, soğan toxumlarının istehsalı ilə məşğul olur. Bununla yanaşı, əkinçiliyə də ciddi önəm verir. Deyir ki, bu il üçün bol məhsul gözlənilir. Cari ilin məhsulu üçün 1 hektar sahədə yonca, 1 hektarda soğan, 10 hektar sahədə yazlıq qarğıdalı, 1 hektarda xaşa (arıotu), 2 hektarda günəbaxan, 0,5 hektarda sarımsaq əkib. Onu da öyrəndik ki, bu torpaq adamı 1 hektar sahədə şaftalı, 0,5 hektarda isə ərik tingləri əkib-becərir. O daha 5 hektar sahədə yonca, eyni zamanda 2 hektarda bostan məhsulları əkməyi nəzərdə tutub.
    2021-ci təsərrüfat  ili zəmilərdən 108 ton taxıl tədarük edən Mübariz Şirəliyev  ötən ilin payızında 70,2  hektar sahədə taxıl əkib. Onun sözlərinə görə, taxıl əkinlərindən yüksək və sabit məhsul alınmasında optimal səpin müddəti əsas aqrotexniki tədbirlərdən biridir. Taxıl səpininin vaxtından tez və yaxud gec aparılması məhsuldarlığa mənfi təsir göstərir. Vaxtında səpilmiş taxıllar qış düşənə kimi güclü kök sistemi formalaşdırır, yaxşı kollanır və soyuğa davamlı olur. Payızlıq taxılların xəstəliklərə, ziyanvericilərə davamlılığı və dəninin vaxtında yetişməsi optimal səpin müddətlərindən asılıdır. Belə səpin tarlada bitkilərin sıxlığına, dərin biokimyəvi və texnoloji xüsusiyyətlərinə, məhsuldarlığına müsbət təsir göstərir. Ona görə də bütün bölgələrdə payızlıq buğdanın səpini optimal müddətdə, yəni 6-8 iş günü ərzində yerinə yetirilməli və oktyabrın 3-cü ongünlüyünün axırına kimi başa çatdırılmalıdır. 
    Mübariz müəllim səpin üsulları və toxumun basdırılma dərinliyindən də danışır – Muxtar respublikamızda payızlıq dənli bitkilərin toxumu, əsasən, 2 üsulla səpilir: adi cərgəli və tirəli. Tirəli səpin aqrotexniki və iqtisadi baxımdan səmərəlidir. Bu səpin üsulunda toxumun səpin norması 30-40 faiz azalır, suvarma suyuna qənaət olunmaqla yanaşı, suçunun əmək məhsuldarlığını 2 dəfə yüksəldir. Tirəli səpin üsulunda toxumsəpən maşın bir gedişə həm tirə düzəldir, həm də tirələr üzərində cərgəarası məsafə 15-20 santimetr olmaqla, 3 və yaxud 4 cərgədə səpin aparır. Payızlıq dənli bitkilərin toxumunun basdırılma dərinliyi torpaq-iqlim şəraitindən asılı olaraq dəyişir. Toxumun basdırılma dərinliyi nəinki cücərtilərin sıxlığına və vəziyyətinə (xüsusilə torpağın yuxarı qatı quru olarkən), həmçinin onların qışlamasına və məhsuldarlığına da təsir göstərir. Ona görə də toxumun torpağın nəm qatına düşməsi vacibdir.
    Digər bitkiçilik məhsullarının əkilib-becərilməsinə verilən tələblərdən bəhs edən Mübariz Şirəliyev bu illər ərzində torpaq adamlarına göstərilən qayğıdan, istehsal prosesində rastlaşdıqları çətinliklərin aradan qaldırılması üçün görülən tədbirlərdən, əkinçilərin su, texnika ilə təminatına dəstəkdən razılığını bildirir. Deyir ki, 2010-cu ildən başlayaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən kartofçıxaran, dərmansəpən, gübrəsəpən, taxılsəpən, qarğıdalı əkən, toxumtəmizləyən, 5 hektarlıq yağmurlama-sulama qurğuları, “New Holland” markalı traktor alıb, kreditlər götürüb. Həmin texnikalarla ehtiyacı olanlara da köməklik etməyi unutmur. O, kənd adamlarına göstərilən digər qayğılardan da danışaraq daha bir vacib məsələdən razılığını bildirir. Deyir ki, muxtar respublikada min bir zəhmətlə hasilə gətirilən məhsulların satışı və həmin məhsullardan ilboyu istifadənin təmin olunması diqqətdə saxlanılıb. Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, soyuducu anbarların istifadəyə verilməsi hər bir əkinçi tərəfindən minnətdarlıqla qarşılanır. Qalır ki, torpaqdan ikiəlli yapışasan. Bu müqəddəs sərvət çəkdiyin zəhməti heç vaxt itirmir.

Aytac CƏFƏRLİ

Nəşr edilib : 04.04.2022 18:39