NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

20 Yanvar hadisəsi xalqımızın mübarizə əzminin mühüm göstəricilərindəndir

...

"Məlum olduğu üzrə 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası Azərbaycana qoşun yeridərək qanlı terror aktı törətdi. Həmin hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə əbədi həkk olundu. Elə bu səbəbdəndir ki, zaman keçdikcə Qanlı Yanvar hadisələrinin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar, onların nəticələri, mahiyyəti daha da qətiyyətlə pislənilir. Bu hadisə həm də bir qəhrəmanlıq dastanı, vətənpərvərlik salnaməsidir. Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizə əzminin, dönməz iradəsinin mühüm göstəricilərindəndir".

Bu sözləri "Şərq qapısı"na müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova deyib.

Deputat qeyd edib ki,  20 Yanvar hadisələrinə, geniş mənada, əsl hüquqi-siyasi qiymət Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, bu ağır cinayəti pisləyərək əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham edib. Görkəmli dövlət xadimi Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırıb və aksiyanı törədənlərin məsuliyyətə cəlb olunmasını qətiyyətlə tələb edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında Ümummilli Liderimiz tərəfindən hazırlanan və təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq Yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi.

Xəzəngül Orucova bildirib ki, bu gün öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Azərbaycan xalqın azadlıq mübarizəsinin hədər olmadığını sübut edib. Bütün şəhidlərimizin, o cümlədən də 20 yanvar faciəsi qurbanlarının qisası alınıb.

"Azərbaycanın azadlığı, müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, ehtiramla anılır. Onların qanı bahasına əldə edilən müstəqilliyimizi, ərazi bütövlüyümüzü və suverenliyimizi qorumaq, möhkəmləndirmək üçün harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız bir amal – Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşir və bu birlik bizi daim qələbələrə aparacaq", – deyə deputat əlavə edib.

Nəşr edilib : 19.01.2026 16:23