NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

5 illik Zəfər salnaməsi

...

Bir əsrdə iki dəfə müstəqilliyə qovuşmağa müvəffəq olmuş xalqımızın dövlətçilik təcrübəsi Şərqdə ilk demokratik respublika qurmağa nail olmaq tarixin yaddaşına əbədi həkk olunmaq deməkdir. 34 il öncə, keşməkeşli XX əsrdə Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını – azadlığını, müstəqilliyini tələb etdi. Ümummilli Liderin dövlətçilik ənənələrini bərpa etmək missiyasını öz üzərinə götürməsi ilə qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yolun əsası qoyuldu.

Bu gün Azərbaycanın dinamik və dayanıqlı inkişafı, müstəqilliyini möhkəmləndirərək yeni strateji zirvələr fəth etməsi Ulu Öndər Heydər Əliyev siyasətini yeni müstəvidə davam etdirən dünyaşöhrətli siyasətçi cənab İlham Əliyevin adı ilə bağlıdır. Ölkə rəhbərinin adı və fəaliyyəti həm daxili, həm də beynəlxalq ictimai rəydə milli tərəqqi anlayışı ilə assosiasiya olunur.

Həm müstəqillik dövrünün, həm də xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifələrindən biri də Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olunmasıdır. Bu, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi Ümummilli Lider Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir.

Qarabağın azad olunması uğrunda 44 gün davam edən müharibədə Azərbaycan Ordusu bütün dünyaya müasir döyüşlərin aparılmasının nümunəsini göstərdi. Yüksək peşəkarlıq və döyüş əzmi göstərən ordumuz, demək olar ki, Ermənistanın bütün hərbi potensialını darmadağın etdi və ya qənimət götürdü. Azərbaycan əsgəri yüksək döyüş əzmi və malik olduğu müasir vasitələrlə Ermənistan ordusunu necə lazımdırsa cəzalandırdı.

Zəfər yürüşündə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, Vətən uğrunda mübarizə necə olur. Hər bir Vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı. İşğaldan azad olunmuş Vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi. İndi Vətənin şəhid övladlarının ruhu şaddır. Çünki hər qarışı üçün şərəflə mübarizə apardıqları, uğrunda canlarından keçdikləri Vətən torpaqları artıq işğaldan azaddır.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi.  Parad qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının qürur və iftixar mənbəyinə çevrildi. Çünki bu həm öz torpaqlarını işğaldan azad edən yenilməz dövlətin qüdrətinin, həm də xalqımızın böyük mübarizə əzminin bütün dünyaya nümayiş etdirilməsi idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Prezident İlham Əliyevin dediyi kimi bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

44 günlük şanlı Zəfər tariximiz haqqında çox danışılacaq, çox kitablar yazılacaq: Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təkbaşına təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz mötəbər qələbədən sonra biz bütün xüsusi günləri ləyaqətlə və qalib xalq kimi qeyd edir və edəcəyik.

Zəfər simvoluna çevrilən Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb olub.

Hələ 2023-cü il avqustun 26-da Azərbaycan Prezidentinin Laçın Şəhəri Günündə çıxışı zamanı səsləndirdiyi: “Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik” fikirləri ilə qələbəyə gedən yolu, bu istiqamətdəki qətiyyətli iradəni və bundan sonrakı proseslərdə Azərbaycana qarşı hansısa bir təsiretmə mexanizmindən istifadə etmək iddiasında olanlara qarşı sərt mövqeyini bir daha xatırladıb.

Prezident cənab İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə – bölgədə güc mərkəzinə, dünya siyasətində qüdrətli və nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. Respublikamızın beynəlxalq təşkilatlarda uğurla təmsil olunması və sədrlik etməsi Azərbaycana, şəxsən cənab İlham Əliyevə olan böyük inamın ifadəsi, güclü, qüdrətli Azərbaycan imici, qürurlu vətəndaş obrazı və qətiyyətli lider imzasıdır. İndi Azərbaycan beynəlxalq aləmdə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv olan və ona rəhbərlik edən, BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında 120 dövlətin dəstəyini alan, bu hərəkata sədrlik edən dövlətdir.

“İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın”, – deyən cənab Prezident işğaldan azad olunmuş bütün ərazilərdə bayrağımızı qaldırdı.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatan İkinci Qarabağ müharibəsi müasir tariximizin Zəfər salnaməsinə çevrildi.  Bu qələbə Azərbaycanı qaliblər sırasına çıxardı, xalqımızı daha da böyütdü və daha güclü etdi.

Məmməd MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 08.11.2025 09:00