NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

27 sentyabrdan başlayan Zəfər

...

“2020-ci ilin 27 sentyabr tarixində başlayan İkinci Qarabağ müharibəsi torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsi  ilə nəticələndi.  Prezident İlham Əliyev ölkəmizə  rəhbərlik etdiyi illərdə  bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq  ərazi bütövlüyümüz bərpa edildi.  Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də  Qarabağımızın tacı Şuşanın işğaldan azad olması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən keçirdiyi xoşbəxtlik hissini belə ifadə etmişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel  Dünyamalıyeva deyib.

“Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan  yeni dövrə qədəm qoyub. Bu dövr suverenliyimizin təmin olunduğu 20 sentyabr tarixindən başlayır və yeni hədəflərlə zəngindir. Möhtəşəm Qarabağ Zəfəri Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin vəsiyyətinə əməl edərək və xalqımızın 30 illik torpaq nisgilinə son qoymaqla Azərbaycan dövləti və xalqı üçün yazdığı milli dövlətçilik tariximizin ən şərəfli qürur səhifəsidir. Artıq ölkəmiz üçün yeni reallıqlar, yeni quruculuq, azad edilmiş ərazilərimizin bərpası və inkişaf dövrüdür. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müstəqil dövlətimizin suverenliyinin əsasını təşkil edir. Prezident İlham Əliyev müstəqil Azərbaycan Respublikasına tam dövlət suverenliyi və ərazi bütövlüyü qazandırmış qüdrətli liderdir. Təbii ki, qələbənin əldə edilməsində müasir ordumuzla yanaşı, güclü iqtisadiyyatımız, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan xalqı bir millət olaraq öz varlığını müdafiə etdi. Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

Prezidentin həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, ayrı-ayrı soydaşlarımız Azərbaycan dövləti ətrafında bir yumruq kimi birləşərək möhtəşəm qələbənin əldə olunmasına öz töhfələrini verdilər,” – deyə deputat Aysel Dünyamalıyeva bildirib.

 

Nəşr edilib : 25.09.2025 17:32