Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-...
21:06 28.07.2026
0
0
0
NAXÇIVAN :
28 Iyul 2026, Çərşənbə axşamı
Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqa arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci illə müqayisədə 43 faiz artdığı halda, Azərbaycanda bu göstərici cəmi 29 faiz təşkil edirdi. Halbuki respublikanın zəngin təbii və iqtisadi potensialı daha yüksək inkişaf üçün geniş imkanlar yaradırdı. Mövcud imkanlardan səmərəli istifadə olunmaması ölkənin geriləməsinə, işsizliyin artmasına və gənclərin ittifaqın müxtəlif şəhərlərinə üz tutmasına səbəb olmuşdu.
Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə Azərbaycanın iqtisadi və sosial inkişafı ilə yanaşı, təhsil sahəsində də mühüm islahatlar həyata keçirildi. Ulu Öndərin rəhbərliyi dövründə respublikada 100-dən artıq yeni ixtisas açılıb, 6 ali məktəb, 12 orta ixtisas təhsil müəssisəsi yaradılıb. Eyni zamanda keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına şərait yradıldı. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.
Ulu Öndərimiz Heydər Əliyevin həmin dövrdə Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqətçəkən ölkə Prezidenti İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.
1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.
Yeni əsrin yeni lideri olan Prezident cənab İlham Əliyev öz praqmatik və müdrik siyasəti ilə Azərbaycanı daim irəli aparır. Xalqımız ölkə Prezidentinin ətrafında “dəmir yumruq” kimi birləşib. Azərbaycan irəliyə doğru inamla addımlayır. 44 günlük İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm zəfər bunun ən yeni sübutudur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən Azərbaycan, onun rəşadətli Ordusu düşməni torpaqlarımızdan qovdu, üçrəngli bayrağımızı işğal altında olan bütün torpaqlarımızda dalğalandırdı, ərazi bütövlüyümüzü bərpa etdi, Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu. Azərbaycan Prezidenti İlham Əliyev bu Zəfərin memarı, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Qalib Lider kimi adını əbədi olaraq tarixə yazdı. Dahi Öndər Heydər Əliyev Azərbaycan naminə gördüyü işlər bu gün ölkəmizin milli sərhədlərini aşaraq, bütövlükdə, regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülüb, lakin onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
Gülxarə TARVERDİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər