NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Asayişin keşiyində dayananlar 108 yaşında

...

Azərbaycan polisi 108 illik şanlı tarixini bu gün də ləyaqətlə davam etdirir. Polis olmaq, sadəcə, bir peşə deyil, böyük məsuliyyət və yüksək mənəvi keyfiyyət tələb edən şərəfli missiyadır. İnsanların təhlükəsizliyini qorumaq hər zaman həm fiziki, həm də mənəvi güc tələb edib.
1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən hər il iyulun 2-si “Azərbaycan Polisi Günü” kimi qeyd olunur. Bu əlamətdar tarix 1918-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının yaradılmasına dayanır. Bu gün təkcə bir peşə bayramı deyil, həm də polisin dövlətçiliyə sədaqətinin, xalqa xidmət əzminin və peşəkarlığının ifadəsidir.
İlin fəslindən, havanın sərtliyindən asılı olmayaraq, polis əməkdaşları fasiləsiz xidmət aparırlar. İsti yay günlərində də, şaxtalı qış gecələrində də onların əsas məqsədi vətəndaşların rahat və təhlükəsiz həyatını təmin etməkdir.
Gündəlik olaraq əhali ilə birbaşa təmasda olan Post Patrul Xidməti, Mühafizə Polisi və Yol Polisi əməkdaşlarının fəaliyyəti xüsusilə diqqət çəkir. Onlar ictimai asayişin qorunması, hüquqpozmalara operativ müdaxilə, strateji obyektlərin mühafizəsi və yol hərəkətinin təhlükəsiz təşkili kimi mühüm vəzifələri yerinə yetirirlər.
Polis əməkdaşlarının ayıq-sayıqlığı bir çox hallarda təhlükələrin qarşısının vaxtında alınmasına imkan yaradır. Onların fəaliyyəti cəmiyyət üçün bəzən görünməz olsa da, son dərəcə vacibdir. Xüsusilə magistral yollarda xidmət aparan yol polisi əməkdaşları qayda pozuntularını operativ aşkar edir, qəzaların qarşısının alınmasına və hərəkət iştirakçılarının təhlükəsizliyinə mühüm töhfə verirlər.
Peşəkar kadr hazırlığı da hüquq-mühafizə sisteminin əsas dayaqlarından biridir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində müasir tədris metodları, praktiki hazırlıq və texnoloji yeniliklər tətbiq olunmaqla gənc əməkdaşlar peşəkar xidmətə hazırlanırlar. Müasir rabitə sistemləri, müşahidə kameraları və idarəetmə mərkəzləri isə əməliyyat imkanlarını daha da genişləndirib.
Bu gün Azərbaycan polisi dövlətin diqqəti və xalqın etimadı ilə fəaliyyətini uğurla davam etdirir. Sabitliyin və təhlükəsizliyin əsas təminatçılarından olan polis əməkdaşlarının fədakar xidməti sayəsində ölkəmizdə asayiş etibarlı şəkildə qorunur.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 02.07.2026 09:00