NAXÇIVAN :

24 Noyabr 2026, Çərşənbə axşamı

Andına sadiq qəhrəman

...

Qapı açılır, içəri daxil oluram. Vətənə əmanət 2 qız övladı – Lalə və İnci ilə qarşılaşır baxışlarımız. Bu gözlərdə nələr var, İlahi! Altı illik ata həsrəti? Yox, daha çox qürur var. “Mən fəxr edirəm ki, şəhid qızıyam”, – deyir mənə bu baxışlar. Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamını xatırladır mənə. Bəli, bu kiçik qızların atası da məhz həmin hisslərlə hərb sənətini seçmişdi. Dahi rəhbərin arzusunu yerinə yetirməyə söz vermişdi. Onun adını daşıyan hərbi liseyə qəbul olunanda. Sonra təhsilini davam etdirib hərbi formanı daşıyan hər bir oğul kimi Vətənin bütövlüyü uğrunda canını əsirgəməyəcəyinə and içmişdi. Zabit mundirini çiynində daşımağa başladığı gündən gecəsi-gündüzü yox idi onun da. Hər an Ali Baş Komandanın “İrəli!” əmrinə hazır idi. Söhbət Naxçıvanın qəhrəman oğullarından biri, Vətən müharibəsi şəhidi, mayor Sadiq Həsənovdan gedir. 
Həyat yoldaşı onu xatırladıqca yollara dikilən baxışlarındakı əbədi sükut dil açır sanki: “Onun seçdiyi sənətə xüsusi sevgisi var idi. Xidməti müqəddəs bilirdi, verilən bütün tapşırıqların öhdəsindən layiqincə gəlirdi. Onun da ən böyük arzusu səngərin o tayında qalan əsir torpaqların azad olunması idi. Aprel döyüşlərində Goranboy rayonunun Ağcakənd qəsəbəsində yerləşən “N” hərbi hissədə xidmət edirdi. Həmin günlərdə qazanılan qələbə hər bir hərbçi kimi onun da sevincinə səbəb olmuşdu. Vətən müharibəsi başlayan gündən döyüş meydanında idi. Oktyabrın 18-nə kimi telefonla əlaqə saxlaya bilirdik. Torpaqlarımızın işğaldan azad edilməsi xəbərini verəndə səsindəki qüruru duymaq məni də sevindirirdi. Son danışığımızda Qubadlı uğrunda döyüşlərin başladığını dedi. 23 gün Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətlərində döyüşür. Oktyabrın 20-də Qubadlının Balasoltanlı kəndində öz əsgərini mənfur düşmən mərmisindən qorumaq üçün özünü onun üzərinə atdı. Beləcə, komandirlik məsuliyyətini ən ali fədakarlıq nümunəsinə çevirdi və şəhidlik zirvəsinə ucaldı. Mayor Sadiq Həsənov son nəfəsinədək Vətənə sədaqət andına sadiq qaldı”.
Sona xanım onu da qeyd edir ki, həyat yoldaşı xidməti dövründə müxtəlif medallarla təltif edilib. Vətən müharibəsində göstərdiyi igidliyə görə isə “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid xanımı minnətdarlıq hissi ilə bildirir ki, ailəsi dövlət qayığısı ilə əhatə olunub, bu ilin avqustunda mənzillə təmin edilib. 
2020-ci ilin 24 oktyabrında qədim Naxçıvan torpağı 12 igid oğlunu bağrına basdı. Torpaq ana qəhrəman oğullarını bağrına basıb, onları dünyaya gətirən analardan halallıq istəyəndə şəhid məzarı başında qürurla dayandı məğrur Azərbaycan qadını. On bir ana öz can parçasını torpağa əmanət edəndə Şövkət ananın ruhu qollarını açıb Sadiqini bağrına basdı. Vətənə sadiq olan övladının alnından öpüb “Südüm sənə halal olsun, kürəyindən vurulmadın”, – dedi. 
Bu gün Həsənovların ocağında iki qız övladı Vətən sevgisi ilə, fəxr hissi ilə böyüyür. Azad, bütöv Azərbaycanın başı dik övladı kimi gələcəyə addım atırlar. Atalarının qanı, canı bahasına ucalan bayrağı qürurla izləyərək, onu hər an yanlarında hiss edərək. Çünki onlar üçün ata yalnız xatirələrdə yaşayan doğma insan deyil, həm də Vətənə sədaqətin, mərdliyin və qəhrəmanlığın canlı nümunəsidir. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 07.11.2026 12:26