NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb

...

Dənizkənarı Milli Park üç gün ərzində əsl bayram ab-havasına bürünüb. Zeytunçuluq ənənələrini, yerli məhsulları və musiqini bir araya gətirən Zeytun Festivalının son günü də maraqlı təqdimatlar və rəngarəng konsert proqramı ilə yadda qalıb.

"Şərq qapısı" xəbər verir ki, bulvarda qurulan pavilyonlar ziyarətçilərə yerli istehsalçıların təqdim etdiyi zeytun və ondan hazırlanan məhsulların geniş çeşidi ilə tanış olmaq, eləcə də məhsul istehsalçıları ilə birbaşa ünsiyyət qurmaq üçün əla fürsət yaradıb.

Zeytun yığımı mövsümünün pik vaxtına təsadüf edən bu rəngarəng tədbir şəhər sakinlərinə və turislərə əsl payız əhvali-ruhiyyəsi bəxş edib.

Bolluq, bərəkət və sağlamlıq rəmzi olan zeytunla bağlı festival bu sahədə çalışan insanların əməyinə yüksək qiymət verilməsinə və milli ənənələrimizin yaşadılmasına xidmət edir. Əsas məqsəd isə Azərbaycanın qədim zeytunçuluq potensialını dünyaya tanıtmaq, yerli brendləri dəstəkləmək və bu sahədə yeni keyfiyyət standartları formalaşdırmaqdır.

Üç gün ərzində festivalın əyləncə proqramı da bulvarda xoş payız bayramı ovqatı yaradıb. Son gün DJ Kamonun musiqi seçimləri ilə başlayan proqram günorta saatlarında “Wave band” qrupunun çıxışı ilə davam edib. Ardınca Teymur Süleymanbəyli və “Excellent band” qrupu tamaşaçıların qarşısına çıxıblar.

Axşam konsertində Azad Şabanov və Zamiq Hüseynov sevilən mahnılarını səsləndiriblər. Xalq artisti Aygün Kazımovanın çıxışı isə festivalın musiqi proqramına yekun vurub.

Şəhər sakinləri və paytaxtın qonaqları üç gündə həm yerli məhsullarla yaxından tanış olub, həm də açıq havada musiqi dinləyərək ailələri və dostları ilə xoş vaxt keçiriblər.

Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə təşkil olunub.

Nəşr edilib : 25.10.2026 22:38