Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar...
12:22 28.10.2026
0
0
0
NAXÇIVAN :
28 Oktyabr 2026, Çərşənbə
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin məlumatlarına əsasən muxtar respublikada əsas kapitala qoyulan vəsait bir ildə, təxminən, 65 milyon manat artaraq 238,2 milyon manata çatıb. Bu vəsaitin 83,3 faizinin tikinti-quraşdırma işlərinə sərf olunması investisiyanın real obyektlərə çevrildiyini göstərir.
Bu gün qoyulan hər manat sabah istehsal gücü, mənzil və infrastruktur kimi geri qayıdır. İnvestisiyaların mənbəyinə baxanda dövlətlə sahibkar arasında yaranan sağlam tərəfdaşlıq aydın görünür. Dövlətin qoyduğu hər 1 manata özəl sektordan, təxminən, 1 manat 36 qəpik əlavə olunub. Deməli, özəl kapital dövlət vəsaitindən daha sürətli böyüyür. Dövlət yolu açır, sahibkar isə həmin yolla getməyə hazır olduğunu öz vəsaiti ilə sübut edir. Biznesin öz pulunu riskə qoyması bölgənin iqtisadi gələcəyinə olan inamın ən etibarlı göstəricisidir. Sərf olunan hər 10 manatın, təxminən, 5-i istehsala, 4-ü mənzil tikintisinə, 1-i xidmət sahələrinə yönəldilib. İstehsala yönəldilən 116,4 milyon manat sabahın məhsulu, ixracı və daimi iş yerləri deməkdir. Mənzil tikintisinə ayrılan 94,7 milyon manat isə yüzlərlə ailə üçün yeni ev, rahat yaşayış şəraiti deməkdir. Bu tikintilər yerli tikinti materialları istehsalına, nəqliyyata, ticarətə də əlavə sifariş yaradır. Xidmət sahələrinə ayrılan 27 milyon manatlıq pay isə turizm, logistika və müasir xidmətlər üçün böyük potensialın hələ qarşıda olduğunu göstərir. Beləliklə, investisiya siyasəti iqtisadi gücün artırılması və insanların həyat keyfiyyətinin yaxşılaşması kimi iki məqsədə eyni anda xidmət edir. Bu gün qoyulan investisiyalar sabahın inkişafına hazırlanan möhkəm təməldir. İnşa edilən istehsal müəssisələri, enerji və su infrastrukturu, yeni yaşayış binaları yaxın illərdə daha geniş istehsal imkanları və daha çox daimi iş yeri deməkdir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün nəzərdə tutulan əlavə tədbirlər, o cümlədən Naxçıvan Sənaye Parkı və sosial mənzil layihələri tikintidən istehsala keçidin əsasını qoyur.
İnvestisiyaların əsl dəyəri təkcə tikilən binaların və quraşdırılan avadanlıqların sayı ilə ölçülmür. Hər bir iqtisadi layihənin son məqsədi insan olduğu üçün qoyulan vəsaitin cəmiyyətə qaytardığı ən mühüm nəticə də məşğulluq sayılır. İnvestisiyanın ötən ilin eyni dövrünə nisbətən 37,4 faiz, yeni iş yerlərinin sayının 59 faiz artması kapitalın daha çox insanı əmək tutumlu sahələrə yönəltdiyini göstərir. İş yerlərinin, təxminən, 85 faizi yeni fəaliyyətə başlayan müəssisələrdə yaranıb. Bu o deməkdir ki, orta hesabla hər yeni müəssisəyə 7 iş yeri düşüb. Yeni iş yeri bir ailə üçün sabit aylıq gəlir, sosial sığorta stajı, gələcək pensiya hüququ deməkdir. Məşğulluq rəqəmlərinə diqqətlə baxanda maraqlı bir məqam üzə çıxır. Özəl sektor investisiyaların 58, yeni iş yerlərinin 69 faizini təmin edib. Deməli, sahibkarın qoyduğu hər manat dövlət vəsaitinə nisbətən daha çox insanın məşğulluğunu yaradıb. Bu isə səmərəliliyin ən sadə və ən inandırıcı ölçüsüdür. Qeyri-dövlət sektorunda açılan iş yerlərinin sayının dövlət sektorundakından 2,3 dəfə çox olması da dövlətin sahibkarlığa göstərdiyi dəstəyin artıq öz bəhrəsini verdiyinin göstəricisidir. Bəzi layihələrin töhfəsi isə xüsusilə nəzərə çarpır.
“Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətində və yeni fəaliyyətə başlayan Naxçıvan Regional Dost Mərkəzində birlikdə 266 iş yeri yaranıb. Bu onu göstərir ki, sosial və ekoloji layihələr şəhərin görkəmini dəyişməklə yüzlərlə insanın məşğulluğunun təmin olunması ilə nəticələnir. Özünüməşğulluq proqramı vasitəsilə aktiv alan 114 nəfərin, təxminən, hər 10 nəfərindən 8-i kənd təsərrüfatını seçib. Bu yolla aztəminatlı ailə istehlakçıdan istehsalçıya çevrilir, kənd isə yeni təsərrüfatlarla canlanır. Deməli, bu gün tikilən hər obyekt sabahın istehsalı, açılan hər iş yeri isə bir ailənin rifahı deməkdir. Doqquz ayın nəticələri göstərir ki, Naxçıvanda investisiya ilə məşğulluq bir-birini tamamlayan, insanı mərkəzə qoyan vahid inkişaf modelinə çevrilib.
Mehriban İMANOVA
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru
Digər xəbərlər