NAXÇIVAN :

18 Avqust 2026, Çərşənbə axşamı

Arıçılıq səbir, diqqət və sevgi tələb edən sahədir

...

Ömrünün 40 ilini arıçılığa həsr edən Yusif dayının dedikləri

Arıçılıq faydalı və gəlirli kənd təsərrüfatı sahəsidir. Lakin bu peşə yalnız bir gəlir mənbəyi və ya təsərrüfat işi deyil. Arıçılıq təbiətin sirli dünyasını kəşf etmək, arıların heyrətamiz intizamından dərs almaq və min bir dərənin, dağın ətrini bir damla şəfalı şirəyə sığışdırmaq sənətidir. Əsrlərboyu zəngin florası və rəngarəng iqlimi ilə tanınan Azərbaycanda arıçılıq ulu babalarımızdan miras qalan qədim bir məşğuliyyətdir. Son illərdə arıçılara göstərilən dövlət qayğısı bu qədim sənətə marağı daha da artırıb. Həmçinin arıçılıq sahəsində qəbul olunmuş yeni dövlət standartı layihəsinin tətbiqi də ana arı istehsalında vahid texniki tələblərin müəyyən edilməsinə, yüksəkkeyfiyyətli və məhsuldar ana arıların yetişdirilməsinə, cins və populyasiyaların xarakterik xüsusiyyətlərinin qorunmasına, bioloji göstəricilərin sabit saxlanılmasına, həmçinin istehlakçılara təqdim olunan ana arıların keyfiyyət və etibarlılıq səviyyəsinin artırılmasına xidmət edir.

Təbiətin bu bərəkətli töhfəsi ölkəmizin hər bir tərəfində özünəməxsus çalarlarla zənginləşir. Bu baxımdan, Naxçıvan geoloji relyefi, əlverişli biomüxtəlifliyi və dağlıq zonalarında bitən müalicəvi dərman bitkiləri ilə arıçılıq üçün təbii bir cənnətdir. Burada arıların topladığı nektar təkcə qida deyil, min bir dərdin təbii dərmanına çevrilir. Məhz bu zəngin təbiətin izi ilə budəfəki yolumuzu Kəngərli rayonunun Çalxanqala kəndinə saldıq.

Çalxanqala kəndinə qədəm qoyduğumuz ilk andan bizi qarşılayan o ilıq hava yalnız təbiətin deyil, həm də sakinlərin qonaqpərvərliyinin istisi idi. Vaxtilə Qərbi Azərbaycandan Naxçıvana pənah gətirən soydaşlarımız öz adət-ənənələrini, torpağa və əməyə olan sonsuz sevgilərini Çalxanqalanın dağlıq coğrafiyasında yenidən göyərdiblər. Burada sakinlərin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olsa da, Çalxanqalanın təbiəti arıçılıq üçün əvəzsiz zəmin yaradır. Yerli sakinlər üçün bu sahə, sadəcə, bir iş deyil, təbiətlə insan arasında qurulmuş incə və qırılmaz bir dostluq körpüsüdür.

Bu incə dostluğun və kəndin arıçılıq ənənələrinin canlı şahidi olmaq üçün ömrünün yarısından çoxunu – düz 40 ilini bu işə həsr etmiş 76 yaşlı Yusif Səmədovun evinə qonaq olduq. Qonşu həyətlərdən də səliqə ilə düzülmüş arı yeşikləri görünür, bu kənddə arıçılıq hamının ortaq sevdasıdır deyəsən. Yusif dayı üçün bu fəaliyyət təsadüfi bir seçim olmayıb. O, arıçılığın incəliklərini, arılarla dil tapmağın sirrini hələ gənc yaşlarında Qərbi Azərbaycanda arı saxlayan əmilərindən öyrənib.

Yaşının gətirdiyi yorğunluğa, asta addımlarına baxmayaraq, Yusif dayı söhbət edə-edə bizi arı yeşiklərinə tərəf aparır. Onların yanına yaxınlaşarkən gözlərindəki o böyük sevgini və işinə olan həvəsini görməmək mümkün deyil. Hətta müsahibə əsnasında arılardan biri onu sancsa da, təmkinini pozmur. Görünür illərdir, çəkdiyi bu zəhmətin içində arı sancması onun üçün artıq adi bir hala çevrilib.

Yusif dayı diyircəkli çərçivələrdən birini ehtiyatla yeşikdən qaldırır. Qabarlı, illərin ağır zəhmətini daşıyan o əllərin arıların yanında necə həssas davrandığını görmək insanı valeh edir. Yeşik açılan kimi havanı bürüyən o kəskin, ama ruhu oxşayan təzə bal ətri ətrafa yayılır. Şanıların üzərində dayanmadan çalışan arıların o həzin, intizamlı vızıltısı kəndin sakitliyinə təbiətin öz simfoniyası kimi qovuşur.

İllərin təcrübəsini əks etdirən bu gözəl mənzərə fonunda təcrübəli arıçı bu işin görünməyən incəliklərini böyük bir həvəslə bizimlə bölüşür: “Arıçılıq səbir, diqqət və böyük sevgi tələb edən bir sahədir. Əməyinin bəhrəsini görəndə çəkdiyin bütün əziyyət yadından çıxır, amma, əlbəttə, allergiya və arı sancması kimi çətinlikləri də az deyil. Arı ailələrinə vaxtında, mövsümə uyğun qulluq etmək lazımdır. May ayı gələn kimi arıları yaylaqlara daşıyırıq. Ən çox üstünlük verdiyimiz məkan isə Şahbuzun zümrüd gözü – Batabat yaylaqlarıdır. Oradakı min bir dərdin dərmanı olan çiçəklər arıların həm bol nektar, həm də zəngin çiçək tozu toplamasına şərait yaradır. Bitki örtüyü nə qədər rəngarəng olsa, bal da bir o qədər şəfalı və keyfiyyətli olar. Lakin gözlənilməz hava dəyişiklikləri, ziyanvericilər və xəstəliklər kimi risklər də hər zaman var”.

Yusif dayının da dediyi kimi, arıçının ən böyük dostu da, düşməni də havadır. Təcrübəli arıçının sözlərinə görə, bu il hava şəraiti əlverişli keçdiyindən bol məhsul gözlənilir. Bərəkətli illərdə bir arı yeşiyindən, təxminən, 25-30 kiloqram xalis bal götürmək mümkündür. Yaxın zamanlarda, avqust ayının ortalarından etibarən kənddə səbirsizliklə gözlənilən bal süzümü mövsümü başlayacaq. Yusif dayı və onun kimi zəhmətkeş arıçılar əldə etdikləri bu təbii, müalicəvi balı kənd təsərrüfatı yarmarkalarında satışa çıxararaq alın təri ilə qazanılan ruzilərinin bəhrəsini görəcəklər. Arıların qanadında daşınan bu təbii möcüzə Çalxanqala insanının zəhməti ilə birləşərək süfrələrimizə şirinlik, canımıza isə şəfa bəxş etməyə davam edir.

Səmayə RƏSULOVA

Nəşr edilib : 18.08.2026 15:54