NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

AMEA əməkdaşlarının “Web of Science” və “Scopus” jurnallarında çap olunan məqalələrinin sayı artıb

...

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında AMEA əməkdaşlarına 2026-cı ilin birinci yarısı üzrə impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi məsələsinə də baxılıb.

Bu barədə AMEA-dan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, son illərdə alim və mütəxəssislərin beynəlxalq elmmetrik bazalarda indekslənən, yüksək reytinqli elmi jurnallarda nəşr fəallığının artırılmasını stimullaşdırmağa hesablanmış məqsədyönlü fəaliyyət nəticəsində impakt faktorlu (“Web of Science” və “Scopus”) jurnallarda çap olunan məqalələrin sayı ötən illərlə müqayisədə xeyli artıb. AMEA rəhbəri mükafatlandırma mexanizminin bu prosesdə alimləri stimullaşdırmaqla yanaşı, onları qlobal elmi informasiya resurslarına və elektron elmmetrik bazalara çıxışa təşviq etdiyini bildirib.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “AMEA əməkdaşlarının 2026-cı ilin birinci yarısında “Web of Science” və “Scopus” bazalarında indekslənən elmi nəşrlərinin vəziyyəti və əsas tendensiyalar” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, 2024-cü ildən start götürən institusional reformalar və tətbiq edilən stimullaşdırma mexanizmləri artıq ölçülə bilən mühüm elmi nəticələrə gətirib çıxarıb.

Sərxan Xavəri vurğulayıb ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2026-cı ilin ilk altı ayında beynəlxalq bazalarda indekslənən elmi işlərin sayında kəskin artım müşahidə olunub. Bu artım yalnız kəmiyyət göstəricisi olmayıb, prosesin institusional miqyasda genişlənməsinin bariz nümunəsidir. Belə ki, beynəlxalq bazalarda təmsil olunan AMEA strukturlarının sayı iki dəfə artıb.

Məruzəçi qeyd edib ki, əldə olunan nəticələr son məqsəd deyil, yeni keyfiyyət mərhələsinin başlanğıcıdır. Qarşıda duran əsas strateji vəzifələr nəşr fəallığının bütün AMEA strukturları üzrə balanslaşdırılması, kvartil və istinad göstəricilərinin yüksəldilməsi, eləcə də beynəlxalq elmi təsirin daha da gücləndirilməsindən ibarətdir.

Rəyasət Heyəti tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının 2026-cı ilin birinci yarısı üzrə “Web of Science” və “Scopus” bazasında indekslənən jurnallarında dərc olunmuş məqalələrinin siyahısı təsdiq edilib və onların hər birinin mükafatlandırılması qərara alınıb.

Nəşr edilib : 18.09.2026 12:29