NAXÇIVAN :

23 Avqust 2026, Bazar

Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb

...

Gürcüstan ilə Özbəkistan arasında beynəlxalq avtomobil yük daşımaları üçün rəqəmsal icazə sənədlərinin verilməsi və mübadiləsi sistemi istifadəyə verilib.

"Şərq qapısı" xəbər verir ki, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Quru Nəqliyyatı Agentliyi tərəfindən tətbiq olunan yeni mexanizm daşıyıcılara icazə sənədlərindən tam elektron formatda istifadə etməyə imkan verir.

Agentliyinin direktoru Bakur Mikadze bildirib ki, rəqəmsal icazə sisteminin Özbəkistanla tətbiqinə başlanılması beynəlxalq avtomobil yükdaşımalarının idarə olunmasında müasir standartların formalaşdırılması istiqamətində mühüm addımdır.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Qazaxıstanla analoji sistemlərin uğurla tətbiqindən sonra Özbəkistanın da rəqəmsal formata keçməsi bu prosesin məntiqi davamıdır.

B. Mikadze qeyd edib ki, yeni mexanizm Orta Dəhlizin artan rolu fonunda xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sürətli, təhlükəsiz və rəqəmsal icazə prosedurları dəhlizin rəqabət qabiliyyətinin artırılmasına, yüklərin maneəsiz hərəkətinə və Gürcüstanın Avropa ilə Asiyanı birləşdirən tranzit və logistika əlaqəsi kimi mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.

Agentlik digər tərəfdaş ölkələrlə də mərhələli şəkildə rəqəmsal icazə sisteminə keçməyi planlaşdırır.

Qeyd olunur ki, bu proses yol nəqliyyatı əlaqələrinin gücləndirilməsinə, ticarət və logistika prosedurlarının sadələşdirilməsinə və Gürcüstanın regional tranzit-logistika mərkəzi kimi rolunun daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Nəşr edilib : 23.08.2026 00:27