Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”nın 2-ci t...
18:46 09.09.2026
0
0
0
NAXÇIVAN :
09 Sentyabr 2026, Çərşənbə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin və Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin birgə təşkilatçılığı ilə Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyinə həsr edilmiş elmi konfrans təşkil olunub. Dünyaşöhrətli alim konfransa onlayn qoşulub.
"Şərq qapısı" xəbər verir ki, konfransı açan akademik İsa Həbibbəyli professor Əziz Səncəri Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə Azərbaycan elmi ictimaiyyəti və AMEA kollektivi adından təbrik edib. O bildirib ki, dövlətimizin başçısının bu təltifi Azərbaycan-Türkiyə elmi əlaqələrinin möhkəmlənməsinə və Azərbaycan elminin dünya elminə inteqrasiyasına mühüm töhfədir. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Əziz Səncərin DNT kodlarının açılması, xüsusən də DNT-nin təmiri kimi dünyada təkrarı olmayan bir elmi istiqamətdə əldə etdiyi elmi kəşflər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Xərçəng xəstəliyinin müalicəsi ilə bağlı müxtəlif metodlar təqdim olunsa da, professor Əziz Səncər yeni elmi istiqamət yaradaraq xəstəliyin biokimyəvi üsullarla müalicəsinə mühüm töhfə verib.
Tədbirdə professor Əziz Səncər çıxış edərək fəaliyyətinə yüksək qiymət verdiyi və onu “Şöhrət” ordeni ilə təltif etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Qarabağın azad edilməsinin Türk dünyası üçün dönüş nöqtəsi olduğunu vurğulayan alim bundan sonrakı əsas vəzifənin elm və sivilizasiya sahəsində qabaqcıl dövlətlərin səviyyəsinə çatmaq olduğunu qeyd edib. O, Türk dünyasının istedadlı gənclərinin elmə yönəldilməsinin, onların təşviq edilməsinin və uşaqlara kiçik yaşlardan elmi düşüncə və araşdırma bacarıqlarının aşılanmasının vacibliyini diqqətə çatdırıb. Əziz Səncər türk dövlətlərinin universitetləri, araşdırma mərkəzləri və alimləri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, elm, təhsil və texnologiya sahəsində əməkdaşlığın inkişafı Türk dünyasının qlobal elmi səviyyəyə yüksəlməsinə imkan verə bilər. Alim Bakıda keçirilən toplantının Türk dünyasında elmi əməkdaşlığın güclənməsinə töhfə verməsini arzulayıb və çıxışını “Tanrı Türkü qorusun!” sözləri ilə yekunlaşdırıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova “Professor Əziz Səncər: həyat yolu, elmi irsi və dünya elminə töhfələri” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir professor Əziz Səncərin zəhməti, iradəsi və vətəninə bağlılığı sayəsində dünya elminin tanınmış simasına çevrildiyini bildirib. O, alimin “Şöhrət” ordeni ilə təltif olunmasını elmə və Türkiyə-Azərbaycan qardaşlığına verilən yüksək qiymət kimi dəyərləndirib.
Konfransda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Musa Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov (onlayn), səhiyyə nazirinin müşaviri Elgün Səmədov və Azərbaycan Tibb Universitetinin prorektoru professor Məlahət Sultanova çıxış edərək professor Əziz Səncərin zəngin elmi fəaliyyətinə, ölkəmizə sevgisinə, habelə Türk dünyasında elmin inkişafı istiqamətində verdiyi tövsiyələrə diqqətə çəkiblər.
Sonda professor Əziz Səncərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Digər xəbərlər