NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

İqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadə: 10 illik vergi azadolması regionda yeni iqtisadi dinamika formalaşdıracaq

...

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadənin “Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yüksələn Naxçıvan” adlı məqaləsi “Azərbaycan” qəzetində yayımlanıb.
Məqalədə Naxçıvanın Azərbaycanın strateji və mədəni baxımdan önəmli bölgəsi kimi rolu, muxtariyyət tarixinin iqtisadi və sosial inkişafda oynadığı əhəmiyyət ətraflı şəkildə təqdim olunur. Müəllif muxtar respublikanın iqtisadi inkişafının müxtəlif dövrlərini, sovet dönəmindəki tənəzzül və inkişaf imkanlarının yetərincə reallaşmadığını, 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi quruculuq işlərinin sürətləndiyini vurğulayır.
Məqalədə 1970-1985-ci illərdə Naxçıvanda sənaye və kənd təsərrüfatının sürətli inkişafı, Araz çayı üzərində elektrik stansiyası, iri sənaye müəssisələri, kombinatlar və digər infrastruktur layihələrinin həyata keçirilməsi, enerji təminatı sahəsində atılan addımlar geniş işıqlandırılıb. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində muxtar respublikanın iqtisadi potensialının gücləndiyi, energetika, dağ-mədən, maşınqayırma və metal emalı sahələrinin sürətlə inkişaf etdiyi qeyd olunur.
Müslüm Cabbarzadə, həmçinin müstəqillik dövründə Naxçıvanın blokada şəraitində iqtisadi islahatlar, xarici iqtisadi əlaqələrin qurulması və kənd təsərrüfatında aparılan islahatlarla inkişaf yoluna çıxdığını vurğulayır. Ulu Öndər Heydər Əliyevin siyasi nüfuzu və prinsipiallığı sayəsində ərzaq, enerji və digər həyati ehtiyacların təmin olunması, muxtar respublikanın iqtisadi sabitliyinin bərqərar olması, xarici investisiyaların cəlb edilməsi və regional əməkdaşlığın genişləndirilməsi mümkün olmuşdur.
Məqalədə, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətlənməsi, enerji təminatı, yol-nəqliyyat infrastrukturu, sənaye, təhsil və səhiyyə sahələrində həyata keçirilən layihələr ətraflı qeyd olunur. Xüsusilə 2026-cı ilin yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının rezidentlərinin 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, gömrük rüsumlarından azad olunması sahibkarlığın stimullaşdırılması və iqtisadiyyatın inkişafına verilən dövlət dəstəyinin bariz nümunəsi kimi diqqətə çatdırılır.
Müslüm Cabbarzadə məqalədə Naxçıvanın müasir inkişaf perspektivlərini və strateji hədəflərini əhatə edərək vurğulayır ki, regionun əldə etdiyi uğurlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və Prezident İlham Əliyevin davamlı inkişaf strategiyasının nəticəsi olmaqla Naxçıvanın Azərbaycanın strateji, iqtisadi və sosial inkişafında lider rolunu daha da gücləndirir. Məqalə oxuculara muxtar respublikanın gələcək inkişafında möhkəm təməl formalaşdırıldığını, strateji hədəflərin ardıcıl şəkildə reallaşdırıldığını və sahibkarlığın stimullaşdırılması üçün tətbiq olunan vergi güzəştlərinin xüsusi əhəmiyyət kəsb etdiyini çatdırmaq məqsədini daşıyır.

Nəşr edilib : 07.02.2026 11:19