NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Asiya İnkişaf Bankı indiyədək Azərbaycanda 160 layihə üzrə 5,6 milyard dollar maliyyə ayırıb

...

Sentyabrın 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan AİB-in Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan ilə AİB arasında tərəfdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, birgə həyata keçirilən layihələr, özəl sektorun inkişafına dəstək, dövlət-özəl tərəfdaşlığı, eləcə də regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Nazir Sahil Babayev uzunmüddətli və etibarlı tərəfdaş kimi Azərbaycanın AİB ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, bank tərəfindən ölkəmizdə maliyyələşdirilən layihələr, göstərilən texniki və maliyyə dəstəyi ölkənin inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycanın AİB-ə üzv olduğu dövrdən etibarən bankla əməkdaşlıq çərçivəsində 160 layihə üzrə ümumilikdə 5,6 milyard ABŞ dolları həcmində maliyyələşdirmə həyata keçirilib.

2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı iqtisadi artımın təmin edilməsində özəl sektorun rolunun gücləndirilməsinin əsas prioritetlərdən olduğu diqqətə çatdırılıb. Bu baxımdan, AİB-in qeyri-suveren əməliyyatlarının genişləndirilməsi, özəl investisiyaların və kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi imkanlarının artırılmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Öz növbəsində, AİB Direktorlar Şurasının üzvləri Azərbaycan ilə Bank arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın əhəmiyyətini qeyd ediblər. Xüsusilə CAREC Proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığın davam etdirilməsi, nəqliyyat, enerji və ticarət sahələrində birgə təşəbbüslərin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin icrası davam edən Azərbaycan Dəmir Yolları Rəqəmsal Transformasiya Layihəsi, eləcə də enerji, nəqliyyat və su sektorlarında AİB ilə birgə hazırlanmaqda olan yeni layihələr müzakirə edilib.

Nəşr edilib : 14.09.2026 13:10