Azərbaycanın özəl sektorunun təmsilçiləri İstanbul...
18:58 01.11.2026
0
0
0
NAXÇIVAN :
01 Noyabr 2026, Bazar
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında yalnız qazanılan Zəfərlə deyil, bu qələbəyə aparan yolda göstərilən qəhrəmanlıq və fədakarlıqla, şəhidlərimizin əziz xatirəsi ilə də yaşayacaq. 2020-ci ildə Azərbaycan Ordusunun əsgər və zabitləri illərdir, həsrətində olduğumuz torpaqların azadlığı uğrunda döyüşə atıldılar. Hər qarış torpaq uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Bu gün Qarabağın azadlığı ilə nəticələnən Zəfərin arxasında minlərlə hərbçinin keçdiyi çətin və şərəfli döyüş yolu dayanır.
Həmin döyüş yolunun izlərini ömrünün sonuna qədər daşıyacaq insanlardan biri də qazi Sahib Əbülfəzlidir. Onun üçün hərbçi olmaq, sadəcə, peşə deyil, Vətənə xidmətin və üzərinə götürdüyü məsuliyyətin ifadəsidir. Uşaqlıqdan seçdiyi bu yol onu hərbi təhsilə, daha sonra Azərbaycan Ordusunun sıralarına və 2020-ci ildə Qarabağın azadlığı uğrunda döyüşlərə aparıb.
Sahib Əbülfəzli 1997-ci il dekabrın 1-də Culfa rayonunun Yaycı kəndində anadan olub. Hərb sənətinə marağı onu 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə gətirib. Burada aldığı təhsil gələcək zabit kimi formalaşmasında mühüm rol oynayıb. 2015-ci ildə liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsilini davam etdirib. Ali hərbi təhsilini başa vuraraq 2019-cu ildən Vətənə xidmətə başlayıb.
Xidmətinin ilk illərində taqım komandiri vəzifəsində çalışan Sahib Əbülfəzli sonralar bölük komandiri vəzifəsinədək yüksəlib. Komandir kimi fəaliyyəti isə ona yalnız şəxsi məsuliyyət deyil, tabeliyindəki hər bir hərbçinin həyatına görə cavabdehlik də yükləyib. Bu baxımdan, 2020-ci il onun hərbi xidmətində ən şərəfli mərhələlərdən biri olub.
Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Sahib Əbülfəzli Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa istiqamətlərində vuruşub. Döyüş yolu onu Şuşaya qədər gətirib. Şəhərin azadlığı uğrunda gedən ağır döyüşlər zamanı yaralanan zabiti döyüş meydanından silahdaşları çıxarıblar. Bu hadisə onun həyatında yeni mərhələnin başlanğıcı olsa da, həmin günlərdə yaşananlar, xüsusilə silahdaşlarının fədakarlığı və döyüşçülər arasındakı birlik hissi yaddaşında əbədi iz buraxıb.
Sahib Əbülfəzlinin keçdiyi döyüş yolu dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Müharibədən sonra hərbi sahədə qazandığı təcrübəni başqa istiqamətdə davam etdirən qazi hazırda Müdafiə Sənayesi Nazirliyində çalışır. O burada bilik və bacarığını ölkəmizin müdafiə imkanlarının daha da gücləndirilməsinə yönəldir. Bu yaxınlarda Bakıda keçirilən “ADEX” sərgisində “SƏDA” adlı layihəsi ilə iştirak etməsi də onun bu istiqamətdə fəaliyyətinin göstəricisidir.
Kamera və monitordan ibarət olan “SƏDA” silahın üzərinə bərkidilir və əsgərə maneənin arxasında gizlənən düşməni özünü təhlükəyə atmadan müşahidə etmək imkanı yaradır. Kamera vasitəsilə əldə olunan görüntülər monitora ötürülür, monitor isə kaskaya yerləşdirilə bilir. Beləliklə, əsgər başını maneənin arxasından çıxarmadan ərazini izləyə, gizlənən düşmənin, o cümlədən snayperin yerini müəyyənləşdirə bilir. Kamera silahın üzərindəki nişangahın xüsusiyyətlərindən asılı olaraq gecə və gündüz görüntülərini monitora ötürür. Qurğunun digər üstünlüyü isə kamera ilə monitor arasındakı əlaqənin dalğa qırıcı vasitələrlə belə kəsilməməsidir. İxtiranın əsas məqsədi döyüş zamanı əsgərlərin təhlükəsizliyini artırmaq və düşmənin yerini müəyyənləşdirməyi asanlaşdırmaqdır.
Beləliklə, bir vaxtlar döyüş meydanında Vətənin müdafiəsi uğrunda mübarizə aparan zabit bu gün hərbi sahədə qazandığı təcrübəni yeni texnologiyaların yaradılmasına yönəldərək müdafiə sənayesinin inkişafına töhfə verir.
Dövlətin müharibə iştirakçılarına və qazilərə göstərdiyi diqqət və qayğı Sahib Əbülfəzlinin həyatında da öz əksini tapıb. O, mənzil və avtomobillə təmin olunub. Qazinin sözlərinə görə, bu dəstək müharibə iştirakçıları və qazilər üçün həm sosial, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Bu gün iki övlad atası olan qazi həm müdafiə sənayesi sahəsində fəaliyyətini davam etdirir, həm də qazandığı təcrübənin gələcək nəsillərə ötürülməsini vacib hesab edir.
Onun həyat yolu bir daha göstərir ki, Vətənə xidmət yalnız döyüş meydanında göstərilən şücaətlə məhdudlaşmır. Bu xidmət sonrakı illərdə də bilik, bacarıq və məsuliyyətlə davam edir. Azad Vətənin hər qarışında yazılan qəhrəmanlıq dastanları da məhz belə insanların şərəfli ömür yolu ilə yaşayır.
Zəhra VƏLİYEVA
Digər xəbərlər