NAXÇIVAN :

24 Noyabr 2026, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsi əməkdaşlarının kitabları çap olunub

...

2026-cı ilin ikinci yarısında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Naxçıvan araşdırmaları: Dil, Ədəbiyyat (birinci kitab)”, bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvanın dialekt və şivələrində derivatologiya problemləri”, bölmənin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt mühiti: nümunələr, faktlar” kitabları çapdan çıxıb.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” adlı fundamental monoqrafiyada XX əsrin 80-ci illərinin sonlarında başlanan milli oyanış, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, Naxçıvanın blokadadan çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərləri, xüsusilə 44 günlük müharibədə əldə edilən Zəfərdən sonra ölkə başçısının qədim diyara səfəri, muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı verilən fərman və sərəncamların əhəmiyyəti, müəllifin Zəngəzur dəhlizinin açılması ilə bağlı dəyərli fikirləri və sair yer alıb.
AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Naxçıvan araşdırmaları: Dil, Ədəbiyyat” adlı kitabında iki əsas bölmə üzrə müəllifin naxçıvanşünaslığa aid dil və ədəbiyyat mövzusunda araşdırmaları toplanıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın müəllifi olduğu “Naxçıvanın dialekt və şivələrində derivatologiya problemləri” adlı kitabda derivatologiyanın nəzəri əsasları, Naxçıvan dialekt və şivələrinin derivativ imkanları, söz yaradıcılığının müxtəlif üsulları, derivativ vahidlərin yaranma mexanizmləri, eləcə də dialektal leksikanın tarixi və etnolinqvistik xüsusiyyətləri tədqiq edilib.
Filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt mühiti: nümunələr, faktlar” kitabında Naxçıvanın ayrı-ayrı rayon və kəndlərindən toplanmış dialektoloji materialların bir qismi sistemləşdirilərək oxuculara təqdim olunub.
Qeyd edək ki, tədqiqat əsərləri Bakıda “Art Point Reklam” MMC nəşriyyatında çapdan çıxıb və muxtar respublikanın tarixini, ziyalılarının yaradıcılığını, dialekt mühitini dərindən öyrənmək istəyənlər üçün zəngin elmi mənbələrdir.

Nəşr edilib : 24.11.2026 11:28